DTX-nin tutduğu orqan alverçisi qızı üçün... - AÇIQLAMA

Baxış sayı:
4546

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində insan orqanlarının qanunsuz transplantasiyası ilə məşğul olan transmilli şəbəkənin üzvü olduğu üçün tutulan 1957-ci il təvəllüdlü Xudadatov Vahid Fəxrəddin oğlu barəsində bəzi məqamlar üzə çıxıb.
V.Xudadatovun qardaşı Elşad Xudadatov bildirib ki, qardaşı qızı ağır böyrək xəstəliyindən əziyyət çəkib: “Qardaşım qızının xəstəliyi üçün ATV kanalına müraciət etmişdi. Uşağın böyrəyi dəyişdirilməli idi və Zaurun verilişinə çıxdılar. Orada insanlara müraciət edildi, donor axtarıldı. Daha sonra İranda böyrək əməliyyatı baş tutdu, uşağın böyrəyi dəyişdirildi”.
E.Xudadatov əlavə edib ki, qardaşı taksi sürücüsü kimi çalışıb və onun başqa əməllərinin olub-olmamasından xəbəri yoxdur.

***

“Qarabağ”ın U-11 komandasının baş məşqçisi Elşad Xudadatovun qardaşı Vahib Xudadatov həbs olunub.
Apasport.az saytının məlumatına görə, o, cinayət məsuliyyətinə cəlb edilib.
Səbəb Xudadatovun vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqədə olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil etməsidi.
Məlumatı əməkdaşımızla söhbətində Elşad Xudadatov da təsdiqləyib. O, qardaşının belə bir əmələ əl atdığına inanmadığını bildirib: “Bəli, Vahib mənim qardaşımdı. Açığı, özüm də bilmirəm ki, niyə həbs olunub. Qardaşımla ayda bir dəfə görüşək, ya görüşməyək. Vahibin bir avtomobili var, taksi sürücüsü idi. Ailəsi yanına gedib. Hazırda harda olduğundan xəbərim yoxdu”.