“PANİKAYA HEÇ BİR ƏSAS YOXDUR” - Mikayıl Cabbarov mağazalarda kütləvi ərzaq alışı haqda danışdı / VİDEO

Baxış sayı:
2539

“Azərbaycanda əhalinin gündəlik tələbat malları, o cümlədən, qida məhsulları tələbatının ödənilməsində heç bir problem yoxdur”.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov son günlər mağazalarda müşahidə olunan kütləvi alışla bağlı məsələyə münasibət bildirərkən deyib.

Nazir qeyd edib ki, hazırda ticarət şəbəkələri, mağazalar və anbarlarda gündəlik tələbat malları, o cümlədən, ərzaq məhsulları ilə bağlı kifayət qədər ehtiyat mövcuddur və panikaya heç bir əsas yoxdur.

Onun sözlərinə görə, iqtisadi təhlükəsizlik məsələsi daim Azərbaycan hökumətinin diqqət mərkəzində olub: “Ölkənin ərzaq təhlükəsizliyinin etibarlı təmin olunması üçün ehtiyatlar mütəmadi monitorinq olunaraq qiymətləndirilir. Hazırda koronavirus təhlükəsi ilə əlaqar olaraq ölkəmizin sərhədlərində tətbiq olunan məhdudiyyətlər isə yükdaşımalara şamil edilmir”.

Hökumətin iqtisadi sahədə vəziyyətə nəzarət etmək üçün bütün vasitələrə malik olduğunu vurğulayan nazir deyib ki, yerli istehsalın artırılması üçün dövlət tərəfindən əlavə dəstək tədbirləri həyata keçiriləcək.

Son günlər istehlak bazarında tibbi vasitələrə - spirt və tibbi maskalara tələbatın artmasına da münasibət bildirən Mikayıl Cabbarov hazırda bu məhsulların təchizatında heç bir çətinliyin olmadığını vurğulayıb. Nazir yaxın həftələrdə Azərbaycanda tibbi maskaların istehsalı üzrə yeni müəssisənin işə düşəcəyini bildirib./Virtualaz.org