MÜXALİF PARTİYA ƏFV SƏRƏNCAMINI ALQIŞLAYIR, AMMA... – “...bütün siyasi məhbuslara şamil edilmədiyindən yarımçıqdır”

Baxış sayı:
6325

Bu gün ADP İdarə Heyəti özünün növbəti toplantısını keçirib. Partiyadan Muxalifet.az-a verilən məlumata əsasən, toplantıda ötən həftə ərzində ölkədə və beynəlxalq aləmdə baş verən bir sıra ictimai-siyasi hadisələr müzakirə predmeti olub. Toplantı iştirakçıları ilk öncə Yeni Zelandiya məscidlərinə edilən silahlı hücum nəticəsində çoxsaylı dinc insanın ölürülməsi hadisəsini müzakirə edib. Müzakirələr nəticəsində baş vermiş qanlı hadisə terror aktı kimi dəyərləndirilib. Müzakirələrdə qeyd edilib ki, bu hadisə son vaxtlar bəzi dünya liderlərinin İslam əleyhinə verdiyi bəyanatların, İslamın terrorla bərabərləşdirilməsinin, dünyada islamafobiya kampaniyasının aparılmasının və islamla terrorun bərabərləşdirilməsinin nəticəsidir.
İdarə Heyəti dinc insanların kütləvi qırğını ilə baş verən qanlı hadisənin bəzi Avropa dövlətləri tərəfindən terror aktı kimi dəyərləndirilməməsini qətiyyətlə pisləyib, bu cür ikili yanaşma ilə dünyada insanlıq əleyhinə olan cinayət kimi terrorun qarşının alınmasının mümkün olmayacağını bildirib. İdarə Heyəti dini müstəvidə baş verən terror hadisələrinin qarşısının alınması naminə İslam və Xristian dünyasının dini liderlərinin birgə əməkdaşlıq müstəvisinin müəyyən edilməsinin, istər Xristian istərsə də İslam dünyasında baş verən terror hadisələrinin qarşısının alınmasında birgə mübarizə aparılmasının, İslam və Xristian xalqları arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.
İdarə Heyəti iki gün öncə ölkə prezidenti İlham Əliyev tərəfindən imzalanmış əfv fərmanını da müzakirə edib. Müzakirələrdə əfv sərəncamı cəmiyyətdə mövcud olan gərginliyin müəyyən mənada aradan qaldırılmasına yönəlik addım kimi dəyərləndirilərək alqışlanıb, eyni zamanda qeyd edilib ki, verilmiş əfv sərəncamı bütün siyasi məhbuslara şamil edilmədiyindən yarımçıqdır. Müzakirələrdə həmçinin ölkədə siyasi məhbus probleminin yalnız həbsdə olan siyasi məhbusların hamısının azadlığa buraxılması ilə həll etməyin mümkünsüz olduğu bildirilib. Bunun üçün ilk öncə ölkədə istintaq orqanının prokurorluqdan ayrılması, prokurorluğun dövlət adından çıxış etmək səlahiyyətinin əlindən alınması, ölkədə müstəqil vəkillik institutunun yaradılması, Avropa məhkəməsi tərəfindən qərarları qanunsuz hesab edilən hakimlər, prokurorlar və digər hüquq mühafizə orqanlarının əməkdaşları barəsində sərt tədbirlər görülməsi istiqamətində addımlar atılmasının vacibliyi qeyd edilib.
İdarə Heyəti ABŞ Dövlət Departamenti insan haqlarının vəziyyəti ilə bağlı 2018-ci il üçün açıqladığı hesabatı da müzakirə edib. Müzakirələrdə hesabatın Azərbaycanla bağlı hissəsində qeyd olunanları ölkə reallıqlarını özündə əks etdirən obyektib hesab kimi dəyərləndirib. Müzakirələrdə həmçinin, ölkədəki mövcud vəziyyətin həmin hesabatda olduğundan da ciddi xarakter aldığı, sosial, iqtisadi və siyasi səbəblər ucbatından ölkə əhalisinin böyük bir kəsiminin ölkəni tərk etməsi, uşaq pulunun verilməməsi ilə uşaqların taleyin ümidinə buraxılması, pensiya yaşlarının heç bir məntiqə sığmayan şəkildə artırılması, ölkədə işsizlik probleminin ciddi xarakter alması, tibbi sığortanın olmaması, konstitusiyaya zidd olaraq rusdilli məktəblərin artırılması kimi faktların da həmin hesabatda qeyd olunmasının vacibliyini bildirilib.
Müzakirələrdə hesabatda Azərbaycan hakimiyyətinin sərt şəkildə tənqid olunması ilə yanaşı, Azərbaycan dövlət maraqlarının müdafiə olunması da xüsusi vurğulanıb. Belə ki, adı çəkilən hesabatda separatçıların Ermənistanın dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əksər hissəsini və ona bitişik 7 rayonu nəzarətdə saxlamaqda davam etməsinin qeyd edilməsi, Ermənistanın Azərbaycan torpaqlarının işğal etməsinin rəsmi təsdiqi kimi dəyərləndirilib, ABŞ Dövlət Departamentinin bu mövqeyinin digər dövlətlər tərəfindən təsdiq olunması ilə bağlı Azərbaycan hakimiyyətinin müvafiq işlər aparmasının vacibliyi qeyd edilib.
İdarə Heyəti ötən həftə Ermənistanın baş naziri N.Paşinyanın Ermənistan Təhlükəsizlik Şurasının iclasını Xankəndində - Azərbaycanın işğal olunmuş ərazisində keçirməsi məsələsinə də münasibət bildirib. İdarə Heyəti bu hadisəni Ermənistanın Azərbaycan xalqına və beynəlxalq ictimaiyyətə gözdağı kimi qiymətlənirib, ATƏT-in Minsk qrupunun bu hadisəyə adekvat reaksiya verməməsini qətiyyətlə pisləyib və bu qurumun susqun mövqeyini separatçılara dəstək kimi dəyərləndirilib. İdarə Heyəti eyni zamanda baş vermiş hadisəyə Azərbaycan hakimiyyətinin də tutduğu mövqeyi qətiyyətlə pisləyib, hakimiyyətin bu mövqeyini təslimçilik əhval-ruhiyyəsi kimi dəyərləndirib. İdarə Heyəti hakimiyyəti erməni rəhbərlərinin işğal olunmuş Azərbaycan torpaqlarına hər hansı bir səfərinə qarşı kəskin hərbi tədbirlər görməyə çağırıb.
İdarə Heyəti ötən həftə AXH lideri İ.Həmidovun heç bir əsas olmadan saxlanılaraq polis idarəsinə aparılmasını, orada hədə-qorxulara məruz qalmasını qətiyyətlə pisləyib, baş vermiş hadisəni ölkədə vətəndaşların təşkilatlanması və siyasi fəallığına qarşı iqtidarın qanunsuz hərəkətləri kimi dəyərləndirib, ölkə başçısını ölkə qanunlarının və beynəlxalq hüquq normalarının kobud surətdə pozulması ilə müşayət olunan polis özbaşınalıqlarının qarşısının alınması istiqamətində addımlar atmağa çağırıb.
İdarə Heyəti sonda Azərbaycan xalqını qarşıdan gələn Novruz Bayramı münasibəti ilə təbrik edib, xalqımıza rifah dolu həyat, xoşbəxtlik və Şərq təqviminə görə yeni ilin xalqımızın qarşısında duran problemlərin həlli üçün düşərli il olmasını arzulayıb.
Muxalifet.az