​“Oğlumu “psixi xəstə” adı ilə hərbi xidmətdən yayındırdılar” - Xəzər rayon Hərbi Səfərbərlik İdarəsinə qarşı ŞOK İTTİHAMLAR

Baxış sayı:
14953

Xəzər rayonu, Qala qəsəbəsi, “Zeytun bağları” yeni yaşayış massivində yaşayan Fərəcullayeva Afət Vəzir qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edən A.Fərəcullayeva oğlu Yalçının “psixi xəstə” adı altında hərbi xidmətdən yayındıran məsul şəxslərin qanunsuz hərəkətlərindən şikayətçidir:
“Mən, Afət Fərəcullayeva 1996-cı ildən İsgəndərov Rasim Xanəkbər oğlu ilə ailə həyatı qurmuş və iki övladımız olmuşdur. 5-6 ildən sonra Rasim xəstəlikdən vəfat etmişdir. Rasimin vaxtilə işlədiyi Zeytun Sovxozu tərəfindən ona ev tikintisi üçün verilmiş torpaq sahəsində iki otaqlı ev tikib, ailəmizlə yaşamışıq. Çox təəssüflər olsun ki, Rasim rəhmətə gedəndən sonra onun bacısı Vəzixanım İsgəndərova və qardaşı Rais İsgəndərov bizi, yetim qalmış uşaqlarla birlikdə, yaşadığımız evdən qovmaq üçün müxtəlif təzyiqlər göstərmişlər. Məqsəd bu olub ki, başsız qalmış ailəni yaşadıqları evdən və torpaq sahəsindən didərgin salsınlar. Lakin bu plan baş tutmadıqda onlar məni iki uşaqdan zorla məhrum edərək, onları yaxınlıqda yaşayan Vəzixanımın evində anadan ayırararq, zorla girov saxlamışlar ki, ana tək qalsın və bezib evi tərk etsin.
Ailə bşçısını itirdiyinə görə dövlətin onlara ayırdığı və mənim adıma verilmiş təqüd kartını 10 ildir ki, ələ keçirib, pullar baldızım Vəzixanım tərəfindən mənimsənilmişdir. Evin sənədlərini vermirlər ki, Afət hər hansı formada bu mülkdən istifadə edə bilməsin.
Atamgıl tərəfindən və eləcə də qardaşlarım köməkləşib mənə bir sıra yardımlar etmişlər ki, təki evimdə babat yaşaya bilim. Atam Vəzir kişi neçə dəfə mənə dolanmaq üçün yanı balalı sağılan mal vermişdir ki, yaşaya bilim. Lakin baldız və qayın mənim evdə olmadığımdan istifadə edərək, heç bir razılıq olmadan mal-qaranı özbaşına 2500 manata satıb, pulun yarsını mənimsəmişlər. Qalan verdikləri pulu da yenidən qaynı Rais gəlib 2018-ci ilin ortalarında Afətdən borc adı ilə alıb getmişdir. 11 aydır ki, qaytarmır.
Pulu gəlib bu məqsədlə məcbur alıb ki, guya oğlum Yalçını hərbi xidmətdən qurtaracaqmış. Əvvəl buna inanmırdım. Amma indi görürəm ki, boyu 180 sm olan və tam sağlam olan oğlum Yalçın İskəndərov Xəzər rayon Hərbi Səfərbərlik İdarəsindən hərbi xidmətə çağrılsa da, əmisi onu məndən malımı satıb əldə etdiyi pulun üstünü bitirməklə, “psixi xəstə” adı altında saxtakarlıqla hərbi xidmətdən yayındırıb. Bir ana kimi bilirəm ki, bu saxtakarlıqdır və istəyirəm ki, oğlum da gedib kasıb balaları kimi öz vətəndaşlıq borcunu yerinə yetirsin. Heç bir normal ana istəməz ki, boylu-buxunlu sağlam oğluna dəli damğası vurulsun. Xatırladım ki, Yalçın hazırda “Azbadam” MMC-də adi bir işçi kimi çalışır və 400 AZN maaş alır.
Odur ki, cənab Ali Baş komandan İlham Əliyevdən xahiş edirəm ki, Yalçının hərbi xidmətə göndərilməsinə qəsdən maneçilk törətmiş Hərbi Həkim komissiyasının, Xəzər rayon Hərbi Səfərbərlik İdarəsinin məsul şəxslərinin qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi üçün ciddi araşdırma aparılmasına göstəriş verəsiniz”.
Muxalifet.az
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.