ABŞ erməni “kartı”nı isə saldı - Türkiyəyə qarşı rüsvayçı qərarlar

Baxış sayı:
7297

Nümayəndələr Palatası qardaş dövlət əleyhinə ədalətsiz sənədlər qəbul etdi; Bakıdan etiraz; İrəvanda isə eyforiya yaşanır...

Oktyabrın 29-da ABŞ Konqresinin Nümayəndələr Palatası saxta “erməni soyqırımı”nı tanıyan qətnamə qəbul edib. Nümayəndələr Palatası Türkiyəyə qarşı “Sülh bulağı” əməliyyatı və Rusiyadan S-400-lərin alması ilə bağlı sanksiyaların tətbiqi haqqında qanun layihəsini də təsdiqləyib. Layihəyə əsasən, yüksək çinli türk məmurlara, o cümlədən milli müdafiə naziri Hulusi Akar və “Xalq Bank”a qarşı sanksiya tətbiq edilməlidir. Üstəlik, layihədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ailəsinin aktivlərinin öyrənilməsi haqqında bənd də yer alıb. Sanksiya qanununun qüvvəyə minməsi üçün onu Senat və prezident təsdiqləməlidir.

Gözlənildiyi kimi, Ermənistanda tanınma qərarı məmnunluqla qarşılanıb. Türkiyə Xarici İşlər Nazirliyi isə layihəni kəskin tənqid edib və bunun NATO, eləcə də ABŞ-la Türkiyə arasındakı Suriya razılaşmasının ruhuna zidd olduğunu bəyan edib. Türkiyə xarici işlər naziri Mövlud  Çavuşoğlu öz növbəsində saxta soyqırımla bağlı qərarı haqlı olaraq rüsvayçı, iki ölkə münasibətlərinə zərbə vuracaq siyasi qərar adlandırıb.

*****

Ən absurdu odur ki, qanun layihəsində Türkiyə Suriyaya hərbi müdaxilədə qınanır. Halbuki ABŞ-ın özü Türkiyədən xeyli qabaq Suriyaya girib - rəsmi Dəməşqin razılığı olmadan. Uydurma genosidin tanınmasına gəlincə, qətnamədə qərarın hüququ anlam və məcburi xarakter daşımadığı vurğulanır. Yəni sadəcə, Türkiyədən qisas almaq, onu dünyada gözdən salmaq cəhdi.

nümayəndələr palatası ile ilgili görsel sonucu

Bir daha aydın oldu ki, hətta ABŞ timsalında NATO üzvü müttəfiq Türkiyənin regionda və dünyada güclənməsini həzm edə bilmir. Ancaq qədim Şərq məsəlində deyildiyi kimi, “İt hürər, karvan keçər”. Qardaş ölkə bu kimi cılız və haqsız “sanksiyalar” və saxta soyqırım tanınmasından sarsılacaq qədər zəif, əfəl dövlət deyil.

Ermənilərin sevinci də yersizdir. Əksinə, onlar narahat olmalıdırlar ki, böyük güclər onlardan, onların uydurma iddialarından alət kimi istifadə etməkdə davam edirlər və onları heç də erməni xalqının yox, ilk növbədə özlərinin mənafeyi düşündürür. Bu məqsədlə də “erməni kartı”ndan məharətlə istifadə edirlər - istər ABŞ olsun, istərsə də Rusiya.

türkiye ermeni soykırımı ile ilgili görsel sonucu

Ona qalsa, Rusiya çoxdan qondarma “genosidi” tanıyıb. Ancaq bu, Moskva və Ankaraya hərbi əməkdaşlıq da daxil, münasibətləri ən yüksək səviyyəyə qaldırmağa mane olmur. Böyük ehtimalla, Nümayəndələr Palatasının tanıma qərarı da kağız üzərində qalacaq. Çünki ABŞ üçün Türkiyə böyük bir strateji regionda vaxt vaz keçilməz tərəfdaş ölkədir. ABŞ və NATO üçün Türkiyəni itirmək, faktiki, zəngin neft-qaz ehtiyatları olan regionu itirmək demək olar. Həm də o səbəbə ki, bu, Ankara-Moskva (perspektivdə Ankara-Moskva-Pekin) müttəfiqliyini görünməmiş səviyyəyə qaldırar. Bu üzdən çətin ki, Senat və prezident Donald Tramp bu avantüraya dəstək versin. Verərsə belə, pislik böyük ölçüdə elə Amerikanın özünə qalacaq.

*****

nümayəndələr palatası ile ilgili görsel sonucu

Onu da qeyd edək ki, Ağ Ev administrasiyası, bütövlükdə ABŞ daim İrəvana belə siqnallar göndərir ki, - Trapmın Paşinyana baş nazirliklə bağlı təbrik məktubunda da eyni mövqe yer alıb, - Ermənistan inkişaf etmək istəyirsə, ilk növbədə öz qonşuları Türkiyə və Azərbaycanla əlaqələri tezliklə normallaşdırmalıdır. Məsələ də ondadır ki, Nümayəndələr Palatasının “soyqırım” qərarı Türkiyə-Ermənistan münasibətlərini bir az da gərginləşdirəcək, nəinki yumşaldacaq. Çünki “dütdülü”dən sevincək olan ermənilər türklərə qarşı bundan sonra daha aqressiv və qərəzli mövqe tutacaqlar.

Bir daha vurğulayaq ki, bu qərarlar qətiyyən erməni və ya kürd sevgisinə görə verilməyib. Buradaca onu da qeyd edək ki, “demokratik Ermənistan”ın yeni rəhbəri Nikol Paşinyanın israrlı cəhdlərinə rəğmən, ABŞ “məxməri inqilab”dan keçən ilyarımda nə ona diqqət göstərib və Ağ Evə dəvət edib, nə də Ermənistana ciddi maliyyə ayırıb. Əksinə, ötən müddətdə Konqres Ermənistana illik maliyyə dəstəyi azaldıb, Azərbaycana isə qat-qat artırıb (100 milyon dollar). Amerikadakı erməni lobbisi belə güclü idisə, bu məsələlərdə uğur əldə edərdi. Bundan əlavə, cari ilin əvvəllərində ABŞ Dövlət Departamenti Paşinyan hökumətini Rusiya hərbi kontingenti tərkibində Suriyaya humanitar missiya göndərdiyi üçün sərt şəkildə tənqid edən bəyanat yaymış, rəsmi İrəvanı “qaniçən Bəşər Əsəd rejiminə və Rusiyaya dəstək”də suçlamışdı.

nümayəndələr palatası ile ilgili görsel sonucu

Bu faktlar bir daha onu təsdiqləyir ki, Nümayəndələr Palatasının üzdəniraq “soyqırım” və sanksiyalar haqda qəbul elədiyi sənədlər əsla erməniləri və ya kürdləri qorumaq məramı ilə yox, məhz Türkiyəyə təzyiq göstərib onu sözəbaxan eləmək istəyi ilə, birdə Suriyada ABŞ-ın uğursuzluğunu kompensasiya eləmək cəhdi ilə birbaşa bağlıdır.                            

*****

Nümayəndələr  Palatasının Türkiyə əleyhinə haqsız və ədalətsiz qərarları Bakıda da etiraz doğurub.

“Nümayəndələr Palatasının Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı qəbul etdiyi qətnamə açıq siyasi xarakter daşıyır və tarixi araşdırmalara, xüsusilə müasir Türkiyədə Birinci Dünya müharibəsi zamanı ermənilərin köçürülməsi ilə bağlı tədqiqatlara, üstəlik, Ermənistanla Türkiyə arasında hər hansı dialoqa töhfə verməyəcək”.

Fərid Şəfiyev ile ilgili görsel sonucu

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev deyib (Axar.az).

Onun sözlərinə görə, Türkiyənin Suriyada apardığı hərbi əməliyyatlarla yanaşı, ABŞ-ın Ankaraya qarşı elan etdiyi sanksiyalar zamanı belə bir qərarın qəbulu qətnamənin geosiyasi xarakterini daha çox vurğulayır və hadisələrin tarixi məzmununu pozur: “Ümumilikdə, bu, bir daha göstərir ki, ABŞ-ın xarici siyasəti bir tərəfdən getdikcə daha çox Vaşinqtondakı etno-milliyyətçi lobbidən asılı vəziyyət düşür, digər tərəfdən, dayanıqsız və müvəqqəti olur. Bu, qismən onun nəticəsidir ki, son 30 ildə ABŞ-ın daxili siyasətindəki əsas oyunçular, müvafiq olaraq, Respublikaçılar Partiyası dini, Demokratlar Partiyası isə etnomilliyyətçi faktorların təsiri altına düşüb və fikrimcə, bu, ABŞ-ın uzunmüddətli milli maraqlarına və ümumilikdə, demokratiyanın prinsiplərinə ziddir. Qətnamənin xarici siyasi mahiyyətinə baxdıqda, demək olar ki, bu, ABŞ-la Türkiyə arasında pisləşən müttəfiq münasibətlərinə xələl gətirəcək və ən əsası ABŞ-ın regionda apardığı gələcəyə hesablanmayan, qeyri-sabit siyasətin nümunəsi olacaq. Tarixi kontekstə gəldikdə isə ümumilikdə, digər qitə haqqında heç bir peşəkar tarixi təhsilə malik olmayan siyasətçilərin tamamilə elmi yanaşma tələb edən məsələ ilə bağlı qərar qəbul etməsi absurddur”.//musavat