İran Azərbaycanın 500 milyonluq kreditinə möhtacdır? – EKSPERTDƏN AÇIQLAMA

Baxış sayı:
1855

Natiq Cəfərli: “Bu layihənin iqtisadi rasional izahı yoxdur”
 
“O yoldan qazanan birinci ölkə İran olacaq”
 
İran hökuməti Qəzvin-Rəşt-Astara dəmir yolunun tikintisi məqsədilə Azərbaycandan 500 milyon dollar dəyərində kredit almaq üçün lazımı icazəni təsdiqləyib. Bildirilir ki, kreditin alınması və tikinti layihəsinin icrası üçün 3 il, kreditin geri qaytarılması üçün isə 7 il vaxt nəzərdə tutulub və kredit 2,5 faizlə veriləcək.
Qeyd edək ki Qəzvin-Rəşt-Astara dəmir yolu xətti İranın Fars körfəzi sahilindəki Bəndər-Abbas limanı ilə Azərbaycanın Astara şəhərini birləşdirəcək.
Maraqlıdır, İran da Gürcüstan kimi kiçik, yoxsul bir ölkədir ki, Azərbaycanla birgə icra edəcəyi layihəyə görə Azərbaycandan kredit alır? Yenə Gürcüstanı başa düşmək olar ki, hansısa layihəni icra etməyə vəsaiti yox idi, Azərbaycan da həmin layihənin icrasında maraqlı idi, ona görə də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, ondan sonra isə Bakı-Tbilisi-Qars dəmiyolunun tikintisinə milyonlarla vəsait xərclədi. Amma İranın özünün də marağında olduğu layihəyə görə Azərbaycandan 500 milyon dollar kredit alması həqiqətən gülüncdür. Çünki, İran iqtisadi gücünə görə, Azərbaycandan dəfələlə yüksəkdə durur. Əhalisi sosial problemlər içində “boğulan” Azərbaycan hökumətinin bu siyasəti isə təəssüf doğurur.
 
“İran Azərbaycanın istəyindən istifadə edir”
 
Qəzvin-Rəşt-Astara dəmir yolunun tikintisi məqsədilə İranın Azərbaycandan 500 milyon dollar kredit almasına münasibət bildirən REAL Hərəkatının icra katibi, iqtisadçı Natiq Cəfərli Muxalifet.az-a bildirdi ki, dəmiryolunun çəkilişində ən çox marağı Azərbaycan göstərir, Azərbaycan həm “Şimal-Cənub”, həm də “Qərb” dəhlizinin mərkəzə çevrilmək istəyir deyə, İranda bu istəkdən istifadə edir: “Böyük ehtimalla İran Azərbaycanın marağını nəzərə alıb, maliyyələşmənin də Azərbaycan tərəfindən edilməsi şərtini qoyub. Bu şərtə görə də Azərbaycan dəmiryolunun tikintisnə ilk 3 ili faizsiz, növbəti illər üçün 2,5 faizlə 500 milyon dollar kredit ayırıb. İran Azərbaycana tərəfinin bu yola marağını nəzərə alaraq təklif edib ki, sizin marağnız böyükdürsə, maliyyəni də siz ayırın. Yəni bunun başqa izahı yoxdur. Ancaq ən çox o yoldan qazanan birinci ölkə İran olacaq. Çünki Azərbaycanın şimal istiqamətində dəmiryolu xətti var, Rusiyaya, oradan Baltik dənizinə qədər yük göndərə bilər. Sadəcə bizim satacaq malımız yoxdur. Rusiyaya gedən əsas kənd təəsrrüfarı məhsullarıdır, onlar da çox zaman böyük “fura”lar ilə gedir ki, ora tez çatsın. Çünki tez xarab olan məhsullardır. Həm də soyuducu lazım olur. Bu baxımdan, soyuducusu olan avtomobillərdən istifadə olunur. Ona görə də bu yol işə düşəndən sonra İran daha çox qazanacaq”.
 
“Bir layihəyə 118 milyard dollar ayırmağa qadir olan ölkə dəmiryolunu özü də çəkə bilərdi”
 
“Azərbaycan özü yüksək faizlə xarici ölkələrdən milyardlarla borc aldığı halda, Azərbaycana qazanc gətirməyən bir layihə üçün İrana aşağı faizlə kredit verməsi normaldırmı” sualına N. Cəfərli belə cavab verdi: “Bunun rasional iqtisadi məntiqini izah etmək mümkün deyil. Onun yeganə məntiqi siyasi qərar olduğunu deməyə imkan verir. Azərbaycan regionda layihələrin moderatoru və layihələrdə iştirak edən əsas ölkə olduğunu dünyaya sübut etmək istəyir. Açığı, nə sübut etmək istədiyini anlaya da bilmirik. Çünki İranın özünün imkanları o qədər genişdir ki, məsələn, Fransa ilə bu yaxınlarda nəqliyyat sektorunun genişləndilriməsi, avia şirkətlərə yeni təyyarələrin alınması üçün 118 milyard dollarlıq böyük bir müqavilə imzalayıb. Yəni bir layihəyə 118 milyard dollar ayırmağa qadir olan ölkə təbii ki, dəmiryolunu özü də çəkə bilərdi. Azərbaycan sadəcə burada həm “Cənub-Şimal”, həm də “Qərb” dəhlizinin mərkəzi olmaq istəyir, öz siyasi çəkisini artırmaq istəyir deyə, ola bilər ki, bu addımı atır. Bir daha təkrar edirəm bu layihənin iqtisadi rasional izahı yoxdur”.
 
“Bakı-Tbilisi-Qars dəmiyolu üçün də nə Gürcüstan, nə də Tükiyə maliyyə vəsaiti ayırıb”
 
N.Cəfərlinin fikrincə, Azərbyacan hökuməti beynəlxalq partnyorlar üçün ən rahat danışıq aparılası və biznes əlaqələri qurulası ölkədir: “Çünki Azərbaycan tərəfi həmişə layihələrdə öndə olmağa və bununla da siyasi kapital yığmağa çalışır. Bunu da bütün dünya ölkələri və partnyorlar bilir. Azərbaycanla hər hansı formada əlaqələr quranda bunu nəzərə alırlar və anlayırlar ki, Azərbaycan sonunda güzətə gedib, maliyyə vəsaitləri ayıracaq. Bakı-Tbilisi-Qars dəmiyolunda da belə oldu. Nə Gürcüstan, nə də Tükiyə bu layihəyə maliyyə vəsaiti ayırıb. Bu dəmiryolu xətti sırf Azərbaycanın hesabına tikilib. O layihə üçün Gürcüstana 20 illik kredit verilib. Bunun da ilk 10 ili tam faizsiz, növbəti 10 ili isə 1 faizlədir. Hələ şərt də qoyulub ki, dəmiyolunn öz qazancından ödəniləcək. Yəni dəmyolunun qazancı olmasa, ödənilməyəcək. Demək olar ki, Gürcüstan gəlir gələndən, yəni 10 il sonra bu krediti ödəməyə başlayacaq. Azərbaycan şərtlər daxilində müqavilələr imzalayırsa, ancaq bunun siyasi izahı ola bilər ki, öz nüfuzunu, önəmini artımaq üçün belə yatırımlar edir”.
 
“Azərbaycana  “çox sağ ol” deyəcəklər”
 
“Rəşt-Astara dəmiryolunun  siyasi əhəmiyyəti varmı” sualına gəlincə, Cəfərli dedi ki, hər hansı beynəlxalq tədbirlərdə Azərbaycana  “çox sağ ol”, 1-2 cümlə xoş sözlər deyəcəklər ki, iri layihələri həyata keçirməyə qadirdir: “Tərif edəcəklər ki, qonşularından fərqli olaraq yatırım qoymağı bacaran bir ölkədir. Bu tərif də Azərbaycan hökuməti üçün çox vacibdir. Ona görə də Azərbaycan belə iri layihələrin əsas moderatoru və maliyyə mənbəyi olmaqda davam edir”.
 
“Atılan addımların iqtisadi rasional izahı yoxdur”
 
 ““Sağ ol”a görə İrana aşağı faizlə kredit verməyə dəyərdimi” dedikdə iqtisadçı bildirdi ki, neçə illərdir Azərbaycan hökumətinin atdığı addımların məntiqini tapa bilmir: “Ona görə də  sualınıza cavab verə bilməyəcəm. Çünki atılan addımların iqtisadi rasional izahı yoxdur”.
 
Şamo EMİN, Muxalifet.az