Koronavirus toy-nişan mərasimlərinə də təsir etdi – TOYLAR TƏXİRƏ DÜŞÜR

Baxış sayı:
4357

Dünyanın əksər ölkələrində yayılan koronavirus öz növbəsində ölkəmizdə də təşviş yaradır. 3 nəfərin virus şübhəsi ilə xəstəxanaya yerləşdirilməsindən sonra isə narahatlıq bir qədər də artıb. Heç şübhəsiz ki, bundan dolayı da böyük kütləvi təbirlərin bəziləri təxirə salınıb, insanlar da belə yerlərə getməkdən çəkinir.

Bəs maraqlıdır, virus qorxusu toy və nişan mərasimlərinə necə, təsir edibmi? Mart ayında toy və nişanını təxirə salan, ya da plan qurub, şadlıq saraylarına müraciət etməkdən çəkinənlər var?

Muxalifet/az bildirir ki, modern.az məsələ ilə bağlı ölkədə toy və nişan mərasimlərinin təşkil olunduğu restoran şəbəkələri arasında sorğu keçirib:

“Hollivud” şadlıq sarayından bildirilib ki, sifarişlərdə hansısa azalma müşahidə edilmir:

“Mart ayında da sifarişlər əvvəlki qaydada daxil olur. Yəni nə azalma, nə də artım müşahidə olunmur. Toy və ad günlərini həmişəki qaydada bu ay da təşkil edəcəyik”.

“Badi-Səba” şadlıq sarayından aldığımız məlumata əsasən isə mart ayı üçün sifarişlər az olub:

“Bütün sahələrə olduğu kimi toy, nişan bazarına da koronavirus təsir etdi. Bu ay ərzində xeyir iş, yəni ad günü, yaxud da toy-nişan mərasimlərində kəskin azalma var. Əvvələr mart ayı üçün biz daha çox sifariş qəbul edirdik indi virus insanları təşvişə salıb”.   

“Cıdır düzü” şadlıq sarayının əməkdaşı təmizlik məsələlərinə xüsusi diqqət edildiyini və sarayın heç bir mərasimi təxirə salmayacağını deyir:

“Həmişəki qaydada toy, ad günü və nişan mərasimləri bağlı bizə müraciətlər daxil olur. Dezinfeksiya məsələlərinə xüsusi önəm veririk, virus riskli həddə deyil ki, inasanlar toy, yaxud da nişan məsələsini təxirə salsın. Nə də ki, biz hələ hansısa xeyir işi təxirə salmaq niyyətində deyilik”.

“Çıraq Palas” şadlıq sarayında mart ayı ərzində daha az  toy-nişan mərasimi təşkil olunacaq:

“Keçən ilə baxanda bu ilin mart ayı üçün daha az sifariş qəbul etmişik. Amma tək mart yox, yanvar-fevral ayları ərzində də müraciətlər ötən ilə baxanda daha az olub”.

“Xan” şadlıq sarayından bildirilib ki, mart ayı üçün sifarişlər əvvəlki aylara nisbətdə azalıb:

“Mart ayı ərzində daha çox toy sifarişi qəbul edirdik. Amma bu il nə toy, nə də nişan mərasimi ilə bağlı elə də müraciət daxil olmur. Çox güman ki, insanlar koronavirusdan dolayı xeyir iş etmək istəmirlər”.

“Monolit Plaza” şadlıq sarayından da mart ayında toy və nişan mərasimlərinin daha az olacağı bildirilib:

“Yanvar-fevral aylarınada toy və nişan mərasimləri ilə bağlı aktiv müraciətlər daxil olub. Amma mart ayında bu iki aya nisbətdə toy və nişan üçün müraciət edənlərin sayında azalma var. Amma şadlıq sarayı olaraq biz dezinfeksiya məsələlərinə xüsusi önəm veririk, yəni bu birbaşa insanların təşvişi ilə əlaqəlidir”.   

 “Gilavar” şadlıq sarayından əldə etdiyimiz məlumata görə isə xeyir iş məclislərində hansısa azalma yoxdur:

“Həmişəki qaydada bizə sifarişlər daxil olur. Yəni mart ayında əvvəl necə idi, indi də o qaydada toy və nişan mərasimləri təşkil olunur”.