“Utanmadan bəhanə gətirirlər ki, dövlətin ödəniş etməyə pulu yoxdur” – POLKOVNİKDƏN PREZİDENTƏ MÜRACİƏT

Baxış sayı:
11011

 
Bakı şəhəri Nəsimi rayonu Mövsüm Sənani küçəsi ev 45/55, mən.53-də yaşayan AO Silahlı Qüvvələrin və Ədliyyə Nazirliyi polkovniki, müharibə veteranı Sadıqov Rasim Sadıq oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə və digər səlahiyyətli qurumlara müraciət edən ədliyyə polkovniki yazır:
“Mən, Sadıqov Rasim, zabit olaraq AO Silahlı Qüvvələrində 1992-ci ildən 2010-cu ilədək məzuniyyətə çıxmadan qulluq etdikdən sonra, 2012-ci ilədək Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə polkovnik rütbəsində vəzifələrdə işləmiş və təqaüdə çıxmışam.
İstər 1992-1994-cü illərdə cəbhə zonasında müharibə zamanı, istərsə də arxa cəbhədə müxtəlif vəzifələrin icrası zamanı Ali Baş Komandanın tapşırıqlarına əsasən, məzuniyyətsiz qulluq etmişik. Çox təəssüflər olsun ki, fasiləsiz xidmət etdiyim 20 il ərzində mənə dövlətimiz tərəfindən ödənilməli olan məzuniyyətə görə kompensasiyamızı 6 ildir ala bilmirik. İllərdir yuxarı orqanlara vurduğum teleqramlar, etdiyim rəsmi müraciətlərə başdansovudu cavablar verirlər. Təəssüflər olsun, bu məmurlar unudurlar ki, mən bir zabit kimi cəbhə zonasında düşmənə qarşı vuruşub torpaqlarımızı qorumasaydım, bu gün Maliyyə Nazirliyinin, Ədliyyə Nazirliyinin maliyyə İdarə rəhbərləri yumşaq kreslolarda oturub maxinasiyalarla məşğul ola bilməzdilər.
Utanmadan mənə yazdıqları cavab məktublarında bu idarə rəhbərləri bildirirlər ki, “Penitensiar xidmətin büdcə xərclərinin müvafiq maddəsinə vəsait ayrıldığı təqdirdə Sizə və pensiyada olan digər sabiq əməkdaşlara istifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməsi məsləsinə baxılacaqdır”.  Sual olunur: Nə vaxt? Saat neçədə? Neçənci əsrdə? Bu qeyri-müəyyən rəsmi cavaba münasibətim budur: Siz undursunuz ki, polkovnikə bürokrat olduğunuzu etiraf edirsiniz. Mənim məzuniyyət pulum hər il hesablanıb və dövlət büdcəsindən ayrılıb. İndi maliyyə idarələri bu pulları necə və hansı təyinatla mənimsəyiblər, bu, onların öz işləridir. Bu pulları mən qanım bahasına qazanmışam. Və heç kimin haqqı çatmır ki, belə pulları mənimsəyərək, mənə başdansovudu və əsassız cavablar yazsın!
Cənab Ali Baş Komandan!
Biz həmişə Ulu Öndərin və Sizin sadiq əsgəriniz kimi verilən tapşırıqları layiqincə yerinə yetirərək, çoxsaylı orden və medallara layiq görülmüşük. Lakin bu gün səngərlərdə itirdiyimiz sağlamlığımızın bərpa olunması üçün ehtiyac duyduğumuz məzuniyyət pullarımızı bürokratlardan ala bilmirik. Utanmadan bəhanə də gətirirlər ki, guya hələlik dövlətin ödəniş etməyə pulu yoxdur.
Cənab Prezident!
Əgər mənim kimi sabiq polkovniki bu rəsmi qurum rəhbərləri rəsmən dolayırlarsa, sabah torpaqlarımızın azad edilməsi əmri verilərkən kim əlinə silah alıb VƏTƏNİ qorumağa gedəcək? Axı bu bürokratlar mənim kimi hər bir azərbaycanlının döyüş rühünü sındırırlar. Mənim kimi polkovnikin başına gətirilən bu biabırçılıqdan sonra, görün sadə əsgər sabahı barədə nə düşünər? Sizdən xahiş edirəm, Azərbaycan Ordusunda etdiyim fasiləsiz qulluğa görə mənə çatacaq məzuniyyət pulumun dərhal ödənilməsi barədə aidiyyatı qurumlara göstəriş verəsiniz. Əvvəlcədən təşəkkür edirəm”.


Muxalifet.az

Redaksiyadan: Mövzunu araşdıracağıq. Qarşı tərəfi də dinləməyə hazırıq.