"Kənd camaatına hər cür imkan yaradılsa da, onların bəziləri işləmək istəmir" - DEPUTATDAN QALMAQALLI AÇIQLAMA

Baxış sayı:
2377

"Rayonda evi, həyəti olan, amma Bakıda işsiz qalan insanlar öz yurdlarına qayıdıb kənd təsərrüfatı ilə məşğul olmalıdır. Dövlətimiz onların şəxsi təsərrüfatla məşğul olması üçün hər cür şərait yaradıb".
Muxalifet.az xəbər verir ki, bu fikirləri olke.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Mirkazım Kazımov bildirib.
Deputat deyib ki, keçmiş Sovet İttifaqı dövründə kolxoz və sovxozlar mövcud olsa da, Azərbaycan müstəqillik qazandıqdan sonra bunlar ləğv edilib:
"İndi nə kolxoz, nə də sovxoz yoxdur. Hamı çox rahat şəkildə gedib öz təsərüfatını qura bilər. Çox təəssüflər olsun ki, bir sıra kənd camaatı böyük torpaq sahəsinə malik olsa da, fermerliklə məşğul olmaq üçün hər cür imkan yaradılsa da, ancaq onlar nədənsə işləmək istəmirlər. Misal üçün, mənim deputatı olduğum Cəlilabad rayonunda  əksər insanlar kənd təsərrüfatı ilə ciddi məşğul olurlar, taxıl, çiyələk, kartof əkib becərirlər, maldarlıqla məşğul olurlar. Hətta, kiçik sənaye müəssisələri də yaradılıb. İnsan istəsə, hər şey olar. Amma bəzi kəndlilər torpaqları olsa da, amma onun əkib-becərmək, işləmək istəmirlər. Biz "Ailə fermer təsərrüfatı haqqında" qanun qəbul etmişik. Orada ailə öz büdcəsini necə formalaşdırmalıdır, hamısı öz əksini tapıb. Sadəcə olaraq bu qanundan insanlarımız bəhrələnə bilmirlər. Görünür, ya təbliğat düzgün aparılmır, ya da insanlar özü maraqlı deyil. Mən seçicilərimlə görüşdən də hər dəfə bu məsələni onlara bildirirəm. Misal da çəkirəm ki, Avropa ölkələrində kəndli ailə özünün əkib-becərdiyi, yetişdirdiyi məhsulları ölkəyə gələn turistə satmaqla normal dolanır. Azərbaycanda da bu təcrübə genişlənməlidir. Çox təəssüf ki, Azərbaycanda bu vəziyyət hələ formalaşmayıb. Bunun da günahı dövlətdə deyil. Hesab edirəm ki, Azərbaycan dövləti insanların kənd təsərrüfatı ilə məşğul olması üçün hər cür şərait yaradır. Sadəcə olaraq insanlarımız hələ maariflənməyib".