Kreditləriniz necə ödənəcək və ödənəcəkmi? - PREZİDENTİN FƏRMANI BARƏDƏ 10 SUALA CAVAB

Baxış sayı:
8281

Prezident İlham Əliyev fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həllilə bağlı fərman verib. BBC News Azərbaycanca prezidentin fərmanını 10 suala cavabda izah edir.

1. Prezidentin imzaladığı fərman kimlərə şamil olunacaq?

İlham Əliyevin imzaladığı fərmana görə, dövlət tərəfindən tətbiq olunacaq güzəşt yalnız fiziki şəxslərin kredit borcuna aiddir.

2. Hansı kreditlər prezident fərmanının əhatəsinə düşəcək?

Prezidentin fərmanı ancaq, xarici valyuta ilə və on min ABŞ dollarına kimi götürülmüş problemli kreditlərə aid edilir. Prezident fərmanında göstərilən tarixlərdə banklardan Azərbaycan manatı ilə krerit götürmüş şəxslərə bu güzəşt tətbiq edilmir.

3. Nə qədər insanın kredit borcuna güzəşt tətbiq ediləcək?

İqtisadi İslahatların Təhlili və Kommunikasiya mərkəzinin rəhbəri Vüsal Qasımlının sözlərinə görə, problemli kreditlərin həllində dövlət güzəşti ümumilikdə 850-900 min insanın kredit probleminin həllinə yönələcək.

4. Birinci devalvasiyadan əvvəl kredit götürənlərin borcları necə hesablanacaq?

Prezidentin fərmanına əsasən, güzəşt yalnız 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiya qərarları nəticəsində artmış məbləğlərin kompensasiyası ilə bağlı olacaq. Yəni, birinci devalvasiyaya qədər olan kreditlərdə "ana borc" yerində qalacaq. Devalvasiya nəticəsində artan borc məbləği (hər dollara görə 25 qəpik) dövlət tərəfindən ödəniləcək.

Birinci devalvasiyaya kimi götürülmüş on min ABŞ dollarına qədər borcun məzənnə fərqini dövlət öz üzərinə götürür. Amma "ana borc" və onun üzərinə gələn faizlərlə bağlı fərmanda heç bir göstəriş yoxdur.

Məsələn, devalvasiyadan öncə 1000 dollar borc götürmüsünüzsə və devalvasiya nəticəsində borcunuz artıbsa, 1000 dolları və ona təyin edilmiş faizləri yenə də özünüz ödəməli olacaqsınız.

5. İkinci devalvasiyadan əvvəl kredit götürənlərin borcu necə hesablanacaq?

Birinci devalvasiya ilə ikinci devalvasiya arasında götürülmüş borclarla da bağlı fərmanda o yazılıb ki, ikinci devalvasiyaya qədər götürülmüş borclarda "ana məbləğ" 1 manat 5 qəpik məzənnə ilə qaytarılacaq.

Amma devalvasiyadan dəymiş zərərin məbləği (hər dollara görə 60 qəpik) dövlət tərəfindən ödəniləcək.

Yəni, birinci və ikinci devalvasiya nəticəsində yaranmış məzənnə fərqi dövlət tərəfindən ödənilir. İkinci devalvasiyadan sonra götürülmüş valyuta kreditlərinə isə ümumiyyətlə aid edilmir.

6. Güzəşt tətbiq olunduqdan sonra yerdə qalan borcun ödənilməsi necə həyata keçiriləcək?

Devalvasiya nəticəsində artan hissə ödəndikdən sonra yerdə qalan borcları ödəmək üçün vətəndaşlara manatla yenidən hesablanmış borcları ödəmək üçün 1 il güzəşt müddəti olmaqla 5 illiyə illik 1 faizlə banklar tərəfindən kredit xətti açılır.

Bu məqsədlə Mərkəzi Bankın banklara illik 0.1%-lə ümumi həcmi 682 milyon manat kredit xətti açması nəzərdə tutulur.

7. Fiziki şəxslərə güzəşt olunacaq məbləğin limiti nə qədərdir?

Vətəndaşlara ödəniləcək, banklar tərəfindən silinəcək kompensasiyanın ümumi məbləği 5 min ABŞ dollarından çox olmamalıdır.

Yəni, "ana borc" on min ABŞ dollarından çox olmamalıdır, silinəcək məbləğ, ödəniləcək kompensasiya isə beş min ABŞ dollarından çox olmamalıdır.

8. Hazırda məhkəmədə olan işlərin taleyi necə olacaq?

On min ABŞ dollarına kimi kredit götürmüş və birinci və ikinci devalivasiyadan sonra kreditlərini ödəyə bilməyən vətəndaşlar məhkəməyə verilibsə, həmin işlər banklar tərəfindən məhkəmələrdən geri çağrılacaq.

9. Hansı tarixdən olan kreditlərə güzəşt tətbiq oluna bilər?

Güzəşt üçün başlanğıc tarix 2012-ci ilin yanvarın 1-i, son tarix bu gün - 2019-cu ilin 28 fevralı götürülür.

10. İndiyə qədər kreditlərini yeni məzənnə ilə ödəyənlərin vəziyyəti necə olacaq?

İqtisadi İslahatların Təhlili və Kommunikasiya mərkəzinin keçirdiyi mətbuat konfransında mərkəzin rəhbəri Vüsal Qasımlı deyib ki, "devalvasiya ilə bağlı manatla artmış hissə vətəndaş tərəfindən indiyə qədər ödənilibsə, bu məbləğ geri qaytarılacaq. Bu vəsaitin geri qaytarılma mexanizmi hazırlanacaq".

"Söhbət dollarla kreditin manatla bağlanmasından gedirdisə, banklar üçün problem yarana bilərdi. Buna görə bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kredit hesabına banklara onların müraciəti əsasında 215 milyon ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızlar veriləcək",- Vüsal Qasımlı belə deyib.

İqtisadi təhlilçi Natiq Cəfərli hesab edir ki, ölkə üzrə problemli kreditlərin həcmi təqribən 1,8 milyard manat idi. Bu fərmanla bunun bir milyard manata yaxın hissəsi həll olunur, amma yerdə qalan hissəsi problemli kreditlər kimi yenidən bankların və vətəndaşların üzərində bir yük kimi qalacaq.

10 min ABŞ dollarından çox kredit götürən şəxslərin borcunda 10 min dollara qədər olan hissəyə bu fərman şamil olunmayacaq. Rəsmilər bunu problemli kreditlərin 95 faizinin on min ABŞ dollarına kimi olması ilə izah ediblər.

2015-ci il fevralın 21-də Mərkəzi Bank Azərbaycan milli valyutasının - manatın devalvasiyasını həyata keçirərək 1 Azərbaycan manatının rəsmi məzənnəsinin 1.05 ABŞ dollarına bərabər olduğunu elan etdi.

1 dollar birinci devalvasiyada 1 manat 5 qəpik, ikinci devalvasiyada isə 1 manat 55 qəpik səviyyəsinə yüksəlib. Ona qədər isə uzun illər 1 dollar 78 qəpik olmuşdu. Manatın məzənnəsinin dəyişməsindən sonra minlərlə vətəndaş bankdan ABŞ dolları ilə götürdükləri kreditləri qaytarmaqda çətinliklə üzləşdi. Konstitusiya Məhkəməsi bu barədə bankların xeyrinə qərar çıxarsa da, bu məsələni həll edə bilməmişdi.

Son bir ildə isə manatın məzənnəsi sabitdir - hazırda 1 ABŞ dolları 1 manat 70 qəpik civarındadır.