İcra başçısı onu sosial şəbəkdə tənqid edən ikinci qrup əlili həbs etdirdi – PREZİDENTƏ MÜRACİƏT

Baxış sayı:
14188

Zərdab rayonu Çalıı kənd sakini Məmmədov Tehran Qənimət oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi yazır ki, Zərdab rayon icra başçısı Lütvəli Babayev onun oğlu Qəniməti qanunsuz olaraq həbs etdirib:
“Mənim oğlum Qəniməti 11 may 2018-ci il tarixdə Zərdab rayon icra başçısı Lütvəli Babayevin sifarişi ilə həbs ediblər. Səbəb isə Qənimətin icra başçısının fəaliyyətini sosial şəbəkədə ictimailəşdirməsi olub.
Oğlum Qənimət Facebook sosial şəbəkəsində "Zərdabda Haqqın Səsi" adlı qrup yaradıb, orada rayonda baş verən neqativ halları, sosial problemləri paylaşırdı. Bu isə Zərdabın icra başçısı Lütvəli Babayevə xoş gəlmədi. Çünki Lütvəli Babayev 11 ildə rayonda böyük kök salıb. Fakt isə budur ki, Lütvəli Babayevin 11 illik yarıtmaz fəaliyyəti nəticəsində Zərdab Azərbaycanda ən bərbad rayona çevrilib.
Həbs edilən oğlum Qənimətin müdafiə hüquqları pozulub, onunla əsir kimi davranılır, işgəncə veriblər. Hətta dünən (şənbə günü – red.) apardığımız yeməyi qəbul etmədilər, dedilər ki, bir başa icra başçısının göstərişidir ki, yemək qəbul etməyin.

Qənimət Məmmədov
Qeyd edim ki, ittiham tam saxta və qondarmadır. Qənimət 2-ci qrup əlildir  və himayəsində 3 azyaşlı övladı var. Kiçik övladı 1 ay əvvəl dünyaya gəlib.
Qənimətin tam günahsız olmasına dair konkret və mötəbər subutlar var. Bizə Zərdab rayon Polis Şöbəsindən ancaq onu dedilər ki, hədə-qorxu ilə tələb eləmə maddəsi ilə ittiham olunacaq, artıq şikayətçilər var. Ancaq şikayətçilərin kimlər olmasını demədilər. Mənim oğlum heç kəsə hədə-qorxu gəlməyib. Sadəcə onun şəffaf fəaliyyəti qanunsuz əməllərlə məşğul olan icra başçısı Lütvəli Babayevi təşvişə saldığı üçün oğlumu şərlətdirərək həbsə atdırıb. Qondarma şikayətçilər isə ancaq Lütvəli Babayevin əlaltıları olacaq.
Lütvəli Babayev o kəsdir ki, bir neçə il əvvəl qadını şərlətdirib həbsə atdırdı, aprel şəhidinin ailəsinin əlindən 500 manat pulunu aldı. Ən əsası isə, gəlin baxın, görün Zərdab rayonu necə bir bərbad gündədir. Öz qanunsuz yaramaz fəaliyyəti ilə insanların nifrətin qazanıb, narazılıqlar yaradan icra başçısı Lütvəli Babayevin özü bu gün həbsdə olmalıdır, mənim oğlum yox.
Mən mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edirəm. Sizdən xahiş edirəm, tam qanunsuz, qondarma ittihamla həbsə atılmış günahsız oğlum Qənimətin azad olunmasına köməklik göstərəsiniz, Zərdab rayon sakinlərini Lütvəli Babayevin zülmündən qurtarasınız”.

Muxalifet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.