TORPAQ İSTƏYƏN SAKİNƏ İCRA BAŞÇISINDAN ŞOK CAVAB - “Tapşıraram, sənə bir maşın torpaq gətirərlər, çinlilər kimi evin damına töküb əkərsən”

Gülağa Quliyev: “Bələdiyyə sədri və qardaşı saxtakarlıq yolu ilə torpaqları satırlar... Mənə də deyirlər ki, texnikumda oxumusan deyə, sənə pay torpağı düşməyib”

Göyçay rayonu Cəyirli kənd sakini 1-ci qrup əlil Quliyev Gülağa Əliyar oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Müəllif icra başçısı Mehdi Səlimzadə və Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyevdən şikayətçidir:
“Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin himayəsi altında Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyev və onun qardaşı Cəyirli kənd icra nümayəndəsi Fərhad Nəbiyev saxtakarlıq yolu ilə torpaqları satıb talayırlar. Nəticədə də kənd camaatı çıxılmaz vəziyyətə düşüb. Torpaqların saxtakarlıqla satılmasından əldə edilən pulun yüksək faizi İcra başçısı Mehdi Səlimzadəyə çatdığı üçün, onları himayə edir.
Mən 18 dekabr 1969-cu il tarixdə Göyçay rayonu Cəyirli kəndinə doğulub, bu günə kimi burada yaşasam da, 1998-ci il tarixdə respublikada aparılmış aqrar islahatlar zamanı mənə pay torpağı verilməmişdir ki, bu da açıq-aşkar qanunsuzluq və saxtakarlıqdır. Hazırda isə 4 nəfərdən ibarət ailə üzvüm var. Heç bir qanunu əsas olmadan, mənə pay torpağı verilməmiş, bu hüquqdan məhrum edilmişəm. Buna görə Göyçayın icra başçsı Mehdi Səlimzadəyə və Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyevə dəfələrlə müraciət etsəm də, heç bir tədbir görülməmişdir. Mənə gətirilən bahanə isə tam əsassızdır. Bildirirlər ki, “həmin illərdə sən Gəncə Kənd Təssərrüfatı Texnikumunda oxumusan deyə sənə pay torpağı düşməyib”. Bu tam əsassız bir yalan, bəhanədir ki, bunun da heç bir qanuni əsası yoxdur.
Mən həmin vaxt Gəncə Kənd Təssərrüfatı Texnikumunda oxumağımla əlaqədar müvəqqəti olaraq Gəncə şəhərində yaşasam da, faktiki Göyçay rayonu Cəyirli kəndində daimi qeydiyyatda olmuşam və dərs olmayan günlərdə Göyçay rayonu Cəyirli kəndindəki evimizə gəlib yaşamışam. Həmin vaxtı kənddən kənarda yaşayan vətəndaşların hamısına pay torpağı verilmişdir.
Kəndlinin çörəyi torpaqdan çıxır. Hazırdada işsizəm, torpağım olsaydı, əkib-becərib ailəmi dolandırardım. Mən buna görə Göyçay Rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadənin qəbulunda olan zaman məni ələ salıb gülüb deyir ki, tapşıraram, sənə bir maşın torpaq gətirərlər, çinlilər kimi evin damına töküb əkərsən.
İcra başçısı Mehdi Səlimzadə Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyevlə əlbir olub torpaqları satıb-talan edirlər. Gəlib yerində obyektiv araşdırma aparılarsa, subut olunacaq ki, Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyev saxtakarlıq yolu ilə yaxın qohumlarının adına bələdiyyə torpaqlarını sənədləşdirib satmaqla məşğuldur. Bu yolla o hektarlarla torpaq sahəsini satıb talan etmişdir. Belə talançılıqla əldə edilən gəlirdən İcra başçısına haqq verdiyi üçün ona “gözün üstə qaşın var” deyən yoxdur.
Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyev qardaşı Cəyirli kənd icra nümayəndəs Fərhad Nəbiyevlə əlbir olub saxtakarlıqla kəndə məxsus olmuş fermanı ələ keçirib satmışıdılar.
Özüm 1-ci qrup əliləm, heç bir yerdə işləmirəm, istəyim odur ki, torpağımız olsun, əkin-biçinlə məşğul olub ailəmizi dolandıraq. Torpaqsız kəndli kor insan kimidir.
Mən ümüd edirəm ki, müraciətim obyektiv araşdırıb ciddi tədbirlər görüləcək.
Mətbuat vasitəsi ilə ölkə başçısı cənab İlham Əliyevdən xahiş edirəm, göstərdiyim faktları obyektiv araşdırıb qanunu qaydada mənə pay torpağı verilməsinə köməklik edəsiniz və Cəyirli kənd torpaqlarını saxtakarlıqla satıb talan etmiş Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyevin və onu himayə edən Göyçay icra başçsı Mehdi Səlimzadənin  barəsində tədbirlər görəsiniz”.

Muxalifet.az

Redaksiydan: Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.