“Qarabağ probleminin həllinə Rusiyadan daha çox İran mane olur” - ƏNVƏR BÖRÜSOY

Baxış sayı:
6682

“Tehran cənub regionumuzda ikinci etnik separatizim meydanı yaratmaq istəyir”

Keçmiş baş nazir, Qarabağ Komitəsinin təsisçilərindən olan Pənah Hüseyn musavat.com-un Facebook və Youtube üzərindən yayımlanan canlı debatı zamanı sensasion açıqlamalar verib.
Pənah Hüseyn bildirib ki, o, ölkəmizlə bağlı ciddi informasiyalar alıb: “Mənə xaricdəki dostlarımız bildirdilər ki, bu ayın sonu, gələn ayın əvvəlində ölkənin həm şimalında, həm də cənubunda təxribatlar hazırlanır. Bunu milli zəmində və xüsusi xarici xidmət orqanlarının əli ilə etmək istəyirlər. Çox diqqətli, ehtiyatlı olmaq lazımdır. Cürbəcür məqsədlər üçün bu təxribatlar hazırlanır. Bunlardan birinin Avropa Birliyi ilə bağlanan müqavilənin imzalanmasını dayandırmaq, ya da sıradan çıxarmaq olduğunu iddia edirlər. Bu məsələdə ermənilərin də işləməsi, ölkədə xaosun olmasında onların da marağının olması aydındır”.

Keçmiş baş nazir hesab edir ki, konkret hadisələrə görə konkret şəxslərin haqqında inzibati və cinayət hüququ əsasında tədbirlər görülməlidir: “Gözümüzün qabağında bəzi ölkələrdə baş verənləri xatırlatmaq istəyirəm. Onlarda da heç bir şey gözlənilmirdi. Amma iqtidarların devrilməsini müşahidə edirik. O baxımdan, pereventiv tədbirlər kimi, hesab edirəm ki, ölkədə real islahat, real dəyişim, real, demokratik seçki tətbiq olunmalıdır. Allah eləməsin ki, bu cür hadisələr xoşagəlməz nəticələrə səbəb olsun”.
Açığı, keçmiş baş nazir Pənah Hüseynin açıqlaması faktlara söykənirsə, bu dövlətimiz, xalqımız adına ciddi təhlükədir. Amma bu, nə dərəcədə doğru informasiyadır?
 
(Əvvəli bu linkdə:“Azərbaycana qaşı Dağıstan üzərindən “Ləzgistan”, İran üzərindən də “Talışıstan” ideyası...” – ƏNVƏR BÖRÜSOYDAN ŞOK AÇIQLAMALAR)
 
“Bəlkə DTX-ya bu informasiyalarla bağlı dəqiq məlumat verilib” dedikdə Ə. Börüsoy belə söylədi: “Mən onu deyə bimərəm, amma mən yazdıqlarımı aydın yazıram. Mənim yazdığım problemlərin hamısı bunun üzərində köklənir. Məsələn, Fəxrəddin Abbaszadəni tutub, gətirdilər. Mən nə yazdım? Yazdım ki, o vətən xainidir, o talış separatçısı deyil. Yəni biz Ermənistan kimi mono-etnik dövlət deyilik, burada bütün xalqlar yaşayır. Hamı da biri-biri ilə bərabərlik içində yaşayır, Konstitusiya qarşısında hamı bərabərdir. Burada “talışın hüququ pozulur, türkün hüququ pozulmur”, elə bir şey yoxdur. İnsanın haqqı pozulanda məmur baxmır ki, onun milləti kimidir. Məmur axmaqdırsa, vətəndaşın haqqını tapdalayır, onun rənginə, millətinə, kimliyinə, dini inancına, ictimai-sosial görüşünə baxmır ki. Bunlar tamamilə yanlış bir şeydir. Fəxrəddin Abbaszadə vətən xaini idi ki, Azərbaycanın bölünməsinin tərəfdarıydı.
 
Mən ikinci bir yazı yazdım ki, Fəxrəddin Abbaszadə həbs olunub və bu gün bunu beynəlxalq aləmdə müdafiə edən kimdir, filan erməni təşkilatları, saytları, adlarını da verdim, hamısı susdu. Niyə? Çünki məsələyə dəqiq diaqnoz qoyulmalıdı və ictimai fikrə çatdırılmalıdı ki, baxın, bunu bu gün müdafiə edən kimdir. Erməni xeyir ola, bunu müdafiə edir? Niyə Azərbaycanın hansısa hüquq müdafiəçisi Fəxrəddin Abbaszadəni müdafiə etmir?”.
 
“Bundan ötrü İran Gilan vilayətində 5 dənə mərkəz yaradıb”
 
“Bu təxribatların Avropa Birliyi ilə bağlanan müqavilənin imzalanmasını dayandırmaq, ya da sıradan çıxarmaq olduğunu iddia edirlər. Bu mümkündürmü” sualına gəlincə, Ə. Börüsoy vurğuladı ki, bu, heç cür mümkün deyil: “Sadəcə olaraq hansı beynəlxlaq şirkətlər ki, bura qaz yataqlarının istismarı ilə bağlı gələcək, ölkəmizə investiya qoyacaqlar, bu, o şirkətləri hürkütməkdən ötrüdür. Yəni Azərbaycana kapital axını gəlməsin. Dava yorğan davasıdır. Çünki Türkmənistanın, Qazaxıstanın qaz xətləri dənizin dibi ilə Azərbaycan üzərindən dünya bazarına çıxacaqsa, İranın qazının dünya bazarında ixracının əmsalı, yəni satış bazarı ölür və İran da buna görə narahat olur. Ona görə də İran başlayır bir tərəfdən Azərbaycanın cənub regionunu qızışdırır, yəni talış etnik separtazimini qabardır, digər tərəfdən də dindarları qızışdırır. Bundan ötrü İran Gilan vilayətində 5 dənə mərkəz yaradıb. Talış dilində jurnal buraxır, mədəniyyət mərkəzi yaradır. İran hökumətinə sual olunur, dünənəcən niyə yaratmırdın, bu gün yaradırsan? Xeyir ola, ilin-günün bu vaxtında sənin vətəndaşın acından ölür, amma sən bu layihələrə milyonlarla pul tökürsən? Çünki İran cənub regionunda ölkədaxili ikinci etnik separatizim meydanı yaratmaq istəyir. Bu da alınmayacaq. Ona görə ki, bu regionun - Masallının, Lənkəranın, Astaranın əhalisinin elə bir niyyəti yoxdur. Cəlilabadda, Biləsuvarda, Yardımlıda bir talış yaşamır, amma buranın hamısının boynuna qoyur ki, sən talışsan. Talışlar Lənkəran, Lerik, Astara, Masallı rayonlarında yaşayır. Özü də onlar da orada bizim azərbaycanlı əhali ilə iç-içə olan xalqdır və heç əti də dırnaqdan ayırmaq olmaz, bunlar bir yerdədirlər. Min illərdir birgə yaşayan xalqlardır, heç vaxt da problemləri olmayıb. Nə vaxt orada problem yaranır, o vaxt ki, xarici müdaxilə var. Xarici müdaxilə yoxdur, hamı da bərabərlik içindədir. Türkiyədə də həmin şeydir. İndi kürd problem Türkiyədə niyə yoxdur? Ona görə ki, Türkiyənin daxilində xarici müdaxilə yoxdur”.
 
“Bu, ancaq siyasi avantüradır”
 
“Elə Pənah Hüseyn də deyib ki, bu təxribatları xarici xidmət orqanlarının əli ilə etmək istəyirlər” söylədikdə Ə. Börüsoy qeyd etdi: “Sözümün başlanğıcında da dedim, bu, siyasi “provakasiya”dır. Heç vaxt bu, mümkün deyil. Mümkün olmayan şeyi deyirlər. Bunlar sadəcə olaraq informasiyaları oxuyurlar, filan təşkilat belə dedi, filankəs belə təhlil yazdı. Bunlar bir növ dünyaya virtual ədəbiyyatdan baxırlar, amma həyatın içindən baxmaq lazımdır. Azərbaycan siyasətçilərinin, xüsusilə müxalifətdə olanların 99 fazinin səhvi ondadır ki, dünyaya xalqın içindən baxmır. Baxır, filan saytda filan şey yazılıb. Virtual qəhramanlıq edə, ideologiyalar yarada bilərsən, görək, həyatda o tətbiq olunur, yoxsa yox? Bu gün vizual və virtual həyatda yaşayırıq, ikisinə də paralel baxmaq lazımdır. O şeylər virtual aləmdə var, amma gerçəkliyə baxanda o mümkün olan şey deyil ki, həyata keçsin. Bu, ancaq siyasi avantüradır”.
 
“Bəyanat verməklə məsələ həll olunmur”
 
“Müxalifətdə olanların 99 fazi dünyaya xalqın içindən niyə baxmır, xalqın içində deyillər ki” sualımız Ə. Börüsoyun cavabı belə oldu: “Səmimi demək lazımdır, mən bir dəfə görməmişəm ki, ölkədə hər hansı bir mövzu ilə bağlı bir araya yığışınlar, bir konfrans keçirsinlər, təkliflərlə çıxış etsinlər ki, ay camaat, bu problem var, həlli yolu budur, qoy, hakimiyyəti məcbur etsinlər ki, həmin o problemi həll etsin. Cəmiyyət də görsün ki, bunlar təklif elədi, hakimiyət məcbur oldu, həyata keçirdi. Sən görmüsən yığışıb bir konfrans keçirsinlər, təklif xarakterli ortaya bir şey qoysunlar? Tənqid etməyə mən də çox şeyi tənqid edirəm, amma təklif də olmalıdır, axı. Təklif varsa, tələbat da var. Bu, bazarın qanunlarıdır. Bir dəfə görməmişəm ki, yığışıb bir təkliflə çıxış etsinlər ki, hakimiyyət məcbur olub bu təklifi həyata keçirib və yaxud hakimiyyət onu həyata keçirmir, desinlər ki, ay camaat, bu problem hakimiyyət həll etmir, mən sizə qanuni həlli yollarını göstərirəm, qanunvericiliklə belə etmək olar, yaxud mövcud problemdən çıxış yolları budur. Bir konfrans, tədbir keçirmirlər, bəyanat verməklə məsələ həll olunmur ki. Mən ona görə bunlara qızıram”.
 
“Hakimiyyətin geriyə yolu yoxdur”
 
“Bəzi iddialar da var ki, təxribatlar bəhanəsi ilə sazişin imzalanması dayandırıla bilər. Necə düşünürsünüz hakimiyyətin özü Avropa İttifaqı ilə sazişin imzalanmasında qərarlıdırmı” sualını Ə. Börüsoy belə cavablandırdı:“ Hakimiyyətin geriyə yolu yoxdur. Bu gün Avropa Birliyinin Azərbaycanla təmaslar qurmasının iki mənası var. Birinci Yaxın Şərq probleminin tamamilə həllidir. Artıq Yaxın Şərq ölkələrində daxili etnik qarşdurmalar, dini, siyasi, məzhəb, təriqət müharibələri yoxdur. Suriyadır, Missirdir, Əlcəsairdir, Tunisdir, İraqdır, Livandır, Liviyadır, heç birində lokal müharibələr yoxdur, dayanıb. Bunlar Avropa Birliyinin ortaya qoyduğu iradənin nəticəsi olaraq əldə olunub. Azərbaycan da Yaxın Şərq ölkəsi kimi məcburdur ki, ölkənin təhlükəsizliyi ilə bağlı bu addımları atsın. Bir sıra dövlətlər ki, əldə etdiyi gəlirlərlə başqa ölkələrə ideolgiyalar ixrac edirlər, Azərbaycan o ölkələrin qarşısını almağa çalışan dövlətlərlə iş birliyinə getməlidir. Azərbaycan hansısa ölkəyə qarşı nə ideologiya, nə terrorizm ixrac edir. Ona görə də Azərbaycan məcburdur ki, Avropa Birliyi ilə eyni masada otursun və buna da normal baxmaq lazımdır. Azərbaycan bundan ancaq fayda götürür. Artıq TANAP layihəsinin 2020-ci ildə işə düşməsi Azərbaycanın Qarabağ probleminin həllinə doğru getməsi üçün böyük bir gücə çevrilməsi deməkdir. Yəni sonda ən azı 42 ölkə Azərbaycanın dünya bazarına çıxaracağı təbii yanacaq qazından istifadə edəcək. Azərbaycan təkcə öz qazını deyil, Türkmənistanın, Qazaxstanın da qazını verəcək, 19 milyard kubmetr qaz ixrac edəcək və İran bundan narahat olur. Çünki İran dünyaya həm ideologiya, həm də terrorizim ixrac edir. Ona görə də Avropa Birliyi, Amerika İranın iqtisadi, siyasi, maliyyə blokadasına alıblar və Azərbaycan da dolayı yolla bu blokada iştirakçıya çevrilir. Çünki Azərbaycanın da öz mənfəətləri var, İran qoymur ki, Qarabağ problemi həll olunsun. Qarabağ probleminin həllinə Rusiyadan daha çox İran mane olur. Bunları siyasətçilər, araşdırmaçılar, vətəndaş cəmiyyətin nümayəndələri deməlidir və göstərməldirlər ki, problem necə həll olunsun. Mən buna qızıram ki, bizimkilər bunu danışmır”.
 
Şamo EMİN, Hurriyyet.org