ŞƏKİDƏN BİRİNCİ VİTSE-PREZİDENTƏ MÜRACİƏT - Sakinlər kəndə qaz çəkilməsini istəyir

Baxış sayı:
5749

Şəki rayonu Baş Göynük kəndinin “Ocaq Palıdlar” müvəqqəti yaşayış məntəqəsi sakinləri tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edən sakinlər yazır: “Çox hörmətli Mehriban xanım! Şəki rayonunun Baş Göynük kənd əhalisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqın xeyir-duası ilə bütün Azərbaycanda, o cümlədən Baş Göynük ərazisində görülən işləri, sosial obyektlərin tikintisini, kənd təsərrüfatı sahəsindəki nailiyyətləri görür və qürur hissi keçirir. Bizim kəndin tərkibində olan müvəqqəti yaşayış məntəqələrinin sayı 11 olmaqla, hər biri kənddən 15-30 km aralıda yerləşir. Belə məntəqələrdən ən böyüyü “Ocaq Palıdlar” yaşayış məntəqəsidir. Bu yaşayış məntəqəsi Şəki-Qax magistral yolunun 6 km-lik məsafəsində yerləşir. Bu yaşayış məntəqəsində 600 nəfərə qədər sakin daimi yaşayır və təsərrüfatla məşğuldur. Şəkidən Qax rayonunadək olan ərazidə yerləşən demək olar ki, bütün kənd və məntəqlər təbii qazla təchiz edilmişdir, təkcə bizim yaşayış məntəqəmizdən başqa. Şəki-Zaqtala-Balakən magistral qaz xəttinin bizim yaşayış massivindən 2700 metr şimal hissədən keçməsinə baxmayaraq, təbii qaz üzünə həsrət qalmışıq. Biz yerli bələdiyyə ilə razılaşmışıq ki, əsas magistral xətdən bizim yaşayış məntəqəmizə qədər olan 2700 metrlik məsafənin 100 mm diametrlik dəmir boru ilə təchiz edilməsini sakinlər və bələdiyyə öz üzərinə götürür. Çox hörmətli Mehriban xanım! Sizdən çox xahiş edirik, yerdə qalan məhəllədaxili qaz xəttlərinin çəkilişi üçün aidiyyatı idarələrə göstəriş verəsiniz. Əvvəlcədən hamılıqla minnətdarlığımızı bildiririk”. Qeyd edək ki, məktubu 35 təsərrüfat rəhbəri adından kənd sakini Əsgərov Əsgər Musatafa oğlu göndərib. Muxalifet.az