Cəmiyyət qiymət artımına nə üçün etiraz etmir?

Mehman Əliyev: "Cəmiyyəti ancaq yemək-içmək, əyləncə maraqlandırır"

Əli Əliyev: "Susqunluğa səbəb hakimiyyətin formalaşdırdığı ictimai-siyasi mühitdir"

Son vaxtlar ölkənin iqtisadi həyatında baş verən bir çox olaylar - manatın məzənnəsinin qorunub saxlanılması ilə bağlı yaranan təhlükə, benzinin qiymətinin artırılması və bir neçə gün sonra ölkə başçısının müdaxiləsindən sonra əvvəlki həddinə qaytarılması, depozidlərdən vergi tutulması və s. kimi olaylar, habelə ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin artması və daha da artacağı ilə bağlı xəbərlər cəmiyyət tərəfindən qəribə susqunluqla qarşılanmaqdadır. Belə ki, heç vaxt qiymət artımına etiraz etməyən, buna qarşı mitinq, piket və ya digər üsullarla dirəniş göstərməyən cəmiyyətimiz bu gün də baş verənləri qeyri-adi təmkinlə seyr edir.

Maraqlıdır, cəmiyyətin baalaşma tendensiyasına qarşı heç bir müqavimət ortaya qoymaması, baş verənlərə dirəniş göstərməməsinin arxasında hansı amillər dayanır? Cəmiyyətin öz yaşamına biganə qalmasının səbəbi nədir?

Bununla bağlı “Hürriyyət”ə açıqlama verən "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev son qiymət artımının o qədər də ciddi önəm kəsb etmədiyini, cəmiyyətin susqunluğunun özünəməxsus səbəbləri olduğunu vurğuladı: "Yol vergisindən söhbət gedirsə, bu, il ərzində ən çoxu 50 manat edəcək. Mən avtobusları, sərnişindaşıma ilə məşğul olanları demirəm. Bəzi adamlarda isə bəlkə də 5-10 manat da olmadı. Kim daha çox sürürsə, daha çox verəcək. Bir il müddətində bu qədər artım elə də böyük rəqəm deyil. Depozitlərə qoyulan faizlər də həmçinin. Burada da yalnız 1% vergi tutulur. Məsələn, əgər 10%-dən qoymusansa, olacaq 9%. Bəzi bankların özləri də bunu edir. İnsanlar bu vaxta kimi də buna etiraz etmirdi. Azərbaycanda son illər depozit ehtiyatlarının artdığı da bəllidir. İnsanların bəzisi həmin pulun üzərinə gələn faizlər hesabına yaşayır. Bu baxımdan baş verənlərin hansısa etiraza səbəb ola biləcəyini düşünmürəm. Hökumət bu gün elə bir siyasət həyata keçirməyə çalışır ki, büdcəyə nələrsə gəlsin, amma insanların ciddi etirazına da səbəb olmasın. Məsələn, əgər benzin iki qəpik deyil, birdən-birə 20 qəpik artsaydı, bu, tamam başqa məsələ olardı.

Cəmiyyətin ümumiyyətlə bu kimi məsələlərə etiraz etməməməsinə gəlincə, onu deyə bilərəm ki, cəmiyyətin bugünkü halı bundan ibarətdir. Cəmiyyəti ancaq yemək-içmək, əyləncə maraqlandırır. Onu başqa şey düşündürmür. Haçan cəmiyyətin əlindən bu da alınsa, o zaman cəmiyyət üsyan edər. İqtisadi durum pisləşsə, cəmiyyət bu imkandan məhrum olsa, o zaman etirazların baş verməsini gözlmək olar. Mən demirəm ki, bu gün hamı yaxşı yaşayır. İnsanların çoxu çətinliklə yaşayır. Amma belə baxanda cəmiyyət dolanır. Cəmiyyətin indiki susqunluğu da göstərir ki, cəmiyyət hələ bu duruma dözə bilir. Kimsə pis yaşayır, kimsə yaxşı, kimsə isə daha yaxşı yaşayır".

VİP sədri Əli Əliyev də cəmiyyətin susqunluğunun bir neçə səbəbi olduğunu vurğuladı: "Cəmiyyətin özünə qarşı hakimiyyətin addımlarına susmasının bir sıra səbəbləri vardır. Bunlardan birincisi hakimiyyətin formalaşdırdığı ictimai-siyasi mühitdir. İstənilən hakimiyyət istənilən cəmiyyəti mümkün qədər dəyişə bilir. Bəşəriyyət tarixi belə nümunələrlə doludur. Müstəqilliyin bərpasından 24 il ötməsinə baxmayaraq, bunun mütləq əksər hissəsini - 22 ilini YAP-ın avtoritar idarəçiliyi altında yaşamışıq. Kommunist rejimindən YAP sisteminə transfer ictimai maraq vərdişlərinin formalaşmasına imkan vermədi. İnsanlarımızda ictimai maraq anlayışı inkişaf etmədi. Hakimiyyət də ictimai qaydalara müdaxilə istəyən tərəfləri mütəmadi qaydada əzdiyindən, sıravi vətəndaşın bu haqda düşünmə həvəsi öləzidi. Paralel olaraq, iqtidar bu haqlar uğrunda mübarizə aparan institutları sıradan çıxarıb. Mətbuat əsasən nəzarətə götürülüb, siyasi partiyalar dərnəkləşdirilib, son həmləni isə qeyri- hökümət sektoruna vuraraq, mübarizənin institusional mövcudluğunu sual altına salıb. Belə makrostruktur şəraitinə malik cəmiyyətin susqunluğu başa düşüləndir. Bu işdə təbliğat vasitələri xüsusi rol oynayır. Höbbels deyirdi ki, mənə təbliğat vasitələri verin, istənilən xalqı sürüyə çevirim. İnsanlar televiziyadan əsasən yüngül həyat tərzi ilə fərqlənən və dərin düşünə bilməyən şübhəli kontingenti gecə-gündüz görürsə, onun mübariz ovqatından danışmaq çətindir".

VİP sədrinin bildirdiyinə görə, Azərbaycan qədim Romada olduğu kimi, “kökə və əyləncə” prinsipi əssında idarə olunur: "Ölkəmiz qədim Romada olduğu kimi “kökə və əyləncə” ilə idarə olunur. Əyləncəni dedik, kökə məsələsinə gəldikdə isə onu demək lazımdır ki, burada vəziyyət uzun illərdir əhalinin əksəriyyəti üçün ürəkaçan deyil. Vəziyyət isə ağırlaşacaq. Neftin 120 $-a satıldığı zamanı insanlar birtəhər başlarını saxlayırdılar. Bu iş həm bazara daxil olan zəhmətsiz neft dollarının çoxluğu, Rusiyada yaşayan miqrantların ölkəyə göndərdikləri vəsait, ölkədən Şimala daşınan kənd təsərrüfatı məhsullarından əldə edilən gəlirlər vasitəsilə baş verirdi. İndi isə mənzərə təmamilə fərqli görkəm alır. Neftin kəskin ucuzlaşması şəraitində "kökə" axtarışı çətinləşəcək. Belə ki, ölkəyə gələn valyutanın miqdarı 3 dəfə azalıb, Rusiyadan pul göndərənlərin vəziyyəti pisləşib, kənd əhalisinin də Rusiyaya məhsul aparması mənasız duruma gəlib. Bu gedişlə cəmiyyətin dözümü getdikcə, azalacaq. Etiraf etmək lazımdır ki, son illərdə bazara daxil olan ifrat pul kütləsi sosial gərginliyi azaldırdı. Əgər sadalanan faktorların üzərinə milli valyuta məzənnəsinin süni tənzimləşməsində problem əlavə olunarsa, o zaman həqiqi panika başlayacaq. Bu ssenari çox təhlükəli gedişatdır. Spiralvarı proses geri dönməz duruma gələ bilər. Təəssüf olsun ki, belə təhlükəli ssenariləri önləmək üçün ictimai etimadlı institutlar mövcud deyil. Əgər neftin qiyməti uzun müddət belə qalarsa, sosial və siyasi kataklizmlər bizdən yan ötməyəcək. Buna hamı əmin ola bilər".

Ə.Əliyevin qənaətincə, ölkə başçısının benzinin qiyməti ilə bağlı Tarif Şurasının qərarını ləğv etməsi də təqdirəlayiqdir: "Prezident Tarif Şurasının qərarını ləğv edib. Təqdir olunası addımdır.

Deməli, ictimai əhəmiyyətli məsələlərə münasibət ifadə olunur. Məsələnin mahiyyəti 2 qəpikdə deyildi. Əsas narahatlıq doğuran fakt hakimiyyətin insanlara münasibətində idi. Baş verən dəyişikliyə görə kimə isə "sağ ol" deməli deyilik. Ancaq aşkar görünən odur ki, ölkədə vahid siyasət problemi var. Əgər ölkə başçısı "2 qəpiklik" qərarı dəyişirsə, deməli, birincisi, onun bu qərarın qəbulundan xəbəri olmayıb. İkincisi, kimlərsə ölkədə vəziyyəti çalxalamaqda maraqlıdırlar. Bu qədər sadə və eyni zamanda mürəkkəb vəziyyətlə üz-üzəyik".

Seymur Əliyev