​“Meyitlər doğranıb torbalara yığılmalı idi” – AzTV sədrinə SUİ-QƏSD PLANI

Baxış sayı:
796

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluqda və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Müsabil Namazov ifadə verib.
Şahid bildirib ki, Arif Alışanova sui-qəsd olunacağı barədə ilk dəfə Şamaxıda eşidib: “Bu haqda mənə Qoçəli dedi. Gördüm ki, Qoçəli ilə Şücayət nəsə danışırlar. Qoçəli dedi ki, müəllim bura gəlir. Dedilər, 600 min pul veririk, bu məsələni həll edərsiz. Sonra silah verdilər. Həmin vaxtlar Arif müəllim Şamaxıya gəldi. Əvvəl müəllim, sonra bir qadın, sonra isə sürücü maşından düşdü. Qoçəliyə dedim ki, bu, qansız işdir”.
Şahid Arif Alıçanova qarşı sui-qəsdin baş tutmamasını belə izah edib: “Mən Qoçəliyə yalandan demişdim ki, bunu planlı şəkildə etməliyik, belə sui-qəsd olmaz. Mənə tapşırıq vermişdilər ki, Arif Alışanovla yanaşı onun yanında olan şəxsləri də güllələyim”.
Şahid ifadəsində Arif Alışanova qarşı sui-qəsd planı hazırlanması barədə polisə xəbər vermək üçün paytaxta gəldiyini deyib: “Polisə Arif Alışanova qarşı sui-qəsd planı hazırlandığını dedim”.
Sualları cavablandıran şahid bildirib ki, plana görə sui-qəsd baş tutacağı təqdirdə meyitlər doğranılaraq torbalara yığılmalı idi.
Şücayət Əkbərovun suallarını cavablandıran şahid sui-qəsd planı ilə bağlı polisə məlumat verməyi özünə borc bildiyini deyib.
Daha sonra şahid qismində dindirilən dünya çempionu Natıq Bağırov bildirib ki, Şamaxıda torpaq sahəsi alıb və təsərrüfat qurmaq üçün Arif Alışanova 3 milyon pul verib. Şücayət Əkbərovun vəkili pulun mənbəyini göstərməsini istəyib. Hakim bu sualın çıxarıldığını bildirib.
Növbəti proses mayın 29-da davam edəcək.
İttihama görə, Şücayət Əkbərov 2013-cü ilin iyul ayından 2017-ci ilin yanvarınadək Şamaxı rayonunda və Baki şəhərində külli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə mütəşəkkil dəstə yaradıb. O, Arif Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını ələ keçirmək istəyib.
Sücayət Əkbərov yaxın münasibətlərdə olduğu Qoçali Cəbiyev , onun vasitəsi ilə isə Zöhrab Şirinov ilə Arif Alışanovu öldürmək barədə razılığa gəlib, cinayət planını hazırlayıb və mütəşəkkil dəstəyə rəhbərlik edib.
Bunun müqabilində dəstə üzvlərinə 600 min manat pul vəd edib. 2016-cı ilin dekabrn 13-də Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evinə gələcəyini qabaqcadan bildiyi Arif Alışanovu, onun qızı Nigar Alışanovanı və sürücüsü Hacı Babayevi öldürməyi sifariş verib.
Lakin dəstə üzvləri məlum olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyiblər.
Bundan başqa, Şücayət Əkbərov 2016-cı ilin dekabrında Arif Alışanovu qəsdən öldürmək məqsədilə başqa şəxs tapmaq barədə dəstə üzvü Qocalı Cəbiyevə yenidən tapşırıq verib. Qoçalı Cəbiyev əvvəllər məhkum olunmuş, tanışı Zöhrab Şirinovla cinayəti törətmək məqsədi ilə 100 min manat qarşılığında razılığa gəlib.
Bir qədər sonra Arif Alışanovun, onun bacısı oğlu Dəyanət Cəfərovun içərisində olduğu “Toyota land Cruiser” markalı 99-AA- 400 dövlət nömrə nişanlı avtomaşını Çuxuryurd-Şamaxı şossesi yolunda hərəkətdə olarkən yüksək sürətlə vuraraq hündürlükdən dərəyə salmaq barədə plan hazırlanıb
Qoçalı Cəbiyev telefonla Zöhrab Şirinova zəng edib, cinayətin törədiləcək vaxtı, Arif Alışanovun içərisində olacağı avtomaşını markası, rəngi, dövlət nömrə nişanlı barədə məlumatlandırıb.
Lakin Arif Alışanov gözlənilmədən öz avtomaşınına deyil, VAZ 21214 “NİVA” markalı, 10-LR-099 dövlət nömrə nişanlı avtomaşına əyləşib və Şücayət Əkbərov bu barədə dəstə üzvləri Qocalı Cəbiyev və Zöhrab Şirinovu xəbərdan etməyə imkan tapmayıb
Sücayət Əkbərov qəsdən adam öldürmə cinayətinin icrası üçün qrup üzvlərinə vəd etdiyi 100 min manat pulun bir hissəsini Zöhrab Şirinova verib.
Təqsirləndirilən şəxs 2016-ci ilin yanvarın 11-də növbəti dəfə Arif Alışanovu Şamaxı rayonunda odlu silahdan istifadə etməklə qəsdən öldürmək qərarına gəlib.
Lakin yenə planları baş tutmayıb.