​Reket jurnalistlərin inanılmaz əməlləri üzə çıxdı - MƏHKƏMƏ

Baxış sayı:
5404

“Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onu müavini Hikmət Nəcəfli, eləcə də Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Maarif Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş şəxs qismində Mustafa Muradov ifadə verib.
O, bildirib ki, Mingəçevir Telekommunikasiya Qovşağında rəis olub. Onun sözlərinə görə, təqsirləndirilən Surxay Əliyev ilə bir dəfə görüşüb və 10 dəqiqə söhbət edib.
Təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını deyən zərərçəkmiş bildirib ki, rəhbəri olduğu qovşaqda xidməti otağında jurnalistlər olub:
 “Yanıma o qədər jurnalist gəlib, heç birini xatırlamıram. Jurnalistlər deyirdilər ki, maşınımız xarab olub, müharibə zonasına gedirik, kömək edin. Biz imkan daxilində köməklik göstərirdik”.
Mustafa Muradovun sözlərinə görə, "Rabitə işi" ilə bağlı qəzetlərdə onların barəsində yazılar dərc olunub:
 “Surxay zəng edərək, bildirdi ki, "Rabitə işi"nə görə tutulan şəxslərlə bağlılığın var. Dedim, elə şey ola bilməz. Surxay dedi ki, əlimizdə materiallar var, qəzetdə dərc edəcəyik. Mən qayıtdım ki, namaz qılıb, "Quran" oxuyan adamam. Yenə də öz dediyini dedi. Ona yalvardım, yaxardım, amma xeyri olmadı. Məndən materialın dərc olunmaması üçün 5 min manat istədilər. Sonra həmin rəqəm 3 minə düşdü. Dedim ki, bu qədər pulum yoxdur. Sonda 600 manata razılaşdıq. Yevlax rayonunda yol polisi postunun yaxınlığında pulu onlara verdim. Pulu verməkdə məqsədim ondan ibarət idi ki, adımı hallandırmasınlar”.
Daha sonra şahid qismində Gülsarə Xəlilova ifadə verib. O bildirib ki, qızı xəstə olduğu üçün həkimə müraciət edib:
 “Həkimlər hamısı pul istədilər. Qızım əməliyyat olunmalı idi, amma əməliyyat olunmaq üçün imkanımız yox idi. Sonra nəşriyyata getdim. Orda polislər mənə məsləhət etdilər ki, Maarif Abbasovla görüşüm. Maarif müəllimlə görüşdük, ona dərdimi dedim. Həkimlərin yanına getdik. Orda pul söhbəti olmadı. Maarif müəllim heç kimdən pul istəmədi”.
Prokurorun suallarına cavab verən zaman şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında kəskin ziddiyyət yaranıb.
Bu səbəbdən onun ibtidai istintaq ifadəsi elan edilib. Şahid istintaqa verdiyi ifadəsində göstərib ki, qızının xəstəliyi ilə bağlı xəstəxanada həkim Həzrət Abbasovanın yanına gediblər:
 “Əməliyyat olunmalı idi. Həkim məndən əməliyyat üçün 100 manat pul lazım olduğunu dedi. Mən həkimin səsini yazdım və Maarif müəllim verdim. O da həmin səs yazısı ilə həkimi şantaj etməyə başladı. Orda mənə Maarif dedi ki, pul alsa, mənə də maddi köməklik edəcək”.
Şahidin ifadəsindən məlum olur ki, daha sonda qəzetlərdə “Sabunçuda şok rüşvət” adlı yazılar çap edilib:
“Həzrət həkimin xəstələrdən pul aldığı yazıda qeyd edilmişdi. Daha sonra pul alıb-alınmasından xəbərim olmayıb”.
Hakim bildirib ki, şahidin bilə-bilə yalan ifadə verməsi ilə bağlı barəsində xüsusi qərar çıxarılacaq.
İttihama görə, ölkədə insanları şantaj edən media orqanları rəhbərləri və əməkdaşları ilə bağlı Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində cinayəti başlanıb.
Aparılan araşdırmalarla "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və müavini Hikmət Nəcəfli də həbs olunub.
İstintaq araşdırması zamanı digər təqsirləndirilən Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Maarif Abbasovun Surxay Əliyevlə cinayət əlaqəsinə girdikləri məlum olub. Sevinc Məmmədsalayeva isə daha əvvəl hədə-qorxu ilə tələb etmədə təqsirləndirilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.