ƏMƏK BAZARINDA “KÖLƏLİK” SİYASƏTİ - İşçilər quldarlıq dövründə olduğu kimi həftədə 60-70 saat çalışdırılır…

Baxış sayı:
12476

Oxucumuz İlkin Məmmədkərimov tərəfindən qəzetimizin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən narazılığını bildirir:

“Bildiyiniz kimi, Əmək Məcəlləsinə görə ölkədə həftəlik 5 gün olmaqla, 40 saatlıq iş rejimi tətbiq olunur. Ancaq bu günədək bu qanun yalnız kağız üzərindədir. Belə ki, Əmək Məcəlləsinin pozulması adi hal alıb. İstər özəl, istər də dövlət müəssisələrində gündəlik 10-12 saat, həftəlik 6 gün iş qrafiki ilə işçilər çalışdırılır. Supermarketlər, geyim mağazalarında isə bir neçə işçinin işini bir işçiyə gördürülməsi və az qala bir sutka çalışdırılması heç kimə sirr deyil. Əmək bazarında bu biabırçı vəziyyət, yəni "köləlik" siyasətinin adi hal alması dəfələrlə mediada ictimailəşdirilsə də, təssüfki, dəyişən heç nə yoxdur.

Bildiyiniz kimi, ölkələr bir-birinin ardınca 4 günlük iş rejiminə keçirlər. Yəni həftənin yarısını işləyib, yarısını istirahət edirlər. Bizdə nəinki 4 günlük iş rejiminin tətbiqindən söhbət getmir, heç 5 günlük, 40 saatlıq iş həftəsi belə tətbiq edilmir. İşçilər quldarlıq dövründəymiş kimi həftəlik 60-70 saat çalışdırılır.

Məlumata əsasaən, artıq dünyanın 48 ölkəsi 4 günlük iş rejiminə keçib. Qərb ölkələrindən başqa, keçmis Sovetlər Birliyi ölkələri də artıq 4 günlük iş rejiminə keçirlər. Bu ilin iyul ayında Qazaxıstan 4 günlük iş rejiminə keçdi. 1 yanvar 2024-cu ildən etibarən Moldova da 4 günlük iş rejiminə keçəcək. Artıq Gürcüstan, Özbəkistan kimi ölkələrdə də 4 günlük iş rejiminə keçid etməyi müzakirə edirlər. Bizdə isə Dövlət Əmək Müffətişliyi deyir ki, 5-6 ildir hökümətin qərarı ilə sahibkarlığa dəstək məqsədi ilə dövlət qurumları müəssisələrdə yoxlamaları dayandırıb. Əlavə edirlər ki, vətəndaş çalışdığı iş yerində istismar edilirsə, rəsmi olaraq bizə müraciət etsin və biz də qanunvericiliyə uyğun olaraq həmin işəgötürəni cərimələyək.

Yəni ortalama 400-450 manat maaş alan şəxs öz işini itirməyi gözə alaraq Dövlət Əmək Müffətişliyinə şikayət edəcəkmiş. Dövlət Əmək Müffətişliyi həmin işəgötürəni cərimə edəcək, həmin işçi isə ən "yaxşı" halda işdən çıxarılacaq, ən pis halda isə maddə ilə, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə işdən çıxarılıb və bu maddə ilə heç vaxt, heç yerdə işə götürülməyəcək.

İş vaxtından artıq iş ( overtime) – Nüsrət Xəlilov – İnsan resursları üzrə ekspert

Onsuz da ölkədə iş tapmaq asan deyil və işçilər də işdən çıxarılmaq qorxusundan Dövlət Əmək Müffətişliyinə şikayət edə bilmir və kölə kimi çalışdırılmağa razı olurlar. Sonucda “vətəndaşları işlə təmin etməyə dövlət borclu deyil”,- deyən bir nazirlikdən və nazirdən danışırıq.

Ölkədəki quldarlıq rejimi Beynəlxalq Əmək Təşkilatının da hesabatlarında da yer alır. Belə ki, təşkilatın 2022-ci il hesabatına görə, Azərbaycan işçilərin ən çox çalışdırıldığı ölkələr siyahısındadır və təşkilatın hesabatına əsasən, ölkədə 100 mindən çox müasir kölə var.

Beynəlxalq Əmək Təşkilatından başqa, “Amnesty International”, “Human Rights Watch” kimi İnsan Haqları izləmə təşkilatlarının hesabatlarına görə də ölkəmiz işçilərin ən çox çalışdırıldığı və ən çox işçi ölümlərinin qeydə alındığı körfəz ölkələri BƏƏ, Qətər kimi ölkələrlə eyni siyahıda yer alır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hətta Dövlət Məşğulluq Agentliyi vasitəsi ilə şirkətlərlə əməkdaşlıq edir, vətəndaşlara "iş" təklif edir. Supermarketlər şəbəkəsi olan bu şirkətlərdə işçilər az qala bir sutka çalışdırılmağa dözə bilməyib işdən çıxırlar və bu şirkətlər həmişə işçi axtarışındadır. Yəni “işimiz Allaha qalıb” demək istərdim, amma, görünür, Allah da bizdən imtina edib”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Aidiyyəti rəsmi qurumların mövqeyini dərc etməyə hazırıq.