​İki gün sonra ucuz evlərin SATIŞI BAŞLAYIR – Təklif verildi

Baxış sayı:
4816

Növbəti bazar ertəsi saat 10.00-da sosial evlərin satışı başlayır. Mövcud qaydalara əsasən, ilk müraciət edənlər mənzilə sahib ola biləcəklər. Bazar ertəsi satışa ilk 260 mənzil çıxarılır.
Muxalifət.az xəbər verrir ki, bu haqada iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bildirib ki, hazırda ən çox müzakirə edilən məsələlərdən biri də mənzillərin qiyməti ilə bağlıdır:
 “ƏDV daxil olmaqla 1 otaqlı mənzillərin qiyməti - 29 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti - 47 282 manatdan, 3 otaqlı mənzillərin qiyməti - 65 626 manatdan başlayacaq. Sosial ipoteka krediti hesabına mənzilləri alan zaman aylıq ödənişlər 1 otaqlı mənzil üçün 129-136 manat, 2 otaqlı mənzil üçün 203-236 manat, 3 otaqlı mənzillər üçün isə 282-288 manat olacaq. Mənzillərin qiyməti həmin ərazidə yerləşən anoloji mənzil ilə müqayisədə aşağı olsa belə, İqtisadi və Sosial İnkişaf Mərkəzi olaraq hökumətə sosial mənzillərin qiymətinin ucuzlaşması ilə bağlı təkliflərimizi təqdim etmişik ki, dövlət sosial mənzillərin inşası ilə bağlı xərcin bir hissəsini öz üzərinə götürsün”.
İqtisadçının sözlərinə görə, xərcin kompensasiya edilməsi nəticə etibarilə qiymətin aşağı düşməsinə gətirib çıxardacaq:
 “Mənzillərin xərcinin üçdə biri dövlət hesabına kompensasiya edilə bilər. Burada əvəzsiz kompensasiyadan söhbət gedir. Bu, sosial kredit üçün ödənilən aylıq ödənişlərin də qiymətinin aşağı düşməsinə səbəb olacaq. Odur ki, biz xərcin üçdə birinin dövlət tərfindən əvəzsiz olaraq qarşılanmasını təklif edirik və hesab edirik ki, bu, aztəminatlı vətəndaşların maraqları baxımından daha faydalıdır. Bu halda 1 otaqlı mənzilin qiyməti 19 950 manata, 2 otaqlı mənzilin qiyməti 31 521 manata, 3 otaqlı mənzilin qiyməti isə 43 750 manatadək azalacaq. Buna uyğun olaraq aylıq ödənişlər orta hesabla 1 otaqlı mənzil üçün 87 manata, 2 otaqlı mənzil üçün 147 manata, 3 otaqlı mənzil üçün isə 188 manatadək azala bilər. Bu isə aztəminatlı ailələr üçün daha məqbul hesab oluna bilər. Neftin mövcud yüksək qiymətləri fonunda ölkə gəlirlərinin artıdığını nəzərə alsaq, bu subsidiya üçün maliyyə mənbəsinin tapılması da çətin deyil”.
Qeyd edək ki, 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə aldıqda bu qiymətlər yaranır. Kredit götürmədən mənzili öz pulları ilə birdəfəlik ödənişlə alan vətəndaşlar üçün mənzillər daha ucuz başa gəlir. Bu zaman 1 otaqlı mənzil 26 932 manata, 2 otaqlı mənziı 42 554 manata, 3 otaqlı mənzil isə 59 063 manata düşür.
Mənzillərin sahələri isə belədir: bir otaqlı mənzillər təxminən 40, iki otaqlı mənzillər 70, üç otaqlı mənzillər isə 84 kvadrat metrədək.