DSMF-in pensiya filialı “özbaşınalıq planını” artıqlaması ilə doldurub - MƏĞRUR BƏDƏLSOY YAZIR

Baxış sayı:
10861

Baş Prokurorluq özbaşınalıqdan şikayətlərə qadağanı “izahla “malalayır”

DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının pensiyaları özbaşınalıqla, dələduzluqla düz hesablamamasının yaşı illərlə ölçülür. Bu çoxillik özbaşınalığa isə elə illərdir özbaşınalıqla cavab verilir. Özbaşınalığa baxın, 1-ci dərəcəli Qarabağ əlili pensiyasının qanunvericiliyin tələbinə uyğun hesablanmadığından , hətta “Əmək pensiyaları haqqında” qanunun 26.1 maddəsinə zidd olaraq əvvəllər təyin edilmiş pensiyasının azaldıldığından şikayət edir, DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı isə 6 il qabaqkı məhkəmə qərarı ilə ayrılan əlavəni də qərəzli özbaşınalıqla kəsir! (?) Halbuki , birincisi, dövlətin adından çıxarılan məhkəmə qərarı ilə ayrılan pensiya məbləğini heç dövlətin ( başçısı, parlamenti, məhkəməsi ) özü də kəsə bilməz və ikincisi, “Əmək pensiyaları haqqında” qanunun 39.1 maddəsinə görə, pensiyadan tutmalar , pensiyaçının razılığı olmadıqda, məhkəmə qaydasında gerçəkləşir.
Son bir ildə özbaşınalıq , qanuna zidd olaraq pensiyanın dələduzluqla kəsilməsi faktına qiymət verilmir. Borclu Xüsusi Şərtlərlə Təyinat Mərkəzi Filialı nəinki məhkəməyə müraciət etmədən pensiyaya əlavəni , hətta məhkəmə qərarının özünü ləğv edir!(?) Özü də Filialın direktoru Şahin Əliyev 26.01.2023 tarixli, müavini Elnur Qurbanov 22.02.2023 tarixli məktublarla pensiyanın məhkəmə qərarı ilə əlavə olunan məbləğlə hesablandığını, 30 gün müddətində məhkəməyə müraciət hüququnu izah edəndən sonra. Məhkəmə hüququna, Konstitusiyaya hörmətsizliyə baxın, Filial məhkəməyə müraciət etməyi bildirir, məhkəməyə müraciət edən kimi məhkəmə qərarı ilə ayrılan əlavəni də kəsir. Belə məhkəmə təminatı özbaşınalığına məhkəmənin özü də 3-5 manata qoşulur.
10 aydır DSMF-in pensiya orqanının özbaşınalığı sürür. Dövlət orqanlarından ƏƏSMN-ə, oradan DSMF-ə, Xüsusi Şərtlərlə Təyinat Mərkəzi Filialına göndərilən şikayətlərə cavab olaraq Filialın direktor müavini Fuad Zalıyev 09.01.2024-cü ildə verdiyi 26.12.2023 tarixli cavabında “ özbaşınalıq planı”nı artıqlaması ilə yerinə yetirdiklərini “ bildirib. Guya “Vətəndaşların müraciətləri haqqında” qanunun 8.1.4 maddəsi Filiala “əsaslı” özbaşınalıq etməyə ildə 3 dəfə haqq verir, Filial isə özbaşınalığını 7 dəfə “əsaslandırıb”.(?)
Bakı İnzibati Məhkəməsinin ƏƏSMN-in yanında “çalıb-oynaması” qanunların icrasına və tətbiqinə nəzarət etmək görəvi daşıyan baş prokurorluğun “qaynar xətt” çağrı mərkəzlərinə müraciət etməyə gətirsə də, 10 aydır 161 və 961 çağrı mərkəzləri şikayətləri qeydə almaqdan imtina edir. 11.12.2023-cü ildə isə 161-dən növbətçi prokuror Rəşad Məmmədov 961-ə, 961-dən Xankişi(yev) ( bunlar qanuna zidd olaraq özlərini təqdim də etmədiklərindən, ad-soyadları da çətinliklə öyrənilir- M.B.) 161-ə müraciət etməyi məsləhət bilib və hər ikisi şikayəti qeydə almayıb. İndi baş prokurorluğun təşkilat və icraya nəzarət idarəsinin statistika şöbəsinin rəisi, idarə rəisinin müavini Elnur Hümbətov bu ötür-ötür özbaşınalığını “malalayır” ki, “xüsusatlar dinlənilmiş və məhkəməyə və müvafiq dövlət orqanına müraciətə dair izah verilmişdir”. “Malalama, izah haqqı”nın neçəyə olduğunu deyə bilməsək də, çağrı mərkəzləri haqqında qanunvericilikdə korrupsiya ilə bağlı şikayətlərdə “izah” adına şikayətin qeydə alınmamasının yazılmadığını deyə bilərik. Çağrı mərkəzinin işi şikayəti qeydə almaqdır, izahla başdan etmək yox. “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nın (NK-nın 25.02.2023 tarixli 50 saylı Qərarı ilə təsdiq edilib) 1.2 bəndinə görə, Çağrı Mərkəzi dövlət orqanlarında qanunçuluğun təmin edilməsi, müraciətlərin obyektiv araşdırılması və cavablandırılması, sui-istifadə əməllərinin qarşısının alınması, fəaliyyətin təkmilləşdirilməsi üçün təhlillərin aparılması və VƏTƏNDAŞ MƏMNUNLUĞUNUN təşkil edilməsi məqsədi ilə təşkil olunur. Bəs niyə baş prokurorluğun 161, 961 xətləri çağrı mərkəzlərinin təşkili məqsədinə qarşı çıxır? Niyə növbətçi prokurorlar NK Qaydaların 4.1.1 bəndinə uyğun olaraq nəinki salam verib 5 saniyəyə ad-soyadlarını deyirlər, heç saatlarla zəngi götürmürlər, 2.10 bəndinə uyğun olaraq növbədə 10 saniyədən çox, saatlarla gözləyib dəstəyi asan şəxsə zəng edib, şikayətini dinləmirlər, xidmət göstərmirlər? Qaynar xətt xidmətindəki prokurorların çağrı mərkəzləri haqqında qanunvericiliyi oxuması məsləhətdir. Yoxsa şikayəti başdan etməklə korrupsiyaya qarşı yox, korrupsiya uğrunda mübarizə gerçəkləşər. DSMF-in Xüsusi Şərtlərlə Təyinat Filialının pensiyaları mənimsəməsində, korrupsiyasında olduğu kimi....
Məğrur BƏDƏLSOY