“Oğlumu icra başçısı Lütvəli Babayevin sifarişi ilə həbsə atıblar” – HƏBS OLUNAN İKİNCİ QRUP ƏLİLİN ANASI PREZİDENTƏ MÜRACİƏT ETDİ

Baxış sayı:
9541

Ötən həftə Muxalifet.az-da “İcra başçısı onu sosial şəbəkdə tənqid edən ikinci qrup əlili həbs etdirdi” sərlövhəli yazı dərc etmişdik. Zərdab rayonu Çallı kənd sakini Məmmədova Sehri Nizami qızının redaksiyamıza şikayəti əsasında dərc olunan yazıda icra başçısı tərəfindən həbs olunduğu iddia edilən Məmmədov Qənimət Tehran oğlunun valideynləri prezident İlham Əliyevə müraciət etmişdilər.
Həmin yazıdan sonra Zərdab rayonu Çallı kənd sakini Məmmədova Sehri Nizami qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına növbəti şikayət məktubu daxil olub. Həmin məktubu olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq:

“Mən bir ana kimi mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edirəm.
Mənim oğlum Məmmədov Qənimət Tehran oğlu heç bir cinayət törətməsə də, Zərdab rayon icra başçısı Lütvəli Babayevin qəzəbinə tuş gəldiyi üçün, onu şər-böhtanla həbs etdirib. Lütvəli Babayev öz çirkin əməlini sığortalamaq üçün pul gücünə telekanallar vasitəsi ilə 3 gündür şou düzəldib xalqı aldadır ki, Qənimət Məmmədov özünü müxbir kimi qələmə verib, sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gələrək, sahibkarlardan pul tələb etdiyi üçün həbs edilib. Ancaq elin gözü tərəzidir. Əgər mənim oğlum 7 nəfər şəxsdən hədə-qorxu ilə pul tələb etmişdisə və almışdısa, nə üçün hüquq mühafizə orqanları xüsusi əməliyyat keçirib onu hədə qorxu gəlib pul anada video çəklişlə nömrələnmış pullarla həbs etmirdilər? Çünki mənim oğlum belə bir cinayət törətməyib. Bu cinayət işinin bir “zərəçəkmişi” var ki, o da icra başçısı Lütvəli Babayevdir.
Qənimətin barəsində şikayət edən "zərərçəkən"lər Zərdab meşə idarəsinin müdiri Bəxtiyar Fətəliyev, icra başçısı Lütvəli Babayevə məxsus maqazini işlədən Anar Qurbanov, yenə Lütvəli Babayevin ortağı olan “Luksoyl” Yanacaq Doldurma Məntəqəsinin müdiri Sadiq Məmmədov, Faiq Mürsəliyev adlı ruhi xəstə və Ucar rayonunda yerləşən, Lütvəli Babayevin ortağı olduğu aptekləri işlədən Elvin İsgəndərovdur.
Diqqət edin, Faiq Mürsəliyevlə Qənimət bəy arasında Zərdab məhkəməsinin icraatında bu ilin fevral ayında mülki qaydada verilmiş qarşılıqlı iddia var. Faiq Mürsəliyev iddia ərizsində yazıb ki, “Qənimət mənə sosial şəbəkədə yaltaq deyib, təhqir edib”. Ancaq qeyd etməyib ki, məndən hədə-qorxu ilə pul tələb edir. Halbuki, Lütvəli Babayevin sifarişi həyata keçirilən zaman - 11 mayda bu ittiham ortaya atılmışdı.

Zərdab Meşə İdarəsinin müdiri Bəxtiyar Fətəliyevin qanunsuzluğu barədə Qənimətin bu ilin yanvar ayında mətbuatda şikayəti dərc edilib. Mətbuatda gedən həmin şikayət təkzib olunmayıb. Bəxtiyar Fətəliyev ifadəsində göstərib ki, “Qənimət məndən hədə-qorxu ilə pul almayıb, meşə ərazisində qoyunlarını otarıb”. Bəs sual olunur, nə üçün indiyə qədər qanuna müvafiq tədbir görməyib?
Zərəçəkən kimi tanınan Emin İsgəndərovun Ucarda yerləşən Lütvəli Babayevlə  ortaq işlətdikləri 3 apteki var. Qənimətin şikayət ərizəsi əsasında həmin apteklərdən birinin lisenziya və kassa aparatı olmadan işlətməsi faktı Səhiyyə Nazirliyi tərəfindən müəyyən olundu və qanuni qaydada cəzalandırıldılar. Bundan nəticə çıxarmayan qondarma zərəçəkən Elvin İsgəndərov həmin apteki təkrar olaraq lisenziya olmadan açıb işlədir. İkinci dəfə isə Səhiyyə Nazirliyi onun barəsində inzibati protokol tərtib edir. Bu barədə isə Səhiyyə Nazirliyi Qənimətə cavab məktubu göndərir. Elvin İsgəndərov Səhiyyə Nazirliyində izahat verib göstərir ki, “Qənimət Məmmədovu İsmət adlı aptek sahibi öyrədib məndən şikayət yazdırır”. Ancaq Elvin həmin izahatında qeyd etməyib ki, Qənimət məndən hədə-qorxu ilə pul tələb edib. Burada hansı rüsvayedici məlumatla hədə-qoxu gəlib pul tələb etməkdən söhbət gedə bilər? Onda belə çıxır ki, Qənimət Səhiyyə Nazirliyi ilə əlbir olub cinayət törədib? Elvin İsgəndərov Ucarda 3 yerdə aptek işlədir. Bu qondarma cinayət işində qondarma zərəçəkənlərin sayını çoxaltmaq üçün hər aptekin ayrı sahibi olmasını qeyd edib, onları da zərərçəkən şəxs kimi istintaqa cəlb ediblər. Hətta Elvin Səhiyyə Nazirliyinə verdiyi  izahatında bunu etiraf edib ki, apteklərin üçü də ona məxsusdur.
Zərərçəkən Sadiq Məmmədov Zərdab rayonunda “Luksoyl” adlı Yanacaq Doldurma Məntəqəsini icra başçısı ilə ortaq işlədir. Orada benzinə qatqı qatılması, benzinin çəkişindən kəsilməsi və kassa aparatından istifadə edilməməsi faktı barədə Qənimət sosial şəbəkədə paylaşım etdi. Buna görə, oranın müdiri Qənimətə zəng edib ölümlə təhdid etdiyi üçün hüquq mühafizə orqanlarında bunu araşdırdılar. Həmin vaxt “Luksoyl” YDM-nin sahibi Sadiq Məmmədov öz izahatında göstərməyib ki, Qənimət Məmmədov məndən hədə-qorxu gələrək pul tələb edir. Ancaq 11 mayda icra başçısının sifarişi ilə belə bir ittihamla çıxış edir.

Zərəçəkən Anar Qasımovun işlətdiyi Lütvəli Babayevə məxsus maqazində isə istifadə müddəti ötmüş məhsullar satıldığı üçün Qənimət əsaslı olaraq həmin maqazadan aldığı istifadə müddəti ötmüş enerji içkisini öz fecbook qrupunda paylaşım edib, həm də aidiyyatı mərkəzi orqanlara şikayət ərizələri göndərib. Qənimətin şikayət ərizəsi əsasında İqtisadiyyat Nazirliyi həmin maqazində yoxlama aparıb, istifadə müddəti ötmüş məhsulların satılması faktını müəyyən edir. Həmin vaxt yoxlamağa gələn Vüqar Osmanov adlı vəzifəli şəxs Qənimətlə telefon əlaqəsi saxlayır, deyir ki, şikayət ərizəni yerində araşdırıma maqazinə gəlin. Qənimət də “uzaqdayam, 40 dəqiqəyə gələcəm” cavabı verir. 40 dəqiqədən sonra Qənimət mağazanın qarşısına gəlib, həmin Vüqar Osmanov adlı şəxsə zəng edir. O cavab verir ki, “mən siz gəlincə mağazanı yoxladım, istifadə müddəti ötmüş enerji içkisi aşkar edildi, protokol tərtib edib icra hakimiyyətinə gedirəm”. Bundan sonra icra hakimiyyətində Vüqar Osmanovun cibinə pul qoyulur deyə protokolu dəyişir. Qənimət İqtisadiyyat Nazirliyinin əməkdaşı Vüqar Osmanovun maqazindən istifadə müddəti ötmüş malı aşkar etməsi  faktını etiraf etməsi barədə telefon danışığını diskə köçürüb, onun qanunsuz əməllərindən Prezidentə, Baş Nazirə və  İqtisadiyyat Nazirinə şikayət edir. 11 may 2018-ci il tarixdə Rəşad adlı  İqtisadiyyat Nazirliyinin əməkdaşı Zərdab rayonuna gəlir və yoxlama aparır. Bundan çox-çox qəzəblənən icra başçısı Lütvəli Babayev əlini stola möhkəm çırparaq əmr verir ki, nəyin bahasına olur-olsun Qənimət bu gün həbs edilməlidir. Belə də olur, Qəniməti Zərdab Rayon Polis Şöbəsinə çağırıb qanunsuz olaraq həbs edirlər. Lütvəli Babayevin biznesinin satıcılarını, ortaqlarını isə zərərçəkən kimi üzünə qoyurlar.     
Mənim oğlum Qənimət heç kəsdən hədə-qorxu gəlmə ilə pul tələb etməyib, almayıb, yalandır, onu icra başçısı Lütvəli Babayevin sifarişi ilə qondarma ittihamla həbsə atıblar. Qənimətin barəsində olan cinayət işi Azərbaycan Respublikasının Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Beynəlxalq və digər qanunların tələblərini açıq-aşkar kobud şəkildə pozmaqla açılmışdır. Buna qol qoyan vəzifəli şəxslərin özləri cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Qənimət icra başçısı Lütvəli Babayevin girovudur. Bu isə adam oğurluğu cinayətidir.

Qənimətə verilmiş ittihamın tam qanunsuz olduğunu və belə bir cinayət işinin hansı savadsızın açmasına insanlar çox-çox təəccüb edirlər. Əsasən AR CM-nin 182-ci maddəsində xüsusi əməliyyat keçirilib, hədə-qorxu ilə tələb edilən pul nömrələnib tələb edənə verilir və artıq cinayət törətmiş şəxs müəyyən edilərək həbs edilir. Qənimətin işində isə bunların heç biri yoxdur. Əksinə Qənimət bu 7 nəfərin qanunsuzluq faktını ictimailəşdirib və hamısı da təsdiqin tapıb. Sadəcə Lütvəli Babayev kimi talançının qəzəbinə tuş gəlib deyə, onun girovluğundadır.
Qənimətin 3 uşağı var. Böyüyünün 5, ortancılının 2 yaşı var, kiçiyi isə 2 aylıq körpədir. Qənimət özü 2-ci qrup əlil olmaqla ciddi xəstədir. Mənim oğlum heç bir cinayət törətməyib, icra başçısı Lütvəli Babayevin girovudur. İcra başçısı öz çirkin əməlini sığortalamaq üçün telekanallara küllü miqdarda pul xərcləyib, Qənimətin cinayətkar olması şousunu 3 gündür yayımlatdırır. Hansı ki, həmin pulu bərbad gündə olan Zərdabın abadlıq işlərinə sərf etmək olardı. Bu adam düz 11 ildir Zərdabı viran günə qoyub, zərdablılara zülm yaşadır. Onun fəaliyyətindən bütün zərdablılar narazıdırlar.
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb, xahiş edirəm, günahsız olan 2-ci qrup əlil, xəstə və 3 körpə uşaq atası oğlum Qənimətin azad olunmasına köməklik edəsiniz. And olsun bu günki müqəddəs Ramazan ayına ki, Qənimət belə bir cinayət törətməyib. Əgər Qənimət həmin cinayəti törədibsə, bu günki müqəddəs Ramazan bizim ailəyə qənim olsun, yoxsa bu qondarma cinayəti hazırlayan şəxslərə qənim olsun”.

Muxalifet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.