Hökumətdən və Konstitusiya Məhkəməsindən hərbiçilərə təxribat

Baxış sayı:
12148

“Əmək pensiyaları haqqında” qanun yalnız hərbi pensiyaçıların ziyanına şərh edilib

Dədələrimizin deyimidir, isinmədik istisinə, kor olduq tüstüsünə. Biz də hökumətdən meşədən meyvə yığılması, bulaqdan, quyudan su götürülməsi qadağasından özgə bir diqqət görmədik. Başlıca görəvi qanunun, prezidentin aktlarının  tətbiq edilməsini həyata keçirmək olan Nazirlər Kabineti (NK) gerçəkdə normativ hüquqi aktların icrasına qadağa qoymaqla məşğuldur. Düzdür, mərkəzi icra hakimiyyəti orqanları da qanuna hörmətsizlikdə NK-dan geri qalmır, amma bu orqanların qadağalarının norma olmadığı, özbaşınalıqdan qaynaqlandığı da bəllidir. NK isə...
2002-ci ilə kimi Qarabağ əlilləri və veteranları kommunal, nəqliyyat və digər xidmətlərin haqqının ödənilməsindən qanunla azad idilər. Hökumət bu “azadlığı” qazilərə çox gördü və güzəştlərin əvəzinə pul kompensasiyasının ödənilməsi qərara alındı.  Prezidentin 26.12.2001 tarixli 613 saylı “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” fərmanı ilə bu kompensasiyanın məbləği öncə 18 manat, sonra 26 manat müəyyən edildi və. ..çox keçmədən unuduldu. Nə xidmət haqlarının artırılmasına uyğun indeksasiya həyata keçirildi, nə də ümumiyyətlə verilməsi. Qazilər xidmət haqqından azadolma  əvəzinə müavinətlə təmin olunma  hüquqlarını məhkəmə yolu ilə də əldə edə bilmədilər. Dəhşətdir, (bir çox hallarda) MƏHKƏMƏ HAKİMİYYƏTİ NK QƏRARININ PREZİDENT FƏRMANINDAN ÜSTÜN OLDUĞUNU QƏRARLAŞDIRIB! (?) Hələ də NK fərmanın tətbiq edilməsini pensiya ödəyən quruma məcbur etmir. Elə Prezidentin 29.12.2000 tarixli 597 saylı “Əlil olmuş və digər kateqoriyalardan olan bir qrup aztəminatlı vətəndaşlara dövlət yardımının artırılması haqqında” Sərəncamının icrasını da eləcə. NK özünün qəbul etdiyi 09.01.2013 tarixli ərzaq payı normasının ikiqat artırılması haqqında qərarının icrasını da onuncu ildir təmin etməkdən imtina edir. Bu məsələdə, sosial xidmət göstərilməsində olduğu kimi, ikitirəlikdir : hərbi qurumlar Xüsusi Şərtlərlə Təyinat Mərkəzini , Mərkəz hərbi qurumları nişan verir.
Qarabağ zəfərindən sonra da  hökumətin Azərbaycan Respublikası Silahlı Qüvvələrinə qarşı təxribat xarakterli aktları sürür. Təsəvvür edin, Prezidentin 23.12.2021 tarixli 1525 saylı fərmanı ilə hərbi qulluqçuların vəzifə maaşlarına aylıq 20 faizlik əlavəyə uyğun olaraq  hərbçilərin pensiyası “Əmək pensiyaları haqqında” qanunun 29. 2 maddəsinə əsasən yenidən hesablanmır. ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat Mərkəzi bunu Konstitusiya Məhkəməsinin 15.05.2020 tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun  1.0.1, 1.02, 1.0.5 və 20.14-cü maddələrinin  şərh edilməsinə dair” qərarı ilə əsaslandırır. İstənilən şərhin qanundan üstün ola bilməzliyini, “Əmək pensiyaları haqqında” qanunun 29.2 maddəsində bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına əlavə almaq hüququ olan şəxslərin tutduğu vəzifələr üzrə əməkhaqqılarının – təminat xərcliyinin  SONRADAN artırıldıqda pensiyanın da  bu artıma uyğun olaraq yenidən hesablanmalı olmasını bir qırağa qoyub, hərbi pensiyaçılara ayrı-seçkiliyi diqqətə çatdıraq.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Konstitusiyanın 130-cu maddəsinin IV hissəsinə əsasən Konstitusiya Məhkəməsinə məhz hərbi qulluqçuların pensiyalarının hesablandığı 20.14 -cü maddənin şərh edilməsinə sorğu göndərməsi və “qadağa istəyi”nə nail olması silahlı güclərə təxribatdan özgə bir şey deyil! Plenum qərara alıb ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 , 1.0.2,  1.0.5, 9.5 və 20.14 maddələri əsasında şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən əlavələr nəzərə alına bilməz. Xüsusi Şərtlərlə Təyinat Mərkəzi də bu şərhi Konstitusiyanın özündən də üstün tutub, yalnız hərbi qulluqçuların pensiyalarının artırılmasını gerçəkləşdirmir. NK və Kostitusiya Məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 29.2 maddəsindən özgə onu da unudurlar ki, hərbi qulluqçuların sığortaçısı  dövlətin özüdür ! Eyni zamanda, niyə yalnız 20.14 maddəsinə əsasən pensiya hesablanan hərbi qulluqçulara “sonrakı artımlar” şərh edilir”? Şərhlə pensiyanı artırmaqdan imtina yaxşı şeydirsə, elə hökumət üzvlərinə, deputatlara, hakimlərə, prokurorluq, ədliyyə, fövqəladə hallar orqanlarına aid olan digər  20-ci maddə “pensiyalarına” da şərh verilsin də! Hökumət Qarabağı 44 günə alan Azərbaycan Silahlı Qüvvələrindən nə pislik görüb ki, fikri – zikri onların təminatına “badalaq” gəlməkdir? Belə çıxır, sabah Şuşanı dişi – dırnağı ilə fəth edən döyüşçülər pensiyaya çıxanda təminatları sonradan artırılmayacaq ? “Əlavə”nin artımı şərtləndirməyi” iddia edilərək  FATEHLƏRİN PENSİYALARI “ƏMƏK PENSİYALARI HAQQINDA” QANUNUN 29.2 MADDƏSİNƏ ƏSASƏN YENİDƏN HESABLANMAYACAQ?
NK “Əmək pensiyaları haqqında” Qanunun 29.2 maddəsinə hansı ŞƏRHİ sifariş verəcək?

Məğrur BƏDƏLSOY

P. S. Az qala yaddan çıxmışdı, müharibə əlillərinin pensiyaları “Əmək pensiyaları haqqında” qanunun  20.16 -cı,  şəhid ailələrinin pensiyaları 20.17 -ci maddələrinə əsasən hesablanır. Yəni istənilən halda Qarabağ əlilləri və şəhid ailələrinin pensiyalarının yenidən hesablanması hər bir şərhdən qorunur!