​Kooperasiya Universitetindəki “rüşvət piramidası”nın başında duran şəxs – BÜTÜN QANUNSUZ ƏMƏLLƏR ONUN RƏHBƏRLİYİ ALTINDA BAŞ VERİR...

Baxış sayı:
9912

Ötən ayın 9-da Muxalifet.az saytı etibarlı mənbəyə istinad edərək, “Kooperasiya Universitetində şok rüşvət faktları: tələbələrdən pulu kimlər və necə toplayır...” sərlövhəli yazı dərc etmişdi. Həmin yazıda Azərbaycan Kooperasiya Universitetində baş verən neqativ hallarla bağlı oxucularımıza məlumat vermişdik. Bu haqda redaksiyamıza məlumat verən mənbə bildirmişdi ki, Kooperasiya Universitetində rüşvətxorluq kütləvi hal alıb. Ali məktəbin rəhbərliyi burada təhsilin səviyyəsini yüksəltməyə maraq göstərməkdənsə, rüşvətxorluğun daha da genişlənməsinə yol açan qaydalar tətbiq etməklə, öz gəlirlərini ilbəil artırmağa çalışırlar. Məsələn, Kooperasiya Universitetində tələbələrin dərsə davamiyyəti çox aşağı səviyyədə olsa da, bu neqativ fakt rəhbərliyi narahat etmir. Əksinə, onlar davamiyyətin aşağı olmasında maraqlıdırlar. Çünki sessiyalarda iştirak etməyən tələbələr imtahanlara buraxılmaq üçün külli miqdarda vəsait ödəmək məcburiyyətindədirlər. Mənbə onu da demişdi ki, Kooperasiya Universitetində dərsə davamiyyəti aşağı olan tələbələr imtahana buraxılması üçün, fakültəsindən asılı olaraq, hər fənnə görə 100-200 AZN rüşvət verməli olurlar. Bu pullar əksər hallarda qrup nümayəndələri, bəzən isə dekanlar tərəfindən toplanır. Ümumilikdə isə, Kooperasiya Universitetində imtahanlar formal xarakter daşıyır. Tədris prosesində baloniya sisteminin tətbiq olunmasına baxmayaraq, fakültə rəhbərlərinin maddi maraqlarına əsasında, tələbələrə məqbul yazılır. O da bildirilirdi ki, sessiya zamanı universitetdə hər tələbədən imtahanlara görə 650-750 AZN pul toplanılır. Mənbənin sözlərinə əsasən, bu pullar da yenə qrup nümayəndələri və dekanlar tərəfindən yığılır. “Kooperasiya Universitetinin 4-cü kurs tələbələri də istehsalat təcrübəsində iştirak edib-etməməsindən asılı olmayaraq, rüşvət verməyə məhkumdur. Belə ki, istehsalat təcrübəsində iştirak edənlər 500 AZN, etməyənlər isə 1000 AZN ödəməli olurlar. Bu pullar da rəhbərliyin göstərişi əsasında fakültə və ya qrup rəhbərləri vasitəsilə toplanır. Mənbə deyir ki, Kooperasiya Universitetində yekun dövlət imtahanının qiyməti 1500-2500 AZN-dir. Hansı ki, bu pulların da hamısı “aşağılarda” yığılaraq, sonda universitet rəhbərliyinə çatdırılır” – deyə sonda vurğulanırdı. Xatırladaq ki, sözügedən məqalənin sonunda mövzu ilə bağlı araşdırmamızın davam etdiyini bildirmişdik. Dəyətli oxucularımıza söz verdiyimiz kimi, aradan keçən təxminən bir ay ərzində Kooperasiya Universitetində təhsilin inkişafına mane olan neqativ hallarla bağlı geniş araşdırma aparmış və bir sıra ciddi faktlar əldə etmişik. O cümlədən, universitetdə qurulan “rüşvət piramidası”nın başında dayanan şəxsin kimliyini də ortaya çıxarmışıq… Beləliklə, apardığımız araşdırma nəticəsində məlum olub ki, Kooperasiya Universitetində baş verən neqativ hadisələr əsasən bir əldən idarə olunur. Bu barədə əməkdaşımızı bilgiləndirən məlumatlı mənbə deyir ki, universitetdə bütün qanunsuz əməllər rektor Eldar Quliyevin müşaviri Qara Allahverdiyevin nəzarəti altında baş verir. Məsələn, yekun dövlət imtahanı, semester imtahanları və dərsə davamiyyətlə bağlı problemi olan tələbələr mütləq qrup nümayəndələri və dekanlar vasitəsilə Q.Allahverdiyevin “qılıncının altından keçməlidir”. Mənbənin sözlərinə görə, Qara Allahverdiyevlə “anlaşaraq” dərsə ildə cəmi 2 dəfə gələn, hətta adı universitetdə, özləri xaricdə olan tələbələr də var. Bildirilir ki, rektor E.Quliyevin başı Milli Məclisin işlərinə qarışdığından, onu səlahiyyətlərini faktiki olaraq müşaviri həyata keçirir. Bu baxımdan da Kooperasiya Universitetinin tələbələri arasında Q.Allahverdiyevi “boz kardinal” adlandıranlar da var… Eldar Quliyev Muxalifet.az P.S. Xatırladaq ki, bizim yazıdan sonra Meydan.tv də Kooperasiya Universitetində baş verən neqativ proseslərlə bağlı geniş reportaj hazırlayıb. P.P.S. Mövzu ilə bağlı araşdırmamız davam edir. Kooperasiya Universiteti rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq.