Jurnalist Cəmil Məmmədli ev dustaqlığına buraxılmadı

Baxış sayı:
9262

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə jurnalist Cəmil Məmmədli barəsindəki cinayət işi ilə bağlı növbəti məhkəmə prosesi keçirilib. 

Prosesdə iş materiallarındakı sənədlər tədqiq edilib.

Daha sonra Cəmil Məmmədlinin vəkili Fariz Namazlı jurnalistin ev dustaqlığına buraxılması barədə vəsatət təqdim edib. Vəkil bildirib ki, Cəmil Məmmədli barəsində həbs qətimkan tədbiri seçilərkən onun zərərçəkmiş şəxslərə və şahidlərə təzyiq edə biləcəyi ehtimal edilib. 

"Amma artıq şahidlər də, zərərçəkənlər də ifadə verib və Cəmil Məmmədlinin onlara hər hansı təzyiq göstərə biləcəyi barədə ehtimal aradan qalxıb. Ona görə də hesab edirəm ki, onun ev dustaqlığına buraxılması mümükndür", deyə vəkil əlavə edib. 

Dövlət ittihamçısı vəsatətin əleyhinə çıxış edib. İş üzrə zərərçəkən qismində tanına Fuad Həbibov və onun vəkili Cavad Cavadov da vəsatətin qəbul olunmamasını istəyib. 

Məhkəmə müşavirəyə yollanıb. Müşavirədən qayıdan hakim vəsatətin təmin olunmaması barədə qərar verib. 

Məhkəmə prosesi fevralın 8-dək təxirə salınıb.