İranlı iş adamı və deputatın qohumu mənzili sökülən sakinlərə zülm edir - “İNTEKS” ŞİRKƏTİNİN RƏHBƏRLİYİNDƏN ŞİKAYƏT / FOTOLAR

Baxış sayı:
8562

Bakı şəhəri, Nərimanov rayonu, Ələşrəf Əlizadə küçəsi, döngə 1, ev 3, mənzil 25a ünvanında yaşayan Xuraman Məhərrəmovanın rəsmi nümayəndəsi Rövşən Həsənov tərəfindən Qafqaz.media-ya şikayət daxil olub. Redaksiyamıza müraciət edən R.Həsənov “İNTEKS” MMC tikinti şirkətindən narazıdır. Şikayətçi rəsmi qurumlara müraciət edərək, sözügedən şirkətin rəhbər şəxslərinin qanunsuz əməllərinə son qoyulmasını xahiş edir.

“Mən, Rövşən Həsənov, Bakı şəhər sakini Məhərrəmova Xuraman Ələsgər qızının qohumu və etibarnamə ilə rəsmi nümayəndəsiyəm. Xuraman Məhərrəmova Nərimanov rayonu, Ələşrəf Əlizadə küçəsi, döngə 1, ev 3, mənzil 25a ünvanında ("Yaşıl Bazar"ın arxasında - red.) yaşayıb”, - deyən R.Həsənov bildirir ki, Bakıda həyata keçirilən “pilot layihə” çərçivəsində X.Məhərrəmovanın mənzili “plana düşüb”. 2017-ci ilin yayında “İNTEKS” MMC tikinti şirkətinin əməkdaşları digər sakinlərlə yanaşı, Xuraman xanımla da müqavilə bağlayıb.

R.Həsənovun dediyinə görə, ev sahibi olan xanım azsavadlı olduğundan, şirkət əməkdaşları ilə danışıqlar onun tərəfindən aparılıb. Bu zaman tərəflər arasında belə bir anlaşma əldə edilib ki, yeni tikiləcək binada söküləcək mənzilin sahəsindən 30 faiz artıq sahəsi olan mənzil veriləcək. Üstəlik, tikinti tam şəkildə başa çatdırılanadək ailə kirayə haqqı ilə təmin ediləcək.

“Bundan əlavə əşyalarımızın daşınması üçün bizə maşın da verməli idilər, lakin vermədilər. Mən əmlakımızın daşınması üçün 3 dəfə maşın tutdum və xərcini öz cibimdən ödədim. Onu da deyim ki, evin əşyasını yığmağa yer tapmadığımızdan, təxminən 1500 manat qiyməti olan qapı və bir sıra böyük həcmli əşyaları müvəqqəti olaraq mənzildə saxlamağa məcbur olduq. Bizə dedilər ki, narahat olmayın, nə vaxt istəsəniz gəlib apara bilərsiniz. Mənzilin açarının bir nüsxəsi də bizdə qaldı”, - deyən şikayətçinin sözlərinə görə, bir müddət sonra qalan əşyaları da qohumlardan birinin evinə yerləşdirməyi qərara alıblar. Bu məqsədlə, əşyaların daşınması üçün özləri ilə bir neçə tanış fəhlə də apararaq, həmin mənzilə daxil olublar. Az sonra, özünü “İNTEKS” MMC şirkətinin səlahiyyətli nümayəndəsi kimi təqdim edən Fərid Şabanov adlı şəxs ətrafına topladığı kriminla şəxslər vasitəsilə onları mənzildən çıxarıb: “Məlumat üçün bildirim ki, özünü şirkətin səlahiyyətli nümayəndəsi kimi təqdim edən Fərid “İNTEKS” MMC-nin əvvəlki rəhbrinin müavininin yeznəsidir. O, fəhlələrin və mənim üstümə kriminal adamları saldı ki, siz kimsiniz içəri girmisiniz? Mən gedib şirkətin rəhbərlyinə etiraz etdim ki, bu nə məsələdir, bizə söz vermisiniz, sonra da üstümüzə adam saldırırsınız?! Fərid küçənin ortasında, şirkətin qabağında ağzına gələn nalayiq ifadələr işlətdi. Sadəcə, mən ev sahibi olan xanımı polisə salmaq istəmədiyim üçün susmağa məcbur oldum”.

Rövşən Həsənovun dediyindən belə aydın olur ki, bir müddət sonra “İNTEKS” MMC-nin müflis şirkət olduğu, tikintini başa çatdırmaq üçün vəsaitinin olmadığı ortaya çıxır. Bu səbəbdən, tikinti müəyyən müddət dayanır, sakinlərə kirayə pulu verilmir. Bundan sonra şirkət rəhəbrliyinin çoxsaylı qanunsuz əməlləri ilə bağlı ölkə rəhbərliyinə müraciətlər edilir və hətta bəzi sakinlər şirkətin binası önündə aksiya keçirirlər. Nəhayət, sakinlərin narazılığı Birinci vitse-prezidentə çatır və Mehriban Əliyevə mənzil sahiblərinin problemlərinin həlli ilə bağlı müvafiq qurumlara göstəriş verir.

Rövşən Həsənov deyir ki, təxminən, 2,5 il əvvəl Mehrirban xanımın göstərişi ilə Prezident Administrasiyası məsələyə qarışır və müflis “İNTEKS” MMC-yə başqa iki nəfər iş adamı şərik qoşulur. Məlumata əsasən, bunlardan biri “Mahmud ağa” deyilən iranlı iş adamı, ikincisi isə deputatlardan birinin qohumudur: “2019-cu ilin sonu, 2020-ci ilin əvvəlində bizi çağırdılar, dedilər ki, artıq rəhbərlik dəyişib, müqaviləni yeniləmək lazımdır. Müqavilə yeniləndi. Amma müəyyən narazılıqlar oldu. Mən bununla bağlı Nərimanov Prokurorluğuna müraciət etdim, amma heç bir faydası olmadı, şikayətimizə baxmadılar”.

R.Həsənov bildirdi ki, sakinlərlə müqavilə yeniləndikdən sonra tikinti ilə bağlı məsələlər sözügedən deputatın Əsmər adlı cavan qohumuna və satış işçilərinə tapşırılıb: “Bundan sonra mən təkrar məsələ qaldırdım ki, bizim əmlak verilməlidir. Dedilər ki, arxayın olun, gəlib apararsınız. Lakin hər dəfə 1 aya, 2 aya gəlin deyirdilər, amma vermirdilər. Bizi düz 2 il süründürdülər. Deputatın qohumu olan Əsmər adlı xanım vəd verirdi ki, gələn həftə gəlin aparın, biz gedirdik, deyirdi 3 günə gəlin, 5 günə gəlin, aldada-aldada söküntü vaxtına saxladılar. Sonra da dedilər ki, əmlakınızı Əli adlı sakin söküb aparıb. Halbuki, mənzilin açarı onda yox idi...”.

Şikayətçinin sözlərinə görə, bu il sentyabrın 3-də ev sahibi Xuraman Məhərrəmovaya şirkətdən məktub göndəriblər ki, gəlib mənzilini təhvil alsın: “Yazıblar ki, mənzili təhvil veririk, gəlin təhvil-təslim edin, oktyabr ayından kirayə haqqının ödənişi dayandırılacaq. Gəlib gördük ki, bina hazır deyil, blokun bayır divarları, məhəccəri yoxdur. Aydın oldu ki, bunlar kirayə haqqını verməmək üçün hoqqabazlıq çıxarırlar”.

Məlumata əsasən, ev sahibləri ilə sadəcə sənəd üzərinə təhvil-təslim müqaviləsi bağlamaq istəyiblər, mənzili göstərməyiblər: “Əsmərə zəng vurub etiraz etdim ki, niyə camaatı ələ salırsınız, bina tam hazır deyilsə, bizi niyə çağırmısınız?! Dedi ki, müəllim bağışlayın, səhv başa düşüblər, bu binanın tam təmiri, bütün üzlük işləri 2022-ci ilin axırı, 2023-cü ilin əvvəlində başa çatacaq və sakinlərə təslim ediləcək. Dedim ki, bəs kirayə haqqını niyə vermirsiniz? Dedi, anlaşılmazlıq olub, kirayə haqqı 2022-ci ilin sonuna, dekabr başa çatana qədər ödəniləcək”.

Rövşən Həsənov vurğuladı ki, bütün bunlara rəğmən, Əsmər adlı xanımla danışıqdan 2 gün sonra Xuraman Məhərrəmovaya zəng vuraraq, gəlib mənzilini təhvil alması istənilib. Bu məsələ ilə bağlı şirkət rəhbərliyinin qəbuluna düşmək istəsə də, heç kimlə əlaqə saxlaya bilməyib: “Rəhbərlikdən bir nəfər yoxdur ki, sözünü deyəsən. Bina hazır deyil, yaşayış yoxdur. Mənzillərə su kranı, unitaz və s. qoymurlar. Dedim mən mənzil sahibiyəmsə, sizin ixtiyarınız yoxdur ki, mənə göstərməyəsiniz. Müxtəlif qurumlara şikayətdən sonra mənə mənzili göstərdilər. Baxdım ki, hələ tam hazır deyil. Mənzil bina ilə bir yer tam təmirli vəziyyətdə təhvil verilməlidir”.

Qafqaz.media

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.