İqtisadçı ekspertdən qiymət artımı anonsu - "NÖVBƏTİ ADDIMDA DİZEL BAHALAŞACAQ"

Baxış sayı:
5203

Natiq Cəfərli: "Kommunal xərclər və Tarif Şurası tərəfindən tənzimlənən qiymətlər ilbəil artacaq"
Bildiyiniz kimi, ölkədə "Premium Euro-95" və "Super Euro-98" markalı yanacağın qiyməti qalxıb. Belə ki, yeni tariflərə əsasən, "Premium Euro-95"in satış qiyməti 1,50 manat, "Super Euro-98" markalı benzinin qiyməti isə 1,60 manat olub. Qeyd edək ki, hazırda ölkəyə idxal olunan "Premium Euro-95" markalı avtomobil benzininin hər litri orta hesabla təxminən, 1.35-1.4 AZN-ə başa gəlir. Bununla bağlı verilən məlumatlara görə, yanacaqdoldurma məntəqələrində bu markalı benzinin hər litrinin 1.25 AZN-ə satılması məhsulun idxal qiymətinin satış qiymətindən daha yüksək olduğunu aydın göstərir. Oxşar vəziyyət keçmiş müddətdə "Super Euro-98" markalı avtomobil benzinində də müşahidə olunurdu.
Sözügedən məsələ ilə bağlı mövqeyini bildirən iqtisadçı ekspert Natiq Cəfərlinin bildirdiyinə görə, formal olaraq Tarif Şurası "Premium" benzinin qiymətini müəyyən etmir, guya, bazar qanunları ilə qiymət tənzimlənir: "Əslində isə nə bazar var, nə qanun. "Premium" markalı benzini ölkəyə tək SOCAR-ın törəmə şirkətləri gətirir, qiyməti də onlar müəyyən edir. Yəni, rəqabət, bazarda başqa oyunçu yoxdur - sırf inhisarçı qiymət diktəsi var. Əslində qanunlara görə bazarın 30 faizdən çoxuna nəzarət edən şirkətlərə qarşı anti-inhisar qaydaları işləməlidir. Amma bizdə qanunlar qüvvəyə minmir, bəzi qüvvələr qanunları minir".
Ekspert qeyd edir ki, 150 ilə yaxın neft tarixi olan ölkədə bir dənə normal neftayırma zavodu tikilməyib ki, Avro-standartlara cavab verən benzin istehsal olunsun: "Allahın verdiyi nefti ingilis çıxardır, satır, pulunu verir hökumətə, onlar da elə bilirlər ki, ölkə zad idarə edirlər, iqtisadiyyat zad qurublar. Bir barel nefti indi 73 dollara satırlar, bunun da 15 dollara yaxını maya dəyəri və daşınma xərcidir, yerdə qalır 58 dollar, bunun da 75 faizi Azərbaycana çatır, bu da edir 43-44 dollar. Sonra da həmin 1 barel neftdən Avropa 102 litr "Premium" benzin düzəldir, litrini 1 manat 30 qəpiyə, yəni, 77 sentə satır SOCAR-a, onlar da bu gündən həmin benzini 1 manat 50 qəpiyə satacaq camaata - yəni, bir barel xam nefti Avropaya 44 dollara satırıq, Avropa bundan 102 litr benzin düzəldib 78,5 dollara bizə geri verir, hələ 1 barel neftdən benzindən əlavə 4 litr keyfiyyətli motor yağı, 180 şam da əldə edib onu da ayrıca satır. Bax belə hökumətimiz var - mənasız, məzmunsuz oyunlara milyardlar xərcləyir, amma normal keyfiyyətli benzin istehsal edən zavod tikə bilmir".
Natiq Cəfərli sonda onu da əlavə edib ki, yaxın vaxtlarda dizel yanacağının da qiymətinin artması gözlənilir: "Növbəti addımda dizel bahalaşacaq. Bir daha deyim ki, ölkənin borcu artıb deyə kommunal xərclər və Tarif Şurası tərəfindən tənzimlənən qiymətlər ilbəil artacaq".

Valeh TÜRKSOY