Modelin ölümündə deputat oğlunun adı hallanır - SENSASİON FAKTLAR

Jurnalistin bu məlumata görə həbs edildiyi iddia olunur
 
“Bakıpost” saytının baş redaktoru Elçin Zahiroğlu deputat Elmira Axundovanın oğlu Həbib Axundovun şikayəti əsasında həbs olunub. Bunu deputat oğlu özü də təsdiqləyib. Deyib ki, Elçin Zahiroğlu onu şəxsi həyatına aid məlumatı yaymaqla hədələyib pul istəyirdi.
“O, mənə zəng vururdu, yazırdı, şantaj edirdi. Və pul istəyirdi. Mən polisə müraciət etməyə məcbur oldum. Bu jurnalist mənə başqa seçim imkanı qoymadı”, – Həbib Axundov “virtualaz.org”a belə deyib.
İddia olunur ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Elçin Zahiroğlunu pul almaq istərkən saxlayıb.
Həbib Axundov o deputat övladlarındandır ki, onun adı iştirakçısı olduğu müxtəlif qalmaqallarla əlaqədar tez-tez mediada müzakirə mövzusu olur. Son üç-dörd ildə Həbib Axundovdan dövlət başçısı, Baş prokuror, Daxili işlər naziri və s. dövlət strukturlarına da onlarla şikayət məktubu göndərilib. Adamlar deputat oğlunun onları bisnes qurmaq adı ilə aldadıb, pullarını əllərindən aldıqlarını bildirirlər.
 
Deputat və oğlu
Bu məsələ ilə əlaqədar “Azadlıq”ın redaksiyasına başlarına açılan oyunu ictimailəşdirmək üçün şikayət məktubu göndərənlər yazdıqlarını təsdiqləyən səs yazılarını da əlavə eləmişdilər. Səs yazılarında istər Həbib Axundov, istərsə də deputat anası adamlarlar pul alındığını və qaytarılmadığını etiraf edirlər.
Bundan başqa, Həbib Axundov dəbdəbəli həyat tərzi, çoxsaylı bahalı mülkləri və obyektləri ilə də ara-sıra gündəmə gəlib.
Keçmiş deputat Sabir Rüstəmxanlının bacısı oğlu olan Elçin Zahiroğlunun həbsi ilə nəticələnən son olaya gəlincə, bu haqda da “Azadlıq.info”ya ilginc məlumat daxil olub. Bildirilir ki, söhbət azərbaycanlı model, “Miss Lafarella” internet müsabiqəsinin iştirakçısı olmuş Günel Mirzəyevanın dənizdə boğulmasından gedir. Həbib Axundovun “şəxsi həyata aid məsələ” dediyi də budur.
 
Günel Mirzəyeva
Hadisə iyunun 26-da baş verib, amma modelin meyiti iyunun 29-da tapılıb. Günel Mirzəyeva Bilgəh çimərliyində dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Sahildən 200 metr uzaqlıqda o, yaxtadan suya düşüb. Üzməyi bacarmayan model batıb. Yanındakılar isə heç bir ziyan çəkməyib.
Məlumata görə, hadisə vaxtı Günel Mirzəyevanın yanındakı dostları arasında Həbib Axundov da olub.
Bugünlərdə mətbuatda yayılan xəbərlərdə də konkret ad çəkilməsə də, hadisənin baş verdiyi yaxtanın deputatlardan birinin oğluna məxsus olduğu bildirilir. Yaxta mütləq Fövqəladə Hallar Nazirliyinin “Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti”ndə qeydiyyatda olmalıdır. Adıçəkilən qurum sözügedən yaxtanın kimə məxsus olması, həmin gün dənizə çıxmağa icazəsinin olub-olmaması haqda suallara aydınlıq gətirmək istəmir.
Qeyd edək ki, Günel Mirzəyevanın ölümü ilə əlaqədar Sabunçu Rayon Prokurorluğunda CM-nin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Məsələ burasındadır ki, mərhumun bir sıra yaxınları, dostları onun özünün bədbəxt hadisə nəticəsində dənizə düşdüyünü düşünmür.
azadliq.info