Yaxşı ata olmaq üçün bunları etdinizmi... - ŞOK ARAŞDIRMA

Baxış sayı:
309

Keçmişdə uşaq inkişafı ilə bağlı araşdırmalarda adətən ataların adı keçməyib. Lakin yeni tədqiqatlar göstərir ki, uşaqların davranışı, xoşbəxtliyi və hətta idrakı bacarıqlarında, ata həlledici rol oynayır.

BBC xəbər verir ki, Mərkəzi Afrika Respublikasında Aka qəbiləsinin qadınları ovda ikən uşaqların qayğısına kişilər qalır.

Onlar körpələri sakitləşdirir, təmizləyir və onlarla oynayırlar və başqa heç bir cəmiyyətdə olmadığı qədər övladlarını qucaqlarında saxlayırlar.

Bu sədaqət onlara internetdə "dünyanın ən yaxşı ataları" titulunu qazandırıb.

"Yaxşı ata" anlayışı əsrdən-əsrə dəyişən bir məfhumdur.

İndiki atalar həssas, qayğıkeş və övladları üçün hər şeyə hazır kimi qiymətləndirirlər.

Araşdırma elminin bu inkişaf edən qolu, valideynlik və gender ilə bağlı ideyaların nə qədər şərti olduğunu göstərir və körpələr doğulduğu andan ataların uşaqların həyatına necə təsir etdiyi ilə bağlı ənənəvi yanaşmanı darmadağın edir.

Bu əslində heyrətamiz nəticədir, çünki 1970-ci illərə qədər uşaqların inkişafında ataların rolu qətiyyən araşdırılmayıb.

Fuad Kuyali övladları Mazin və Culi üçün Suriyanın Hələb şəhərindən köçüb gəldikləri Dubaydakı evlərində kitab oxuyurFuad Kuyali övladları Mazin və Culi üçün Suriyanın Hələb şəhərindən köçüb gəldikləri Dubaydakı evlərində kitab oxuyur

Onların ən vacib işi, övlad üçün emosional lövbər rolunu oynayan ananı maddi mənada təmin etmək olub.

"Əsas diqqət analarla uşaqların münasibətinin əhəmiyyətinə yönəldiyi üçün digər sosial münasibətlər haqqında çox az düşünülüb," 1970-ci illərdən bəri atalar üzərində araşdırma aparan Cambridge universitetindən psixoloq Michael Lamb deyir.

"Bu sosial münasibətlərin ən əyani olanı isə ata-uşaq arasındakı əlaqə idi. O əlaqə ki, uşaqlar böyüdükcə daha mühüm sayılmağa başlansa da, ana-uşaq münasibətindən sonra ikinci qəbul olunub."

Və ya yeni atalar və ailə münasibətləri üzrə bir sıra araşdırmaların müəllifi Amsterdamın Vrije universitetindən Marian Bakermans-Kranenburg-un dediyi kimi: "Valideynlərin yarısı atalardır. Bununla belə, valideynliklə bağlı araşdırmaların 99%-i analar üzərində cəmlənib."

Artıq yeni araşdırmalar uşaqların sosial dünyalarının əvvəlki düşüncələrin əksində daha zəngin və mürəkkəb olduğunu göstərir.

İndi diqqət önünə çəkilən təkcə atalar deyil. Nənə-babalar, həmcins valideynlər, ögey valideynlər və tək valideynlər də araşdırmaçıların uşaq inkişafı üzrə işinə böyük kömək olur.

"45 ildir irəli sürməyə çalışdığım arqumentin bir hissəsi, çoxsaylı faktorların olduğunu göstərmək idi," Lamb deyir.

"Biz onların əhəmiyyətindəki müxtəlifliyi anlamaq istəyirik, amma eləcə də - nə qədər klişe səslənsə də - uşaqların inkişafını formalaşdıran mühüm münasibətlərinin sayının çoxluğunu qəbul etməyə ehtiyacımız var.

Bir sıra araşdırmalar valideynlik rolunun "elastik" olduğunu göstərir. İsrailin Bar-İlan universitetindən psixoloq Ruth Feldman müəyyənləşdirib ki, övladlarının qayğısına qalan zaman analar qədər atalar da hormonal artım (bir növ ruhlanma) yaşayırlar.

Bu isə münasibətin yaranması və inkişafına çox kömək olur.

Kosta-Rikanın Cahuita qəsəbəsində pizza dükanı işlədən Michael Chamorro Suarez gecələr işləməli olduğuna görə övladları ilə yalnız gündüzlər vaxt keçirə bilirKosta-Rikanın Cahuita qəsəbəsində pizza dükanı işlədən Michael Chamorro Suarez gecələr işləməli olduğuna görə övladları ilə yalnız gündüzlər vaxt keçirə bilir

Övladın qayğısına qalan şəxs yalnız atalar olduqda, onların beyinləri tapşırığa uyğunlaşır.

Və emosional bağ da böyük rol oynayır. Emosional qayğı verən ataların körpələrində 2-4 yaş arasında əqli inkişaf daha yaxşı gedir və sonralar davranış problemləri də daha az olur.

Emosional dəstəyi daha güclü olan atalar və ya atanı əvəz edən şəxslərin övladları həyatdan daha xoşbəxt olurlar və müəllimlər və digər uşaqlarla münasibətləri daha yaxşı formalaşır.

"Münasibətlərin formalaşmasına aparan faktorlar həm ana, həm də ata üçün eynidir," Lamb deyir.

"Həqiqətən də hər şey emosional bacarıq, uşaqların ehtiyacını anlamaq və reaksiya vermək, uşağın ehtiyacı olan rahatlıq və dəstəyi təmin etməkdən asılıdır."

Keçmiş araşdırmalar göstərib ki, analar və atalar azyaşlı uşaqlarla fərqli şəkildə ünsiyyət qururlar: analar daha mülayim və incə qayğıkeşliklə, atalar tipik olaraq oyun vasitəsilə. Lakin bu, Lamb deyir ki, gender ilə yox, uşaq baxımının valideynlər arasındakı bölgüsünə bağlıdır.

Həmcins evliliyi cütlükləri və işləməyən atalar üzərində aparılan araşdırmalar da cinsdən asılı olmayaraq, gün boyu işləyib, axşam evə gələn valideynlərin uşağı havada yellətmək kimi daha çox çılğın oyunlar oynamağa meylli olduğunu üzə çıxarıb.

Bütün günü uşağın qayğısına qalan valideyn isə uşaqla daha sakit ünsiyyət qurmağa can atır.

Haiti çayı yaxınlığında yaşayan Jhonny Labossiere-nin ən sevimli məşğuliyyətlərindən biri qızı ilə suda oynamaqdırHaiti çayı yaxınlığında yaşayan Jhonny Labossiere-nin ən sevimli məşğuliyyətlərindən biri qızı ilə suda oynamaqdır

Heteroseksual cütlüklər arasında bir sıra sosial və iqtisadi səbəblərə görə gün boyu uşağın qayğısına qalan valideyn daha çox ana olur.

Bu həm də valideynlik məzuniyyətindən də asılıdır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) üzvləri - ABŞ-dan başqa - beynəlmiləl, açıq maliyyələşən, ödənişli analıq məzuniyyəti təklif edir.

İƏİT üzvü ölkələrin yalnız yarısı ən az iki ay davam edən atalıq məzuniyyəti verir.

Lakin adətən genderlər arasındakı məvacib boşluğu səbəbi ilə çox vaxt məzuniyyətə çıxan analar olur.

İƏİT boyu qadınlar kişilərdən 13.8 faiz daha az pul qazanırlar.

Bu isə valideynlik məzuniyyətinin suala cavab olmadığını göstərir.

Atalıq məzuniyyəti verilən Birləşmiş Krallıqda (BK) cütlüklərin yalnız 2 faizi bundan faydalanır.

Hətta Aka qəbiləsində belə, uşağın qayğısına daha çox qalan tərəf ana olur.

Onlar ova uşaqları bədənlərinə bələnmiş şəkildə çıxırlar. Lakin hələ heç kim onları dünyanın ən yaxşı anaları kimi qələmə verməyib.

Hindistanın Mumbay şəhərinin ətrafında yaşayan Rizvan Şayiq və qızları; o, üçyaşlı qızı Zəfinənin həkim olacağına ümid edirHindistanın Mumbay şəhərinin ətrafında yaşayan Rizvan Şayiq və qızları; o, üçyaşlı qızı Zəfinənin həkim olacağına ümid edir

Amma araşdırmalar göstərir ki, əvvəldən ataları da işə qatmağın faydalı nəticələri ola bilər. Və istər sakit, istərsə də çılğın olsun, oyunun əhəmiyyəti son dərəcə böyükdür.

"Oyun uşaq dilidir: uşaqlar bu yolla dünyanı kəşf edirlər, başqa uşaqlarla münasibətlərini bu cür qururlar," Cambridge Universitetində oyunun təhsil, inkişaf və öyrənmədə rolunu öyrənən Paul Ramchandani deyir.

O, komandası ilə birgə həyatlarının ilk aylarında körpələri ilə oynayan ataları izləyib və həmin uşaqların inkişafını nəzarətdə saxlayıb. Onlar aşkarlayıblar ki, ata-körpə ünsiyyəti nə qədər tez başlayarsa, o qədər faydalıdır.

Oyun əsnasında aktiv olan ataların körpələrinin davranışı bir yaşında ata-oğul ünsiyyəti az olan körpələrdən daha az problemli olub. Onlar həmçinin iki yaşında koqnitiv testləri də daha yaxşı keçiblər (məsələn, formaları tanımaq bacarığı).

Bu nəticələr ananın uşaq ilə münasibəti nəzərə alınmadan əldə olunub.

Ramchandan nəticələri aydın əlaqə kimi izah etməyi doğru bilmir. Övladlarının inkişafına birbaşa təsir əvəzinə soyuqqanlı ataların davranışı ailədəki problemlərə işarə ola bilər.

O, araşdırmanı iməkləməmiş və ya danışmamışdan əvvəl uşaqlarla oynamağa həvəsləndirici təsir kimi qiymətləndirir:

"Bəzi atalar nə etməyi bilmədikləri və ya düzgün şey etmədikləri narahatlığından körpələri ilə oynamırlar."

İtaliyanın Florensiya şəhərində yaşayan musiqiçi Davide Woods-un musiqi alətləri övladları Noah və Ian üçün oyuncağa çevrilibİtaliyanın Florensiya şəhərində yaşayan musiqiçi Davide Woods-un musiqi alətləri övladları Noah və Ian üçün oyuncağa çevrilib

Əlbəttə ki, yeni analar da eyni tərəddüdü yaşaya bilərlər.

Amma Ramchandani-yə görə, bu uşağı qucaqda saxlamaq və onların nədən həzz aldıqlarını izləmək qədər sadə şeylər də ola bilər.

"Ən mühüm şey cəhd etmək və başlamaqdır, çünki bunu yaxşılaşdırmaq yalnız təcrübə vasitəsilə mümkündür. Elə bir şeydir ki, insanlarda təbii formalaşmır. Bəzi insanların əyləncə bacarığı yüksəkdir, bəziləri üçün isə bunu bacarmaq bir az vaxt alır," o deyir.

Müasir atalar uşaqları ilə daha çox məşğul olurlar. Ata-uşaq oyun qrupları, ata körpə masaj məşğələləri və internetdə populyar olan ata və körpə rəqs ansamblları günümüzdə normal hadisələr sayılır.

Lakin Londonun inkişaf edən rayonlarından birində tipik həftə içi körpə qrupuna baş çəksəniz, mənzərəni başqa cür görərsiniz.

Hər qrupda bir və ya iki ata görmək olar, amma valideynlik yükünün böyük hissəsi hələ əsasən qadınlara düşür. Dünyada qadınlar qayğı məsələlərinə kişilərdən fərqli olaraq 10 dəfə daha çox ödənişsiz vaxt sərf edirlər.

"Məncə, biz atalara qarşı münasibətdə yol ayrıcındayıq," müasir atalıq üzrə Atanın Həyatı (The Life of Dad) adlı kitabın müəllifi və antropoloq Anna Machin deyir.

Machin iddia edir ki, əksər atalar evdə daha aktiv olmaq istədikləri halda, iş yerində buna alışmayıblar.

Takeshi Masuma Tokioda mühasibdir. O, həftədə 40 saat işləyir. Qızlarına ayıra bildiyi kiçik boş vaxtıni o, daha çox onlarla karaoke oxumaqla keçirməyi sevirTakeshi Masuma Tokioda mühasibdir. O, həftədə 40 saat işləyir. Qızlarına ayıra bildiyi kiçik boş vaxtıni o, daha çox onlarla karaoke oxumaqla keçirməyi sevir

"Kişilər üçün gərginlik məhz buradadır: diqqət və qayğıya ehtiyac ilə istək arasında. Eyni zamanda maddi baxımdan ailənin qayğısına qalmaq," o deyir.

Bir çox ailələrin üzləşdiyi maddi problemləri nəzərə alaraq, Machin ənənəvi rollarda dəyişiklik olacağına inanmır.

"Əgər atasansa və övladının tərbiyəsinə diqqət ayırmaq və qayğısına qalmaq istəyirsənsə, iş yerində pioner rolunu oynamalısan. 'Ata olduqdan sonra kişilər işinə davam etməlidir' mədəniyyətinə qarşı getməlisən. 'Hüquqlarıma sahib çıxmaq istəyirəm' deyib, onlardan istifadə etməyə çalışmalısan."

"Və bu çox çətin bir işdir."

Bərabər hüquqlu bölgünün faydaları uzunmüddətli ola bilər.

Manchester universitetindən sosioloqlar Helen Norman və Colette Fagan-ın rəhbərliyi ilə araşdırmaçılar müəyyənləşdiriblər ki, atalar doqquz ayına qədər uşaqların qayğısına ana ilə eyni dərəcədə qalırsa, uşaqların üç yaşında onlarla oynamağa və ya qayğısına qalmağa daha maraqlı olacaqlar.

Şotlandiyada 2500-dən çox ailənin iştirak etdiyi bir araşdırma da, uşağın rifahında ata-övlad münasibətinin ana-övlad münasibəti qədər əhəmiyyətli olduğunu göstərib.

Adətən nəzərə alınmayan ögey ataların da rolu bu araşdırmada gözdən keçirilib.

Latviyanın Kuldiqa şəhərində yaşayan səkkiz yaşlı Renate xarrat atası Eriks Oficier-ə kömək etməyi sevirLatviyanın Kuldiqa şəhərində yaşayan səkkiz yaşlı Renate xarrat atası Eriks Oficier-ə kömək etməyi sevir

Ola bilsin ki, bir gün Aka kişiləri kimi kişi direktorları da belində uşaqla görmək adi hal alacaq. Hələliksə atalar rahatlıqla yaxşı valideyn olmağın saysız başqa yollarından faydalana bilərlər.

"Öyrəndiyimiz məqamlardan biri də odur ki, ideal ata modeli yoxdur. Atanın hansı davranışları və ya hansı münasibəti aşılamalı olduğunun resepti yoxdur," Lamb deyir.

Hər bir halda məsələ emosional olaraq uşağın yanında olmaq və onun ehtiyaclarını qarşılamaqdır, o söyləyir.

"Hər kəs bunu fərqli şəkildə edir. Bu haqda çoxlu söhbətlər edilib, 'atalar rollarını daha maskulin formada icra etməlidirmi?' sualı çox verilib. Cavab: yox, buna ehtiyac yoxdur.

"Onlar övladları ilə münasibəti özlərinə uyğun şəkildə, ürəklərinə yatan kimi, tam və addım-addım qurmalıdırlar."