“Mesaj verirlər ki, sizi azadlığa buraxmağa məcbur qaldıq, amma...” – QİYAS İBRAHİMOV

Baxış sayı:
6895

"İslahatın ömrü 30 gün çəkmədi".
Sosial şəbəkələrdə gənc fəal Bayram Məmmədovun bu günlərdə polisə tabe olmamaqda suçlanaraq, 30 sutka həbs cəzası almasına daha çox bu şəkildə reaksiya verilir, hakimiyyətin islahatlar haqda bəyanatlarının sadəcə imitasiya olduğu yazılır. Bayram Məmmədov "heykəl məhbusu" kimi tanınır, digər fəal Qiyas İbrahimovla birlikdə keçmiş prezident Heydər Əliyevin heykəli üzərinə "Qul bayramınız mübarək!" yazandan sonra narkotik ittihamıyla saxlanıb, Novruz bayramı ərəfəsində əfv sərəncamı ilə azadlığa buraxılıb.
Bir çoxları siyasi fəalın "Turan" xəbər agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlərə görə saxlanıldığını iddia edir. Halbuki atası mətbuata oğlunun azadlığa çıxdıqdan sonra hər gün polisə aparıldığını deyir.
Bayram Məmmədovla eyni vaxtda həbs edilən və martda azadlığa çıxan Qiyas İbrahimov da “Azadlıq” radiosuna açıqlamasında dostunun həbsini həmin müsahibə ilə bağlamır: "Bayram onsuz da sosial şəbəkədə fikirlərini açıq və sərt yazırdı. Yəqin mesaj verirlər ki, sizi azadlığa buraxmağa məcbur qaldıq, amma bundan sonra sizə rahat olmayacaq. Əlbəttə, bu bizi narahat edir. Yaxşı bir şey deyil yenidən həbs olunmaq. Bayram 15 gün deyil azadlığa çıxıb, elə bil, məzuniyyətəgöndərmişdilər, artıq yenidən bir aylıq həbs etdilər".