Pişiklər haqqında yeddi mif - SAHİBİNİN FİKİRLƏRİNİ OXUYA BİLİR?

Baxış sayı:
14713

Bizə elə gəlir ki, pişiklərimizi tanıyırıq. Adətən onlar məkrli və xudpəsənd təsiri bağışlayırlar. Amma pişiklər heç də digər heyvanlardan daha çox xudpəsənd deyillər. Və molekulyar genetikçilər, veterinar alimlər və heyvan davranışı mütəxəssisləri tərəfindən əldə olunan son məlumatlar da bu sevimli ev heyvanı haqqında bildiyimiz bəzi şeylərin üzərindən xətt çəkəcək. Əgər pişiyinizin böyük zəka sahibi olduğunu düşünürsünüzsə, yanıla bilərsiniz... Birinci mif: Süd pişiklər üçün ideal qidadır Pişiklərin süd içdiyini göstərən ənənəvi təsvir aldadıcı ola bilər. Pişiklər yağlı olduğuna görə qaymağı çox sevirlər və inəkdən yenicə sağılan və üzəri qaymaqla örtülən süd onları cəlb edir. Fəqət hazırda dükanlardan aldığımız südün tərkibində yağlılıq aşağıdır. Bəzi pişiklər onun dadını bəyənsə də, əksəriyyəti üçün südü həzm etmək çətindir. Bütün körpə məməlilər kimi pişik balaları da süddəki əsas şəkər sayılan laktozanı həzm etmək bacarığına malik doğulurlar. Körpə heyvanlar üçün şəkər mühüm enerji mənbəyidir, amma diş çıxarmağa başladıqdan sonra, onlara südü həzm etmək bacarığı ilə təmin edən laktas fermenti bağırsaqdan yox olmağa başlayır. Yetkin yaşlı pişik süd içdikdə həzm oluna bilməyən laktoza fermentləmyə başlaya bilər və belə olduqda mədə üçün narahatçılıq törədəcək. İkinci mif: Pişikləri təlim etmək olmur Təəccüblü olsa da, pişiklər də itlər qədər öyrənmək qabiliyyətindədir. Demək ki, onlara da nə isə öyrətmək mümkündür. Lakin bunu edən adam çox azdır. Bunun bir səbəbi odur ki, pişiklərin zərərvericiləri ovlamaq və öldürmək kimi ənənəvi fəaliyyəti onlarda təbii olaraq mövcuddur. Pişiklər bu barədə heç nə öyrətmədən belə, uğurlu olurlar. Təlim verilməyən itlər isə köməkdən daha çox maneə törədirlər. Fəqət bu iki növ arasındakı fundamental fərq nə dərəcədə yaxşı öyrənmək bacarığı deyil, onları öyrənməyə həvəsləndirən amillərdir. İtləri (Canis lupus familiaris) unikal edən insanını diqqətini mükafat kimi qəbul etmək qabiliyyətidir. Onlar təlimçilərinin etdiyi hərəkətləri demək olar ki, aludə olmuş şəkildə izləyirlər. Yəni, tələb olunan hərəkəti yerinə yetirdikdə başlarını sığallamaq, əks halda onlara fikir verməməklə davranışlarını formalaşdırmaq mümkündür. İtləri həm də qida mükafatı ilə təlim etmək olur. Amma əksər pişikləri (Felis catus) təlim etmək üçün qida yeganə vasitədir. Bir çox YouTube videolarından da gördüyümüz kimi pişiklər üçün ən asan fənd onları yemək üçün "yalvarmağa" məcbur qoymaqdır. Pişiyi təlim etmək üçün daha çox səbir və dözüm lazımdır. Çünki pişiklər yalnız müəyyən bir şeyi istədikləri təqdirdə insanların dediyini edirlər, itlər isə hər zaman buna hazırdırlar. İlk öncə onları diqqətli olduqda mükafatlı sonluğa alışdırmaq lazımdır. Bunun üçün dadlı böyük krevetka və ya bir tikə toyuq sinəsi bəs edə bilər. Təlim müddəti əvvəlcə qısa olmalıdır, çünki pişiklər bir şeydən tez sıxılırlar. Və yenidən təlim olunan yerə cəlb etmək cəhdləri onları öyrənməkdən çəkindirə bilər. Təlim, sahibinin həyatını asanlaşdıracağı qədər pişiklərin sağlamlığı üçün də əvəzsiz vasitədir. Məsələn, pişiyi veterinara səyahəti çətin ola bilər. Lakin əgər pişik daşındığı səbətə girib-çıxmağın əyləncəli bir şey olduğunu öyrənərsə və səbətin əslində təhlükəsiz və rahat bir yer olduğunu bilərsə, bütün proses asan və stresssiz başa gələr. Üçüncü mif: Pişiyi maraq öldürdü Bu qədim deyimə görə, pişiklər o qədər hər şeylə maraqlanırlar ki, tez-tez özlərini riskə atırlar. Əslində isə çox az pişik belədir. Təbii ki, bu həvəs pişikdən-pişiyə dəyişir, amma yeni vəziyyətə yaxınlaşmaq cəsarətinə heç də hər pişik sahib deyil. Onlar adətən diqqətli olurlar və tanış olmayan bir şeyi uzaqdan yoxlamağa üstünlük verirlər. Bioloqlar düşünür ki, bu xarakterik əlamət onları insandakı xüsusiyyətlərə yaxınlaşdırır və təkcə pişiklə yox, bir çox heyvanlarda mövcuddur. Qida kimi mənbələr kasad olduqda cəsarətli heyvanlar çəkingənlərdən daha çox sağ qala bilirlər. Lakin qidaya yaxınlaşaraq yırtıcılara yem olmamaq üçün çəkingənlik əlverişli xüsusiyyətdir. Bu isə növlər arasında şəxsi əlamətlərin mövcudluğunun göstəricisidir. Bəs bu deyim doğru deyilsə, necə yaranıb? Sən demə deyimin orijinal forması ilk dəfə 16-cı əsrdə "pişiyi diqqət öldürdü" kimi qeydə alınıb. Diqqət isə narahatlıq və ya stress mənasında verilib. Deyimi yazıya alınacaq qədər mühüm edən şey məlum olmasa da, veterinar elmi arxasında yatan həqiqəti yenidən aşkarlayır. Ev heyvanı kimi pişiklərin çoxu sistit və dermatit kimi stresslə əlaqəli xəstəliklərdən əziyyət çəkirlər. Son araşdırmalar göstərir ki, bu xəstəliklərə yol açan əsas şey pişiklər arasında antaqonistik münasibətlərdir. Eyni evdə yaşayan pişiklər arasında stress yarana bilər. Eyni sahibə malik yola getməyən iki pişik və ya əraziləri arasında sərhədi müəyyənləşdirə bilməyən qonşu pişiklər. İtlərdən fərqli olaraq pişiklər, bu cür fərqləri həll etmək imkanı verən bədən dili kimi sofistik analizə malik deyillər və aylarla, illərlə konflikt içində yaşaya bilərlər. BBC Horzion-un təqdim etdiyi The Secret Life Of The Cat (Pişiyin Gizli Həyatı) adlı verilişdə qarşı evlərdə yaşayan Kato və Phoebe adlı iki pişiyin aradakı bağçanın 'sahibliyi' barədə mübarizəsi göstərilmişdi. Dördüncü mif: Pişiklər ev heyvanlarıdır Bioloqların tam ev heyvanı meyarlarına uyğun gələn pişik növləri Fars, Siam, Rus Blyuzu və Maine Coonlardır. Tam ev heyvanına çevrilən it növləri, donuz və damazlıq mal-qara kimi bu pişiklərin çoxalması, yemi və qayğısını sahibləri müəyyənləşdirir. Fəqət Britaniyadakı əksər pişiklər ev heyvanı kimi yararlı deyillər. Onların anaları ola bilsin ki, ev heyvanı olublar. Amma cütləşmə mövsümündə (adətən yanvar və ya fevralda) onlar evdən çıxıb aktiv şəkildə mümkün qədər çox erkək pişiyin diqqətini cəlb etməyə çalışırlar. Bu erkək pişiklərin bir-ikisi ev pişiyi ola bilər, amma hal-hazırda bir çox erkək pişik sahibləri gəzəyən olmasınlar deyə onları neytral cinsi hala saldırır. Yəni, onların əksəriyyəti insandan qorxan bir növə çevrilir. Hər dişi və ya "kraliça" pişik bir neçə saat, bəzən isə bir neçə gün ərzində cəlb edə bildiyi erkək pişiklər arasından cütləşmək üçün bir və ya ikisini seçir. Tam əhliləşdirilən ev heyvanın sahibi isə buna icazə vermir. Təbii ki, əhliləşdirmə prosesi əsnasında bu davranış çox az dəyişib. Bu isə evlərimizdəki bir çox pişiklərin tam ev heyvanına çevrilmədiyini təsdiq edir. Bundan başqa, bu proses ev pişiklərinin erkək pişiklərə qarşı əzminin inkişafı və kraliçaların müəyyən erkəklərə üstünlük verməsi mexanizmi təqdim edir. Beləliklə, gələcək nəsil pişiklərin xüsusiyyətləri təsir görmüş olur. Küçə pişiklərinin mövcudluğu bütün "ev pişiklərinin" əhliləşmədiyi mənasına gəlir. Ev pişikləri doğulduqdan sonra, insanlarla münasibətə alışırlar. Dünyaya gəldikləri ilk iki ay ərzində insan münasibəti görmədikdə isə adamlardan çəkinirlər. Onlar küçə həyat tərzinə də alışa bilirlər və başqa heyvanların əlindən almaqla, ya da zibillikdən tapmaqla qidalanırlar. Əgər küçə pişiklər iki aylarına qədər tapılıb ehtiyatla insanlara təqdim olunsalar, tez bir zamanda heç bir əhliləşmiş heyvandan fərqləri qalmaz. Buna görə də pişiklər bir neçə nəsil içində həm əhliləşmiş, həm də küçə heyvanı kimi inkişaf edə bilirlər. Bunu bacaran ikinci ev heyvanı yoxdur. Çox güman ki, pişiyinizin bir vəhşi tərəfi də var. İstanbul- itlər və pişiklərlə harmoniyada yaşayan şəhər Beşinci mif: Pişiklər sahiblərinin fikrini oxuya bilir Alimlər insandan başqa zəkası olan heyvanların varlığı barəsində fikir ayrılığına sahibdirlər. Biz "şüur nəzəriyyəsini" çətinlik çəkmədən istifadə edə bildiyimizə görə ona malik olmamağı təsəvvür etmək edə bilmirik. Nümunə üçün, söhbət zamanı biz fikrimizi çatdırmaq üçün sözləri diqqətlə seçirik. Çünki qarşımızdakı insanın nə düşündüyünü təsəvvür edə bilirik. Biz söhbət etdiyimiz insanın bizimlə eyni şüura sahib olduğunu nəzərə alırıq, amma individual olaraq iki zəka arasındakı fərqi də unutmuruq. Bizə ən yaxın məməli sayılan meymunlardan başqa, digər məməlilərin "şüuru" məhdud dərəcədədir. İtlər şüurun 'diqqətə-diqqət' adlanan primitiv şəklini nümayiş etdirirlər: onlar digər itin diqqəti əsasında bir-birlərinə reaksiya verirlər. Fəqət bu, onların bir-birlərinin şüuruna agah olmaları demək deyil. Bu əlaqə üçün sofistik qaydalar dəsti kimi görünə bilər. Yəni, 'əgər digər itin hər iki gözünü görürsənsə, niyyətini ötür; yox əgər görmürsənsə, diqqətini cəlb etmək onun üçün hür'. Pişiklərin bu qədər sofistik səviyyəyə çatıb-çatmadıqları aydın deyil. Öz növünün üzvləri ilə məhdud dərəcədə qarşılıqlı əlaqə qura bilən bir növdən törəyən pişiklərin beynində çox güman ki, belə bacarıq təkamül edə bilməzdi. Pişiyiniz sizə baxdıqda əmin olun ki, diqqətini sizə kökləyir. Sizin nə düşündüyünüzü anlaması isə ağlasığan iş deyil. Altıncı mif: İtin iybilmə duyğusu pişiyinkindən daha güclüdür Ov itlərinin qoxuları fərqləndirmə gücü bizim nisbətən daha az həssas burnumuzdan 10 min və 100 min dəfə arası daha aşağıdır. Öz xırda burunları ilə pişiklərsə bizi min və 10 min arası faktoru əsasında keçə bilərlər. Yəni, bu mənada itlərin iybilmə duyğusu pişiklərinkindən daha yaxşıdır. Lakin insanlardan fərqli olaraq, pişiklər və itlər başqa cür qoxu alma duyğusuna malikdirlər: damağları ilə burun pərələri arasında yerləşən ikinci 'burun'. Və bu ikinci kimyəvi hissin gücünə görə pişiklər itləri qabaqlayır. Vomeronazal və ya Jacobson orqanı kimi bilinən ikinci burun bir cüt maye ilə dolu borucuqdan ibarətdir. Borucuqların bir tərəfi burun dəliyi, digər tərəfi kəsici dişlərə açılır. Yarıda isə hər iki borucuq hiss orqanından ibarət bir kisəyə birləşir. Bu orqana çatmaq üçün ətirlər əvvəlcə tüpürcəyə çevrilməli sonra isə bu kisəyə ötürülməlidir ki, iy ilə qoxu arasında bir hiss yaratsın. Vomeronazal orqanın (VNO) hətta beyində də öz hissəsi var ki, burada yaranan məlumat adi burunla ötürülən məlumatdan ayrıca emal olunur. Qadınları məişət zorakılığından qoruyan itlər Pişiklərin VNO-sundakı reseptorların çeşidi itlərinkindən daha çoxdur (otuzun doqquza nisbətində). Bundan əlavə, itlər VNO-larından istifadəni açıq göstərmirlər, pişiklər isə əksinə göstərirlər: üst dodaqlarını yuxarı qaldırır, yuxarı dişlərini göstərir - çox güman ki, VNO kanallarını açırlar - və kifayət qədər qəzəbli təsir bağışlayan üz forması alırlar. Bu üz formasının açması yenicə kəşf edildiyinə görə heç ingiliscə onu təsvir edən söz də yoxdur. Bioloqlar ona almanca adı 'Flehmen' kimi istinad edirlər. Pişiklərin vomeronazal orqanlarının daha nələrə qabil olduğunu araşdırmalar göstərəcək. Lakin bir şeydən əminik ki, pişiklər digər individualları qoxularından tanıyırlar. Yəni onları görüb-görmədiklərini bu yolla müəyyənləşdirirlər. Yeddinci mif: Ev pişiklərinin izi 4000 il əvvələ - qədim Misirə gedib çıxır Arxeoloji dəlillərlə ev pişiklərinin yaşını göstərmək mümkündür, amma bizim hazırkı ev pişiklərinın - DNT-si bunun daha qədim olduğunu göstərib: 5000 il əvvəl. Maryland-də yerləşən Bethesda-dakı Sağlamlıq üzrə Milli İnstitutundan Dr. Carlos Driscoll və həmkarları yüzlərlə ev və vəhşi pişiklərin mitoxondri DNT-sini nəzərdən keçirib. O qərara gəlib ki, ev pişiyi ilə vəhşi həmkarı ərəb vəhşi pişiyi Felis silvestris lybica 4000 yox, 10 min əvvəl ayrılıb. Bunun ardından ev pişikləri Yaxın Şərq və Şimalı Afrikadakı mənşə mənbəyindən yayılmağa başlayıblar. Arabir vəhşi pişiklərlə cütləşsələr də, ev pişikləri onlardan getdikcə daha uzaqlaşıblar. Fərq xüsusilə də onların əhliləşmək qabiliyyətindədir. Bakıda heyvlanlar üçün moda şousu Pişiklərin mənşəyinin dəqiq haradan gəldiyini müəyyənləşdirmək hələ ki mümkün olmayıb. Günümüzdəki vəhşi pişiklərin DNT-si göstərir ki, onların mənşəyi dünya üzrə ev pişiklərinin mənşəyi ilə eyni ola bilər. Regiondakı cari siyasi gərginlik, kifayət qədər nümunə toplayaraq yeri müəyyənləşdirməyə imkan vermir. Misirdəki yeganə və əlaqəsiz ev pişiyi nümunəsinə əsasən, ev pişiyinin vəhşi pişikdən yarandığını demək olar. Bu isə şübhəsiz ki, bir neçə minillik ərzində baş verib. Zaman keçdikcə vəhşi pişiklər daha çox ev heyvanına bənzəməyə başlasalar da, ovçuluq qabiliyyətini itirməyiblər. Nəticədə ərzaq dükanları siçan və siçovullardan azad fəaliyyət göstərə bilir.