Azərbaycanda məktəblilərin COVID-19 testi verməsi təklif olundu - YENİ ÜSULLA

Baxış sayı:
4590

"Hələ pandemiyanın dünyada başladığı ilk aylardan bəlli idi ki, uşaqlar SARS-CoV-2 virusunun yayılmasında çox böyük rol oynayırlar. Belə ki, onların əksəriyyəti xəstəliyi yüngül və ya bəzən simptomsuz formada keçirsələr də virusu böyüklər qədər yaya bilirlər, bu da öz növbəsində viruslu uşağın xəstəliyə yoluxduğunu bilmədən normal gündəlik həyatına davam etməsi halında çoxlu sayda insanın yoluxması deməkdir. Məhz bu səbəbdən də bütün dünyada məktəblərdə tədris sisteminin müvəqqəti və ya illik olaraq distant təhsilə keçməsi vacib idi. Hətta son elmi tədqiqatlar distant təhsilin virusun sürətli yayılmasının 30-50 faizə qədər yayılmasının qarşısını aldığını söyləyir".

Bu fikirləri Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev deyib. Alim bildirib ki, hazırda dünyada, eləcə də Azərbaycanda uşaqlarla, xüsusən də məktəblilərlə olan vəziyyət elmi əsaslı yeni strategiyalar tələb edir: "Beləki, məktəblilərin böyük qisminin hələ peyvənd olunmaması və bu günlərdə yüksək yoluxma əmsalı göstərən koronavirusun “delta” variantının sürətlə yayılması uşaqların virusa yoluxabilmə ehtimalını dəfələrlə çoxaldır ki, bu da bütün ölkələrdə ümumi vəziyyəti ciddi şəkildə mürəkkəbləşdirir. Uşaqlarda Long-COVID təhlükəsi nəzərə alınaraq onların maksimum şəkildə qorunması və zamanında virusa yoluxmalarının aşkar edilməsi çox vacibdir, əks halda, ölkənin səhiyyə sistemində yaranacaq yüklənmədən dolayı uşaqlara da lazımi tibbi xidmətin göstərilə bilməməsi qaçılmaz ola bilər.

Son günlər xüsusilə Almaniyadan olan elmi tədqiqatlar məktəblilər arasında virusa yoluxmanın zamanında aşkarlanmasının mümkünlüyünü sübut edib. Bu üsulla isə həm tədrisin məktəblərdə davamlı keçirilməsinin elmi əsaslarla mümkünlüyü praktiki olaraq göstərilir, həm də virusun yayılmasının qarşısı alınır. Bu elmi tədqiqatlarda strategiyanın əsasında uşaqlar üçün istifadəsi çox rahat olan sorma testlər durur. Belə ki, bu testlərin sensitivliyinin qısa müddətdə cavabı hazır olan sürətli antigen testlərdən də yüksək olması elmi tədqiqatlarla sübut edilir. Bu da bir daha məktəblilərin yeni sorma testlərlə SARS-CoV-2 virusuna yoluxmalarının yoxlanılmasının vacibliyini göstərir.

Bundan əlavə, bu testlərin məktəblərdə ən son elmi əsaslı strategiya ilə tətbiqi tədrisin distant deyil, məktəblərdə davamlı keçirilməsinə birbaşa şərait yaradır. Əks halda, “delta” variantının özünəməxsus yüksək yoluxduruculuğu məktəblilər arasında, daha dəqiq desək, ümumiyyətlə tədrisin təşkilində ciddi problemlər yarada bilər". (Report)