​Mənzil dələduzu olan direktor azadlığa buraxıldı – HÖKM

Baxış sayı:
4753

“Qarabağ” Sudan İstifadə Edənlər Asossiyasının direktoru vəzifəsində işləmiş Tərtər rayon sakini, 1959-cu il təvəllüdlü Telman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Telman Səlimov 27 may 2005-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş “Qarabağ” Sudan İstifadə Edənlər Asossiyasının direktoru vəzifəsində işləyib.
İttihama görə, Sumqayıt şəhəri, Sülh və Dostluq küçələrinin kəsişməsində 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli bina iş adamı Şakir Hüseynova məxsus olub. Telman Səlimov həmin binada mənzil satmaq adı ilə dələduzluq etmək qərarına gəlib.
O, həmin binanda inşaat qaydalarının pozulduğu üçün tikinti işlərinin dayandırılması barədə məhkəmə qərarının olduğunu bilib.
Buna baxmayaraq, Telman Səlimov Sumqayıt şəhər sakini Rafiq Bəylərovu 17 mərtəbəli yaşayış binasının tikintisinin yenidən bərpa olunacağına, qısa müddətdə başa çatdırılacağına və mənzillərin hazır olacağına inandırıb.
O, Rafiq Bəylərovu aldadaraq yaşayış binasında 50 kvadratmetr sahəli mənzilin hər kvadratmetrini 300 ABŞ dolları olmaqla 15 min dollara satılması barədə 8 aprel 2016-cı il tarixli sxata müqavilə tərtib edib.
Telman Səlimov icraçı qismində sənəd imzlayaraq “Qarabağ” Sudan İstifadə Edənlər Asossiyasının möhürünü vurub, Rafiq Bəylərovdan mənzil satmaq adı ilə ilkin olaraq ondan 7231 manat alıb.
İstintaq orqanı tərəfindən Telman Səlimova Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Telman Səlimovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 3 il sınaq müddəti təyin olunmaqla 9 il 4 ay 10 gün müddətə həbs cəzası şərti hesab edilib.
Hökmdən zərərçəkmiş Rafiq Bəylərov apelyasiya şikayəti verib. O, hökmün Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməklə dəyişdirilməsini xahiş edib.
Apelyasiya şikayətini belə əsaslandırıb ki, işin məhkəmə tərəfindən faktiki halları ətraflı araşdırılaraq məhkumun əməli cinayət qanunu ilə düzgün tövsüf edilsə də, məhkuma törətdiyi cinayət hadisəsinin ictimai təhlükəlilik dərəcəsinə və ağırlığına, məhkumun şəxsiyyətinə uyğun olmayan cəza verilib.
Zərərçəkmişin fikrincə, qeyd olunan cinayət hadisəsinin obyekti özgənin mülkyyəti, təqsirin forması cinayətin qəsdən törədilməsi, onun az ağır cinayətlər kateqoriyasına aid olması, ictimai təhlükəliliyi isə vurulmuş maddi ziyanın məbləğidir, məhkəmə bu halları cəza təyini zamanı nəzərə almayıb.
Şikayətdə qeyd edilib ki, təqsirləndirilən şəxs Telman Səlimovun əvvəllər də eyni kateqoriyalı cinayət əməlinə görə məhkum olunması, hazırki cinayət əməlini şərti məhkumetmə dövründə törətməsi və vurulmuş maddi ziyanı tam olaraq ödəməməsi birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmayıb.
Zərərçəkmişin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Elman Əhmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.
Qərara görə, zərərçəkmiş şikayəti təmin edilməyib.
Qeyd edək ki, Telman Səlimov 2008-ci ildə iş adamları - "Şakir“ MMC tikinti şirkətinin rəhbəri Şakir Hüseynov, onun qardaşı Vidadi Hüseynov, İlham Hüseynov, Əşrəf Orucov ilə birlikdə mühakimə olunub. Həmin ittihama görə, Binəqədi rayonu Rəsulzadə qəsəbəsində 16 mərtəbəli və Yasamal rayonu Tbilisi prospektində yaşayış binası tikiblər. Onlar qəzalı vəziyyətdə olan binaları aldararaq vətəndaşlara satıblar. İş üzrə ümumilikdə 125 nəfər zərərçəkmiş var. İş adamları vətəndaşlara 2 milyon manata yaxın ziyan vurublar.
Məhkəmə həmin məhkumlara 10 il 6 ay şərti cəza təyin edilib. Məhkəmə təqsirləndirilən şəxslərin zərərçəkmişləri evlə təmin etmələri barədə qərar qəbul edib.
Lakin Şakir Hüseynov birinci məhkəmə instansiyasında zərərçəkmişlərin evlə təmin edilməsi barədə verdiyi sözə əməl etmədiyinə görə Bakı Apelyasiya Məhkəməsi onu zərərçəkmişlərin şikayəti əsasında həbs edib. Məhkəmə şərti cəza almış Şakir Hüseynov barədə 10 il 6 ay müddətinə hökm elan edib.
Məhkəmə digər təqsirləndirilən şəxslər barəsində olan hökmün qüvvədə saxlanılması barədə qərar qəbul edib.