​QULİNİN ƏHATƏSİNDƏ OLMUŞAM - Narkotik alverçisi

Baxış sayı:
679

Bakıda narkotik vasitələrin satışında təqsirli bilinən 27 yaşlı Valeh Musayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, əvvəllər iki dəfə məhkum olunan Valeh Musayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.
Məhkəmədə ifadə verən Valeh Musayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Dərnəgül bazarında fəhləliklə məşğul olub.
Onun sözlərinə görə, idarə əməkdaşları tərəfindən qanunsuz olaraq həbs edilib. Qeyd edib ki, idmanla məşğul olub, narkotikin satışı və istifadəsi ilə məşğul olmayıb.
Lotu Qulinin tərəfdarı olduğunu deyən Valeh Musayev qeyd edib ki, Badamdar qəsəbəsində "Bulaq" restoranında baş verən atışmadan sonra saxlanılıb: "Bu işə görə 90 nəfər həbs edilib, onlardan 70-i narkotiklə tutulub. Məndə əvvəllər Lotu Qulinin əhatəsində olmuşam. Buna görə də məni həbs ediblər".
Valeh Musayev qeyd edib ki, əvvəllər narkotik və soyğunçuluq ittihamı ilə bağlı mühakimə olunub.
Növbəti proses yanvarın 23-də davam edəcək./axar.az/