Maliyyə Bazarlarına Nəzarət Palatasında Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirildi

Görüşdə Dünya Bankının Azərbaycanda mövcud və gələcək fəaliyyət istiqamətləri, xüsusilə palata ilə əməkdaşlığın perspektivləri barədə danışılıb
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəhbərliyi Dünya Bankının Cənubi Qafqaz, Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Mersi Tembonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“Report” MBNP-yə istinadən xəbər verir ki, görüşdə Dünya Bankının və Palatanın birgə həyata keçirdiyi maliyyə sektorunun müasirləşdirilməsi layihəsinin ikinci fazası çərçivəsində görülmüş işlər, əldə olunmuş nailiyyətlər və qarşıda duran hədəflər barədə geniş müzakirələr aparılıb.
M.Tembon Palatanın qısamüddətli fəaliyyəti dövründə təşkilatlanması və maliyyə sektorunun sağlamlaşdırılması istiqamətində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirdiyini və bundan sonra da Dünya Bankı qrupunun zəruri dəstəyi göstərəcəyini bildirib.
MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı isə dəstəyə görə M.Temboya təşəkkür edib və qarşılıqlı faydalı əməkdaşlığın davam edəcəyinə ümid etdiyini vurğulayıb.
Görüş iştirakçıları Dünya Bankının Azərbaycanda mövcud və gələcək fəaliyyət istiqamətləri, xüsusilə MBNP ilə əməkdaşlığın perspektivləri barədə də danışıblar.