Azərbaycanlı TIR sürücüsü Gürcüstanda maşını aşırdı, 1 aydan çoxdur ölkəni tərk edə bilmir – RƏŞAD RƏHİMOV FİRMA RƏHBƏRLİYİNİ İTTİHAM EDİR, AMMA… / FOTO

Baxış sayı:
2713

Ağstafa rayonu, Köçəsgər kənd sakini Rəhimov Rəşad Ramiz oğlu redaksiyamıza müraciət edib. TIR sürücüsü olduğunu deyən R.Rəhimovun sözlərinə görə, 12.12.2023-cü il tarixində Gürcüstan ərazisində, Yağılca deyilən yerdə “PROFİTRANSPORT İnternational Logısttıcs” firmasına məxsus yük maşını ilə qəzaya düşüb. Şikayətçi deyir ki, indiyədək ona nə sözügedən firma, nə də Azərbaycanın Gürcüstandakı səfirliyindən ciddi bir dəstək olmayıb. “20 gündür ac-susuz buralarda qalmışam”, - deyən Rəşad Rəhimovun müraciətini dərc edirik:
“Mən, Rəhimov Rəşad Ramiz oğlu, sizdən və lazımi qurumlardan kömək istəyirəm.
11.09.2023-cü il tarixindən etibarən “PROFİTRANSPORT İnternational Logısttıcs” firmasında, 99 ST 735/ 99 ZF 735 markalı TIR sürücüsü kimi işə götürülmüşəm. 08.12.2023-cü il tarixində Türkiyənin Mersin şəhərindən Qazaxıstana çatırılması üçün yük götürmüşəm. 12.12.2023-cü ildə də Gürcüstan ərazisində, Yağılca deyilən ərazidə havaların yağışlı və yolun sürüşkən olması səbəbindən avtoqəzaya düşmüşəm, idarə etdiyim yük maşınını aşırmışam.
Qəzadan sonra maşının içərisində olan 20 ton 700 kiloqram yükün (meyvə), 18 ton 700 kq-nı satışa yararlı olaraq çıxarıb, Gürcüstan gömrüyünə təqdim etmişəm.
Həmin yükün öz ünvanına çatdırılması üçün firma tərəfindən başqa maşın göndərilməlidir. Lakin firma günlərdir maşın göndərmir və açıq şəkildə bildirir ki, “biz bunu etmək istəmirik, hara şikayət edirsən, et”.
Gürcüstan gömrüyündə qalan yüklə əlaqədar ölkə ərazisini tərk edə bilmirəm, çarəsiz vəziyyətdə qalmışam.
Onu da qeyd edim ki, idarə etdiyim avtomobil “Kapital Bank”ın girovluğundadır. Banka müraciət edirəm ki, yük maşınının sahibi, Qazax rayonu, Salahlı kənd sakini Vəliyev Əmiraslan Sövdəkar oğlu avtomobili burdan Azərbaycana keçirmək istəmir... Ona da əminəm ki, Azərbaycana qayıdandan sonra məhkəmə prosesləri olacaq. Qorxuram ki, cəriməni bütövlükdə mənim boynuma qoysunlar. Bu səbəbdən də sizin sayt vasitəsilə lazımi qurumlara müraciət edirəm ki, mənə kömək etsinlər. Burada qalmağa yerim, yeməyim, içməyim yoxdur. Əlimdə müqaviləm olduğu halda mənə heç bir köməklik göstərilmir.
Maşının nasaz olduğu haqda hələ Türkiyədə olanda rəhbərliyə məlumat vermişdim. Mənə dedilər ki, gəl Azərbaycana, burada düzəltdirərik. Bununla bağlı əlimdə sübutum da var.
Onu da qeyd edim ki, hadisədən sonra 8 min manat pul göndərilib. Amma mənə göndərilməyib. Pulu ona görə göndəriblər ki, maşın cərimə meydançasına getməsin. Çünki, cərimə meydançasına getsəydi, 5 min dollar xərc çəkilməliydi, amma 3 min 200 manatla yerindəcə məsələ həll olunub. Qalan 5 min manatla da maşında olan yükün gömrüyə aparılma xərci qarşılanıb. Mənim tibbi sığortam da var, amma firma üzərinə düşən öhdəlikləri yerinə yetirmir”.
Məsələ ilə bağlı “PROFİTRANSPORT İnternational Logısttıcs” firmasının rəhbəri Fərid Mirişovla da əlaqə saxladıq. O bildirdi ki, məsələ ilə bağlı əllərindən gələni edirlər: “Gürcüstandakı səfirliyimiz də, biz də əlimizdən gələni edirik. Davamlı olaraq səfirliklə əlaqədəyik. Amma onu da deyim ki, sürücü Rəşad Rəhimov hər hansı müqavilə olmadan, gedib özbaşına Qazaxıstana yük vurub, nəticədə də 100 min dollarlıq maşını aşırıb.
Mala dəyən ümumi zərər hardasa 20 min dollardır. Biz, şirkət olaraq, səfirliyin cavabını gözləyirik. Bu cavabdan sonra biz də işimizin üstünə düşəcəyik. Hazırda səfirliyin işinə qarışa bilmərik”.
Fərid Mirişov sürücünün yük maşınındakı texniki nasazlıqla bağlı fikirlərinə də münasibət bildirdi: “Maşının hər hansı probleminin olmasından bizim xəbərimiz olmayıb, yalan məlumatdır. Əgər maşında problem var idisə, yük bir yana, o, öz canını heçə sayaraq maşını nə üçün idarə edib? Kimsəyə sirr deyil ki, enişli-yoxuşlu yollarda əyləc sistemi olmadan avtomobil idarə etmək olmaz. İnanılası məsələ deyil, çünki sürücü öz canını necə düşünməyə bilər? Bu, tamamilə yalandır”.
F.Mirişov onu da dedi ki, qəzadan xəbər tutan kimi sürücüyə 8 min dollar pul göndərilib: “Bu pulun göndərilməsində məqsəd o idi ki, yükü və maşını oradan çıxardaraq, Azərbaycana gətirək. Amma sürücü o pulu nə edib, maşını niyə təmir etdirməyib, bilmirik.
Yenə də biz səfirliklə danışmışıq, deyirlər ki, gözləyin, Gürcüstan qanunları əsasında qərar veriləcək. Şirkət olaraq biz boynumuza düşəni etməyə hazırıq, amma səfirliyin rəyini gözləmədən addım ata bilmirik. Sadəcə, bu gün sürücü orada ondan tələb olunanları etməlidir, daha sonra maşını götürə bilər. Sürücü də bunların heç birini etmir, özbaşına qərar verir. Məsələn, biz dayanıb səfirliyin rəyini gözləyirik, sürücü isə bizdən xəbərsiz gedib yükü gətirirmiş.
Üstəli, bird aha qeyd edim ki, Rəşad Rəhimov bizim müqaviləmiz olmadığı bir şirkətdən mal götürüb, yük vurub. Bu səbəbdən, əslində maşına dəymiş ziyanı sürücü ödəməlidir. Biz sürücünün özünə də bildirmişik ki, sən çıx gəl, maşının problemini sonra həll edərik. Biz burda ondan şikayətçi olmaqdan, vurduğu ziyanı tələb etməkdən, o, bizdən şikayət edir. Bir sözlə, sürücünün şikayəti əsassızdır, çünki günahkar özüdür”.
Jalə FAMİLQIZI