Yazda əkinçi, qışda dilənçi – “ÖLƏN TƏKCƏ TORPAQ DEYİL...”

Baxış sayı:
12700

Azərbaycanın analoqu olmayan inkişafından danışan məmurlarımızdan fərqli olaraq, sadə vətəndaşların iqtisadi durumu hər gün pisləşməkdə davam edir. Hakimiyyət kreslolarında oturanlar isə özlərinin gəlirlərinin yüksək olduğuna gorə, bu vəziyyəti utanıb-cəkinmədən camaatın adından danışmaqdan həzz alırlar.
Analoqu olmayan inkişafdan danışanda, bu yalanları dinləyən olsa, ətrafda baş verən rəzalətin, saxtakarlığın, rüşvətxorluğun, məmur özbaşnalığının şiddətinə baxıb ya gözlərinin yaxşı görmədiyinə, ya da qulaqlarının normal eşitmədiyinə inana bilərlər. Bir qədər düşündükdən sonra istər-istəməz insanların sifətində ya həqiqət, ya da nifrət, qəzəb ifadələri yaranır. Belə bir zamanda milləti kor hesab edib, öz telekanalları vasitəsilə, eləcə də qəzetlərində iyrənc doğuran əməlləri inkişaf kimi millətə sırımağa calışırlar.
Rayonların sosial-iqtisadi inkişafı üçün ayrılan pulların parkların salınması, mərkəzi küçələrin asfatlanması kimi işlərə “sərf” olunduğu, bu vəsaitlərin əsas hissəsinin şəxsi ciblərə axdığını hər kəs bilir. “Regionların sosial iqtisadi inkişafı  Dövlət Proqramı” yalnız və yalnız icra başçılarının işinə yarıyır, iş yerləri barədə verilən hesabatlar alladıcı rəqəmlərdən ibarətdir. Reallıqda isə rayonların əhalisi işsızlikdən bezar olub, müxtəlif qumar oyunlarına və ya müxtəlif oğurluqlara qurşanır. Xususilə Biləsuvar rayonunda belədir.
Rayon əhalisinin, kənd camaatının da gumanı qalır: əkilən, biçilən, yığılan məhsula, bu da göz qabağındadır. Hər il ət, yağ, meyvə-tərəvəz daha baha qiymətə alınır. Artım bəzən diaqonal silsiləsini xatırladır. 3-4 il əvvəl ət 6-7 manata, indi 11-13 manata, meyvə-tərəvəz də beləcə günbəgün qalxır.
Bu gün əkinçiyə 1 ha sahəyə taxıl əkmək fantastık qiymətə başa gəlir. Şum 1ha-sı 30-35 manat, mala çəkilməsi 25manat, səpin aparılması 30 manat, taxılın biçilməsi və daşınması 75-80 manata başa gəlir. Sonda 1 ha əkin sahəsindən 20-25 sentnerdən artıq taxıl götürmək olmur. Yaxud pambıq əkilib-beçərilməsinə 800-900 manat vəsait sərf etmək tələb olunur. Biləsuvar rayonunda suvarılma sisteminin bərbad olması və rayonda su qıtlığının olması qabarıq görünür və bu sahənin səmərəsız olduğu gün kimi aydındır. Pambıq əkən əkinçi onu istədi-istəmədi 55-60 qəpiyə satmağa məcburdur.
Bir neçə il öncə “Regionların sosial-iqtisadı inkişaf proqramı” adı ilə bir reklam çarxı işə salındı. İlk baxışdan hiss olunurdu ki, onun hər cümləsi xəyali eyforiya ilə bəzədilmiş dekorasiyadır. İndi yada düşmür, çünki ortaya qoyulan statistik rəqəmlər tam başqa bir mənzərə yaradır. Üz qızardan nə varsa, onun üstündən sükutla keçmək də artıq vərdışə dönüb.
Sovet dönəmi dağılandan sonra SSRİ məkanında torpaqların özəlləşdirilməsi ilə öyünən hakimiyyət böyük yanlışlığa yol verdi. Torpaqların əsas hissəsi məmurların əlinə keçdi. Dövlət ehtiyyat torpaqları necə gəldi satıldı, təyinatları pozuldu, məmurların monopoliyasında olan dövlət ehtiyyat sahələri balıq saxlama göllərinə (dambalarına) çevrildi. Meşə zolaqları, örüş yerləri kəndlilərin əlindən alındı. Hətta kolxozların torpaq sahələri qeyri-leqal yollarla məmurların xeyrinə, dövlət ehtiyyat torpaqlarına qatıldı və məqsəd də kəndliyə, adambaşına veriləsi pay norması azaltmaq idi... Bələdiyyələrə verilmiş torpaq sahələri də “babam mənə kor dedi, hər kəsənə vur dedi” prinsipi ilə necə gəldi talandı və bu gün də bu talançılıq aqresiv formada davam edir.
Kəndli demək olar ki, torpaq sahibi ola bilmədi, qismən kəndlinin əkib-becərdiyi məhsulları qədir-qiymətə mindirən strukturlar isə talan edildi. Üstəlik, keçmişə söykənən idarəçilik də ağır bir yük kimi kəndlinin boynuna çökdü. Dövlətin kəndliyə qayğısı kimi hay-həşir salan supsidiyalar isə ən səffaf rüşvət şəbəkəsinin çiçəklənməsinə yol açdı. Bu yardımlar yerli icra strukturlarının ən etibarlı gəlir mənbəyidir. Əli hər yandan üzülən, “yazda əkinçi, qışda dilənci” olanlar isə hər hektara bölünən 40 manatı almaq üçün bütün sövdələşmələrə razılaşdırılır.

Söylədiyimiz yerli-yataqlı arqumetlərdən göründüyü kimi, kəndli belə ağır şəraitdə yaşayır. Təəccüblü və dözülməz haldır ki, hömətli deputatımız Ziyad Səmədzadə kəndlini vergiyə cəlb etməyi təklif edir. Görəsən Xəzər dənizini hasarlayıb villalar tikənlərdən əmlak vergisi alınırmı? Şah saraylarının kommunal xərclərini ödəyirlərmi? Bəs nədən belə küllü miqdarda qaz, elektrik enerjisinin itkisi yaranır? Ən azından bizim Biləsuvar rayonunda bu qabarıq görünür. Nədənsə hüquq-muhafizə orqanları bu məsələ ilə məşğul olmur!
Yerində olmayan məmurlar kənd təsərrüfatındakı tənəzzülü müxtəlif bəhanələrlə əsaslandımağa çalışırlar. Əsas arqument də “kənd təsərrüfatı gəlirli sahə deyil” və sair. Bu deyilənlərin həqiqət olmadığına sübutlar istənilən qədərdir. Götürək elə Hollandiyanı. Ərazisi Azərbaycanın yarsı (41,5min kv km) qədərdir, əhalisi az qala bizdən 2 dəfə (17 milyon nəfər) çoxdur, ancaq bu ölkənin təkcə kənd təsərrüfatından əldə etdiyi gəlir, bizim neftdən əldə etdiyimiz qazancdan çoxdur.
Bir vaxtlar ölkəmizin yeraltı, yerüstü sərvətlərinin sahıbi biz deyildik, bütün gəlirlər Moskvaya axırdı. Azərbaycan rəhbərliyinin ən çox öyündüyü, güvəndiyi isə kənd təsərrüfatlndakı rəqəmlər idi. Hər il az qala 1milyon ton pambıq, 1,5milyon ton üzüm yığırdıq. Bütün pripiskalara göz yumsaq, bunun 60-70 % həqiqəti əks etdirirdi.
Mənim yaşıdlarım bircə mənzərəni göz önünə gətirsələr yetər: bir vaxtlar respublikanın hansı səmtinə üz tutsan, üzümlüklər, dalğalanan taxıl zəmiləri, ağappaq örpəyə bürünən pambıq sahələri göz oxşayırdı. Nədən heç olmasa, pis keçmiş bu hay-küyçü hakimiyyət üçün örnək olmur? Az-çox düşünənlər bilər, ölən təkcə torpaq deyil, minillik qan yaddaşımız, qədim kəndlərimiz, ellərimiz, obalarımız xarabalığa dönür. Biz isə bu xarabalıqda bayquşların  ucuz sövdələşməsinə qulaq asırıq.
Xalqın sərvətlərini talamaqla öz güzaranlarını istədikləri kimi quran məmurların nə vecinə ki, millət necə yaşayır. Onların ən əsas vəzifəsi bu təminatı onlara verən hakimiyyəti qorumaq(dükan toz olanda xarici olkələrdəki əmlaklarına yiyələnmək). Milləti isə qoy Allah qorusun!             
                                   

Əlizadə Nəhmədağaoğlu