​SAMİR NURİYEV: "6 mindən çox insanın mənzil problemi həll ediləcək"

Baxış sayı:
3376

"29 çoxmənzilli yaşayış binasından ibarət olan Yasamal Yaşayış Kompleksində 1843 ailənin mənzillə təmin edilməsi planlaşdırılır. Bu da 6 mindən çox insanın mənzil probleminin həll edilməsi deməkdir".
"Ölkə.Az" xəbər verir ki, bunu bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Samir Nuriyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Onun sözlərinə görə, hazırda kompleksdə tikinti işləri sürətlə davam edir. Artıq 19 binada konstruksiya və hörgü işləri yekunlaşdırılıb, təmir işlərinə başlanılıb. Cari ilin iyun ayında ilk mənzillər tam təmirli, mətbəx mebeli ilə təchiz edilmiş vəziyyətdə təhvil veriləcək. Eyni zamanda, bu şəhərcikdə 960 şagird yerlik orta təhsil məktəbi və 240 yerlik uşaq bağçası tikilməkdədir.
"Güzəştli mənzil komplekslərində sakinlərin rahat yaşayışı üçün tələb olunan bütün şərait yaradılır. Hər bir layihədə yaşayış binaları ilə yanaşı, orta təhsil məktəbi, uşaq bağçası, ticarət, məişət və ictimai-iaşə obyektlərinin yerləşdirilməsi öncədən planlaşdırılır. Beynəlxalq təcrübə göstərir ki, sosial mənzil layihələrinin düşünülmüş şəkildə mövcud yol-nəqliyyat infrastrukturuna inteqrasiyası onların uğurlu olmasını şərtləndirir. Zati-alilərinizin təşəbbüsü ilə Bakı dairəvi avtomobil yolunu və Şərifzadə küçəsini birləşdirəcək yeni dördzolaqlı yolun çəkilməsi Yasamal Yaşayış Kompleksinin gələcək sakinləri üçün çox önəmli rol oynayacaq. Həmin yol paytaxtın hər bir istiqamətinə nəqliyyatın çıxışının asanlaşdırılmasını və ictimai nəqliyyatın marşrutlarının optimallaşdırılmasını təmin edəcək", deyə Samir Nuriyev qeyd edib.
Sədr sözlərinə əlavə edib ki, agentliyin ikinci layihəsi - Hövsan Yaşayış Kompleksi 3 minə yaxın mənzildən, 1920 şagird yerlik orta məktəbdən, hər biri 260 yerlik olmaqla iki uşaq bağçasından, xəstəxanadan və digər ictimai obyektlərdən ibarət olacaq. Burada 10 min nəfərdən çox insanın yaşaması gözlənilir. İlk mənzillərin 2019-cu ilin yay aylarında, yaşayış massivinin isə 2020-ci ildə tam təhvil verilməsi planlaşdırılır.
"Qeyd olunan yaşayış komplekslərinin tikintisi ilə paralel olaraq, Agentlik növbəti layihələrin reallaşdırılması üçün də zəruri addımlar atır. Yasamal rayonunda güzəştli mənzillərə tələbatın çox yüksək olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin göstərişi əsasında Agentliyə Yasamal Yaşayış Kompleksinə bitişik 15,4 hektar əlavə torpaq sahəsi ayrıldı. Hazırda həmin kompleksin genişləndirilməsi üçün layihə-smeta sənədləri hazırlanmaqdadır. Bununla yanaşı, Sumqayıt şəhərində də sosial mənzillərin tikintisi üçün torpaq sahəsi müəyyənləşdirilib. Yaxın vaxtlarda Nazirlər Kabineti tərəfindən həmin torpaq sahəsinin ayrılması gözlənilir. Agentlik növbəti layihələr üçün torpaq sahələrinin müəyyənləşdirilməsi işini davam etdirir", deyə Samir Nuriyev bildirib.
O, həmçinin qeyd edib ki, ötən müddət ərzində 8200 nəfərə yaxın vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək, həmin şəxslər üçün fərdi elektron kabinetin yaradılması təmin olunub. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdirlər. Bununla yanaşı, vətəndaşların rahatlığını təmin etmək, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə elektron kabinetin yaradılmasına kömək göstərmək məqsədilə müvafiq “ASAN xidmət” mərkəzlərində agentlik əməkdaşları tərəfindən xidmət göstərilir.