​Ucuz mənzillər SATIŞA ÇIXDI: Bakıda evlərin qiyməti enəcək?

Baxış sayı:
4771

İlin əvvəlindən indiyə kimi qiymətlərlə bağlı mənzil bazarında ciddi dəyişiklik baş verməyib.
Muxalifət.az-ın xəbrinə görə, bunu axar.az-a açıqlamasında daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı mənzil bazarındakı son durumu şərh edərkən söyləyib.
"Müəyyən bir dövrdə qısa müddətdə 4-4,5%-lik qiymət artımı baş verdi, lakin bu qiymət artımı da sonradan dayandı. Hazırda sabitlik hökm sürür".
Ekspertin sözlərinə görə, dövlət tərəfindən təqdim olunan güzəştli mənzillərin bazara çıxarılması mənzil bazarında ciddi dəyişikliyə gətirib çıxarmayacaq:
"1810 güzəştli mənzildən 260-ı ilkin mərhələdə may ayının 7-dən avqust ayının 7-nə qədər olan dövrdə satışa çıxarılacaq. Bu rəqəm kifayət qədər kiçikdir. Nəzərə alsaq ki, həmin mənzillərin əksəriyyəti uzunmüddətli kredit yolu ilə insanlara veriləcək, ona görə onların əksəriyyəti 15-20 ildən sonra girovdan çıxacaq. Bu səbəbdən təqdim olunan ucuz mənzillərin bazara çıxması mənzil bazarında ciddi dəyişikliyə gətirib çıxarmayacaq”.
Ramil Osmanlı bu ilin birinci yarısına kimi mənzillərin qiymət artımında ciddi dəyişiklik baş verməyəcəyini proqnoz edib:
“Əslində proqnozun əleyhinəyəm. Ona görə əleyhinəyəm ki, qiymət azalması ilə bağlı proqnoz verəndə potensial alıcılar bazardan çıxır. Qiymət artımı ilə bağlı proqnoz verəndə isə bir qədər ajiotaj yaranır və qiymət artımı ilə bağlı çoxlu sayda zənglər daxil olur. Lakin subyektiv yanaşmam ondan ibarətdir ki, 2018-ci ilin ən azından birinci yarısında daşınmaz əmlak bazarında ciddi dinamik dəyişiklik baş verməyəcək”.