Metroda bunu etsəniz 50 manat cərimələnəcəksiniz — RƏSMİ XƏBƏRDARLIQ

Bakı metrosundan istifadə edənlər bu nəqliyyat növündə müəyyən hərəkətləri edərkən cərimələnə bilərlər. Bu cərimələr İnzibati Xətalar Məcəlləsində öz əksini tapır.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev  ölkə.az-a açıqlamasında bildirib ki, bu cərimələrdən xəbəri olmayanlar demək olar ki, hər gün bu qaydaları pozurlar. Onun sözlərinə görə, belə qaydalardan biri də qatarın qapılarını saxlamaqdır.
“Qatarın qapılarını bağlanmağa qoymurlar. Bununla da, qatarlar gecikir. Bu xüsusən sərnişinlərin sıx olduğu PİK saatlarında baş verir. Bu həm digər sərnişinlərin narahatlığına səbəb olur, həm də metronun işində problemlər yarada bilər”, - deyə Nəsimi Paşayev bildirib.
Qurum rəsmisi deyir ki, hər gün belə problemlərlə rastlaşırlar. Lakin qaydaları pozanların niyə cərimə olunmamasına gəlincə, N.Paşayev deyir ki, sərnişinlərin cərimələnməsinə metro işçiləri nəzarət etmir: “Bu məsələyə polis nəzarət edir. Vətəndaşların cərimələnməsi polis əməkdaşlarının işidir”.
Qeyd İnzibati Xətalar Məcəlləsində qatarın qapısının saxlanmasına görə 50 manat cərimə nəzərdə tutulub.
Muxalifet.az İnzibati Xətalar Məcəlləsində Bakı metrosunun sərnişinləri üçün nəzərdə tutulan digər cərimələrin siyahısını təqdim edir:
İXM-140-1.1. Stansiyaların vestibüllərini, keçirdlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə 10 manat miqdarında cərimə edilir.
140-1.2. Eskalatordan sürahinin üstünə əşya qoymağa görə 15 manat miqdarında cərimə edilir.
140-1.3. Dəmir yoluna hər hansı əşya atmağa görə 30 manat miqdarında cərimə edilir.
140-1.4. Eskalatorun sürahisini çıxarmağa, zərurət olmadan “Stop” açarından istifadə etməyə, stansiyaların vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda siqaret çəkməyə, qatarın hərəkəti zamanı vaqonun qapılarını açmağa, qatarın yola düşməsini ləngitməyə, özbaşına dəmir yoluna düşməyə, qatarın idarəetmə kabinəsinə, xidməti-texniki otaqlara, ventilyasiya şaxtası köşklərinə, tunellərə və metropolitenin işçiləri üçün nəzərdə tutulan çəpərlənmiş ərazilərə daxil olmağa, açıq oddan, pirotexniki qurğulardan (fişəng, partlayıcı və sair) istifadə etməyə görə 50 manat miqdarında cərimə edilir.
140-1.5. Müvafiq icazə olmadan metropolitenin elektrik şəbəkəsinə elektrik işlədicilərini qoşmağa görə 70 manat miqdarında cərimə edilir.
140-1.6. Metropolitenin ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə hər hansı əşya yandırmağa görə 100 manat miqdarında cərimə edilir.