İKİNCİ QRUP ƏLİLİN ŞİKAYƏTİNƏ BAXAN YOXDUR - “Özümü prokurorluğun qarşısında yandıracağam…”

Baxış sayı:
10096

Sumqayıt sakini Fazil Əsədov bir ay öncə özünü bıçaqlayaraq, intihara cəhd edib. Amma yaxınları onu vaxtında xəstəxanaya çatdırıblar, həkimlər cərrahiyyə əməliyyatıyla onun həyatını xilas ediblər. Amma F.Əsədov yenidən intihara cəhd edəcəyi barədə xəbərdarlıq edir. O deyir ki, bu dəfə Respublika Baş Prokurorluğunun qarşısında özünü yandıracaq. Səbəb isə hüquq-mühafizə orqanlarının onun şikayətinə obyektiv baxmamasıdır.
F.Əsədov danışır ki, ötən il dekabrın 5-də Bakı-Sumqayıt yolunun kənarında, Saray qəsəbəsinin yerləşən “Pəhləvanlar” adlı kafe-restoranda 3 min 400 manat pulunu oğurlayıblar. İddia edir ki, Abşeron Rayon Polis İdarəsi qarşı tərəflə sövdələşməyə gedib, bu işi obyektiv araşdırmır, cinayətkarlar cəzalandırılmır.
F.Əsədovun dediyinə görə, o kafe həm də əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir: “Həmin gün mənim yeməyimə nə qatıblarsa, xəbərim olmayıb. Ora gedəndə cibimdə 3 min 820 manat pul olub. O puldan 420 manata qədərini özüm orada xərcləmişəm. 3 min 400 manat gödəkçəmin cibində qalmışdı. Gödəkçəmi də asmışdım. Səhər cibimə baxanda gördüm ki, o puldan bir qəpik də qalmayıb”.
Dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verdiyi və Abşeron Rayon Polis İdarəsinin Hüseyn adlı əməkdaşının bu məsələ ilə məşğul olduğunu deyən şikayətçinin sözlərinə görə, bir müddət sonra həmin polis əməkdaşı ona bir təklif verib: “Həmin Hüseyn adlı şəxs dedi ki, sən şikayətini geri götür, onlarla danışmışıq, həll eləyəcəklər məsələni, pulunu da qaytaracaqlar. Onların sözünə inanıb, yenə “102”yə zəng elədim, məndən barışıq izahatı da aldılar. Gözlədim, amma həll olunmadı. Yanvarda Hüseynə zəng elədim, cavab vermədi. Yanvarın 5-də yenə həmin kafeyə gəldim ki, müdirlə görüşüm. Mühafizəçi buraxmadı, dedilər ki, belə göstəriş verilib, məni buraxmasınlar”.
F.Əsədovun sözlərinə görə, polisdə ilk vaxtlarda işi araşdıranda kamera görüntülərinə baxıblar, kafenin əməkdaşlarını dindiriblər. Təsdiqlənib ki, onun cibində o qədər pul olub, 420 manata qədər orada xərcləyib, qalanı qalıb.
Tank əleyhinə minaya düşdüyünü və ikinci qrup əlil olduğunu deyən F.Əsədov onsuz da əsəbi olduğunu, bu hadisədən sonra bütün sinir sisteminin pozulduğunu bildirir. Deyir ki, polis əməkdaşlarının bu cür davranışına əsəbləri dözməyib, yanvarın 5-də özünü bıçaqlayıb: “İntihara cəhdlə əlaqədar Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanmışdı. Prokurorluqda da izah elədim ki, niyə bu addımı atmışam. Onlar dedilər ki, oğurluq məsələsinin bizə aidiyyəti yoxdur, o işlə Abşeron polisi məşğul olur. Biz intihara cəhdi araşdırırıq. İndi prokurorluğa gedirəm, heç içəri buraxmırlar ki, sözümü deyim. Baş prokuror Zakir Qaralovla görüşmək istəyirəm. Əgər imkan verməsələr, özümü Baş Prokurorluğun qarşısında yandıracağam. Onsuz da canımdan bezmişəm…”