Taleh Bağırzadə aclığı dayandırıb - GÖRÜŞ İMKANI...

Baxış sayı:
2170

Dindarların Hüquqlarını Müdafiə Komitəsinin həmsədrləri Rövşən Əhmədli və Eldəniz Quliyev ötən gün Qobustan həbsxanasına baş çəkiblər. Onlara "Müsəlman Birliyi" Hərəkatının lideri Taleh Bağırzadə, həmin təşkilatın fəalları Cabbar Cabbarov və İslam Partiyasının rəhbəri Mövsüm Səmədov ilə görüş imkanları yaradılıb.

R.Əhmədli Turan-a bildirib ki, görüş otağında vəkillərin iştirakı ilə hər məhkumla ayrıca görüş olub.

T.Bağırzadə komitə həmsədrlərinin, Demokratik Qüvvələrin Milli Şurası rəhbərliyinin, minlərlə öz tərəfdarının xahişini nəzərə alaraq aclığı dayandırmaq qərarına gəlib. O, mühakimə olunmuş dindarların hüquqlarının pozulmasına etiraz olaraq 16 gün aclıq edib.

R.Əhmədlinin sözlərinə görə, hər üç məhkum ruhdan düşmür, nikbindir, dəstəyə görə tərəfdarlarına təşəkkür ediblər.

Öz növbəsində E.Quliyev Turan-ın müxbirinə bildirib ki, "Müsəlman Birliyi" Hərəkatının fəalı Abbas Hüseynov ilə görüş istənilib. Lakin görüş baş tutmayıb, çünki o, müalicə müəssisəsindədir.

"Bizə dedilər ki, Abbas Hüseynovu Nardaran hadisələri ilə əlaqədar mühakimə olunmuş Əbülfəz Bünyatovla eyni palataya yerləşdiriblər. A.Hüseynov yataq xəstəsi olan Ə. Bünyatova qulluq edir. Bu, ümidverici xəbərdir", - E.Quliyev bildirib.

Onun sözlərinə görə, həmin şəxslərin telefon danışıqlarına məhdudiyyətlərin götürülməsi məsələsi yerində həll olunub.

T.Bağırzadə və C.Cabbarov eyni kamerada saxlanmaq istədiklərini bildiriblər. Lakin həbsxana rəhbərliyi bunun onların səlahiyyətində olmadığını deyib.

"Odur ki, biz Penitensiar Xidmətə daha bir müraciət yazacağıq", - E.Quliyev qeyd edib.

"Məhbuslar işgəncələr barədə danışdılarmı?" sualının cavabında E.Quliyev deyib ki, dindarlar bildiriblər ki, son vaxtlar fiziki təzyiqlərə son qoyulub.

Ümumilikdə, E.Quliyev Penitensiar Xidmət və Qobustan həbsxanası rəhbərliyinin ictimaiyyət nümayəndələrinə sözügedən şəxslərlə görüş imkanları yaratmasını müsbət qiymətləndirib.

Bundan öncə Penitensiar Xidmət T.Bağırzadənin aclıq etməsi barədə məlumatları təkzib edib.