​KİM Kİ, ÜÇ UŞAQ DOĞMADI....

Baxış sayı:
6298

Cümləni kontekstdən çıxaranda pis səslənir. Qəddarca görünür bəlkə də. Amma dərindən düşünəndə... Deputat, Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı ailə planlaması barədə bir qədər “qayınanasayağı”, amma bir o qədər də realist bir açıqlama verib. Hərəmiz bir qılınc alıb, üstünə düşsək də... Qadın haqlıdır, bəylər və xanımlar, kənara çəkilin...
Xatırlayaq, nə deyib xanım deputat?  Sitata diqqət: “Qadınlar komitəyə müraciət edirlər, dinləyəndə görürsən ki, bunun savadı yoxdur. Sual verirsən ki, necə ailə qurmusan? Deyir, valideynlərin razılığı ilə olub. Deyirəm, bəs ailə qurduğun şəxs qonşun olubsa, əvvəlcədən onun necə birisi olduğunu bilmirdin? Ailə qurmaq, sonradan dağıtmaq o qədər sadələşib ki... Deyirəm ki, ilk gündən döyülmüsənsə, söyülmüsənsə, niyə üç uşaq dünyaya gətirmisən? Deyir ki, uşaqları siz götürün saxlayın. Uşaqlara dövlətin baxmasını tələb edir. Dövlət sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən?”
İndi gəlin əyri oturaq, düz danışaq. Nəyi səhv deyib ki, deputat? Hamımız gün-güzəranımızı, alış-verişimizi aldığımız məvacibə uyğun planlaşdırmırıqmı? Ya da əşya alanda onu evimizin ölçüsünə görə seçmirikmi? Kobud müqayisə olsa da, uşaqlarımızın sayını, ailə tərkibimizi də maddi durumumuza görə planlaşdırırıq. Hazırda Azərbaycanda 3 uşaqlı ailə çoxuşaqlı ailə deməkdir az qala. Cütlüklər ikidən artıq uşağa nadir hallarda risk edir. Çünki hər kəs fərqindədir: hər yeni uşaq özü ilə bərabər bir ton məsrəf deməkdir. Birdəfəlik yardımın belə gülməli rəqəmlərlə müəyyənləşdiyini və onu əldə etmək üçün dünyanın əziyyətini çəkməli olduğumuzu xatırlayanda... sən kimə və nəyə güvənib 2-dən artıq uşaq sahibi olmaq istəyirsən? Axı hər bir ailə şüurlu şəkildə bu uşağı dövlətin yardımı olmadan böyüdəcəyini bilir. Qadın bətninə uşaq düşən gündən etibarən onun məsrəflərini hesablayır.
Xəstəxanadan universitetəcən... və təbii ki, ondan sonrakı mərhələlərdə də övlad sahibi olmaq daim oyaq, ayıq, hazır, işlək vəziyyətdə olmağı tələb edir. Sənin işdən çıxma, istirahət etmək lüksün yoxdur. Heç kim sənin əvəzinə uşağını saxlamayacaq. Sənin uşağını hazırlığa qoymamaq şansın yoxdur. Dövlət sənin əvəzinə uşağını oxutmayacaq, ali təhsil ocaqlarının qapısını üzünə taybatay açmayacaq. Sən bu fırtınalı valideynlik dənizindən bacardığın qədər sağ və mübariz çıxmalısan. Valideynlik imtahana bənzəyir. Hər dəfə, yenidən və bir daha... Ondan üzüağ çıxmaq isə sənin borcundur. Gedib heç kimin qapısına “mən uşağımı bura qoyuram, siz baxın” deyib, blef edə bilməzsən, bilməməlisən. Ya gedib onu uşaq evinə qoydun, ya da deputat qapısına, fərqi nədir?
Ona görə də valideyn olmağa qərar vermədən öncə yüz ölçüb bir biçmək lazım gəlir. Uşaq təkcə “ay Allah, bal kimi şirindir” deyib, öpməklə yekunlaşsaydı, nə vardı ki? Doğru, bu ölkədə uşaq böyütmək çətindir. Buna görə etiraz etmək olar. Səhiyyəsinə şikayət etmək olar. Xəstəxanalarda doğuş  məsrəflərini azaltsın deyə. Təhsil Nazirliyinə giley etmək olar. Uşaqlara gerçəkdən pulsuz təhsil verə bilək deyə. Ya da ümumən təhsil versinlər deyə. Sosial Müdafiə Fondları uşaq pulları məsələsinə yenidən baxsın, hər ailə bu yardımdan yararlansın. Və sair və ilaxır. Bax, bunu tələb etmək olar və olunmalıdır. Yoxsa ki, uşağını gəl deputatın qapısına qoy... Bu, artıq iş deyil və istər-istəməz “dövlət sənə 3 uşaq sifariş vermişdi?” sualını eşitmək zorunda qalacaqsan.
Bəli, Rusiya prezidenti 3 uşaqla bağlı təklif qoyub, Türkiyə prezidenti R.T.Ərdoğan 3 uşaqla bağlı məsləhət verib. Amma bizim ölkədə demoqrafik problemlə bağlı kiminsə belə təklif səsləndirdiyini mən eşitməmişəm. Uzaqbaşı deyilib ki, qadınlar indi bir qız-bir oğlan övladı istəyinə görə selektiv aborta gedirlər və gələcəkdə oğlanlar evlənməyə qız tapa bilməyəcəklər... Amma heç vaxt “siz Allah, hərəyə 3 uşaq” kampaniyası görülməyib.
Odur ki, ailədəki uşaqların sayını müəyyənləşdirməkdə azadsız. Ən azı bu məsələdə. Hökumət sizə müstəqillik verir. Dəyərinizi bilin...  /musavat/