"Uşaqları bu qədər yükləmək olmaz" - "4-cü SİNİFDƏ NƏ İMTAHAN?!" - Ekspert

Baxış sayı:
7689

“İmtahan “oyun”una son qoymaq lazımdır” Təhsil Texnologiyaları Mərkəzi tərəfindən 27 yanvar tarixində Bakı şəhərində 20 məktəbdə və Fətəlixan Xoyski küçəsi 78 ünvanında yerləşən məktəb lisey kompleksində 4-cü siniflər üçün 1-ci yarımil üzrə həm Azərbaycan, həm də rus bölməsinin şagirdləri üçün sınaq imtahanı keçiriləcək. İmtahanların hansı məktəblərdə keçiriləcəyi ilə bağlı ttm.edu.az saytında ətraflı məlumat yerləşdirilib və qeyd edilib ki, imtahanın qiyməti 5 manatdır. Bildirilir ki, 4-cü sinif şagirdləri ana dilindən -15, riyaziyyatdan -15, həyat bilgisindən -10, ingilis dilindən isə 5 suala cavab verməli olacaqlar. İmtahanın müddəti isə 80 dəqiqədir. Maraqldır ki, Təhsil Texnologiyaları Mərkəzi tərəfindən keçirilən bu imtahanın əhəmiyyəti varmı? Bu imtahan nəyə, kimə lazımdır? 4-cü sinif şagirdlərinin imtahan həyacanını yaşaması özü belə doğru deyil. Çünki 4-cü sinif şagirdləri heç yeniyetmə də deyillər. Bu imtahanların məktəb daxilində deyil, başqa məktəblərdə keçirilməsi isə valideynlərə vaxt itkisi, həm də əlavə xərc deməkdir. Çünki 4-cü sinif şagirdlərinin şəhərin başqa yerlərində yerləşən məktəblərə tək getməsi mümkün deyil. Bu da ailə büdcəsində nəzərdə tutulmayan əlavə yol, yemək xərci deməkdir. Üstəlik imtahan üçün 5 manat. Demək olar ki, bir uşağın imtahan xərci 10 manata başa gəlir. Əhalinin çətin sosial durumunda 4-cü siniflər üçün imtahanın keçirilməsini həmin ailələrə maddi ziyan vurmağa, uşaqlara isə psixoloji gərginlik yaşatmağa hesablanmış addım hesab etmək olar. “Bizim təhsilimiz öz məcrasından çıxıb” 4-cü sinif şagirdləri üçün sınaq imtahanlarının keçirilməsi ilə bağlı təhsil eksperti Nadir İsrafilov dedi ki, onun bu cür məsələlərə münasibəti mənfidir: “Ərdoğanın bir sözü var idi, deyirdi: “Okul varsa, dərsanə nəyə lazımıdır, dərsanə varsa, okul nəyə lazımıdr”. Yəni bu saat bizim təhsilimiz öz məcrasından çıxıb. Məktəb mühiti qalıb bir tərəfdə, əlavə, göbələk kimi hazırlıq kursları, imtahan mərkəzləri yaradılır. Baş açmaq olmur bunlar nəyə xidmət edirlər. Hamısı da madiyyatın əsasındadır. Düzdür, ali məktəbə imtahana hazırlıq lazımdır. Bu könüllü ola bilər ki, kimsə sınaq imtahanında iştirak etsin. İndi bu funksiyanı Dövlət İmthan Mərkəzi yerinə yetirir. Hər hansı məzun özünə əmin olmaq üçün sınaq imtahanlarında iştirak edir. Amma dördüncü siniflər üçün sınaq imtahanlarına ehtiyac yoxdur. İndi biz dünya təhsilinə inteqrasiya edirik. Biz niyə dünya təcrübəsinin aşağı təbəqəyə xidmət edən müsbət cəhətlərini götürmürük?!” “Bəs, uşaq birinci sinifdə nə öyrənməlidir?!” N.İsrafilov nəzərə çatdırdı ki, bəzi ölkələrdə ali məktəbə imtahansız qəbul edilir: “Elə ölkələr var ki, aşağı siniflərdə imtahan yoxdur, ancaq yuxarı sinflərdə var. İndi bizdə nəinki 4-cü siniflərə, birinci siniflərə də imtahan keçirirlər. Hətta məktəbəqədər bağçaya da uşağın hazırlığını yoxlayırlar. Axı, dədə-babadan a, b birinci sinifdə öyrədilir. Belə çıxır ki, uşaq uşaq bağçasında bütün hərfləri öyrənməlidir. Deməli, birinci sinifdə proqramlar təzədən təkrarlanır. Onda bəs, uşaq birinci sinifdə nə öyrənməlidir?! Biz uşaqlarımızın fiziki sağlamlığını da düşünməliyik. Uşaq uşaqlığını keçirməlidir. Hesab edirəm biz bu səviyyə ilə “qabağa” getsək, iş o yerə gəlib çıxacaq ki, uşaq elə dünyaya gəlməmişdən, ana bətnində onu yoxlayacaqlar ki, məktəbə hazır gəlir, yoxsa hazır deyil. Bu dərəcədə israfçılığa yol vermək olmaz. Yaradılan mərkəzlərin hamısı pulun üstündə qurulub. Dördüncü siniflər üçün imtahana istənilən 5 manat da ona görədir”. “Xaricidə təhsil alıb, qayıdanların 30 faizinin diplomları təsdiq olunmur” “Hara baxırsan küçələrdə, körpülərin altında xaricdə təhsil elanları var. Hamısı da pul “tələsi”dir. Xaricidə təhsil alıb, qayıdanların çoxusu deyir ki, çıxılmaz vəziyyətdə qalmışıq, 30 faizinin diplomları bu günə kimi təsdiq olunmur”, - dedi ekspert. “Bunlar hamısı pula görədir” İsrafilov diqqətə çatdırdı ki, indi heç dünya təcübəsində ibtidai siniflərdə ev tapşırığı anlayışı da yoxdur: “Biz hələ uşaqlara ev tapşırıqları yükləyirik. İndi uşaqlara baxın, fiziki cəhətdən nə gündədirlər, hamısının gözündə eynək var. Uşaqları bu qədər yükləmək olmaz. Dünya təcrübəsində proqram, normativlər var, 4-cü sinifdə nə imtahan?! O imtahana nə ehtitac var? Mən belə imtahanların əleyhinəyəm. Dünya təcrübəsində həm buraxılış, həm də qəbul imatahanlarına bir imtahan keçirilir. Biz də bu kursu götümüşük ki, guya, imtahanların sayını azaldaq, əksinə artırırlar. Ümumiyyətlə, imtahan “oyun”una son qoymaq lazımdır. Təkrar edirəm, bunlar hamısı pula görədir. Heç kim təhsilin keyfiyyətinə əhəmiyyət vermir. Bunun üzərində xüsusi nəzarət olmalıdır ki, bunu nə məqsədlə edirlər. Təhsilə cavadeh orqan Təhsil Nazirliyidir. Bu kimi məsələrlə Təhsil Nazirliyi maraqlanmalıdır. Təhsil Naziliyi göstəriş verir ki, iş dəftərləri tədris ləvazimatları siyahısından çıxarılsın. Bu yandan bütün dükanlarda iş dəftərləri yenə də satışdadır. Bunlar hamısı nəzarətə götürülməlidir”. Şamo EMİN