Cahangir Hacıyevə doğmaları ilə görüş qadağan edilib

Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş sədri Cahangir Hacıyev çərşənbə günü günorta bir həftə əvvəl salındığı karserdən çıxarılıb.
 
 Amma o, mədəaltı vəzində kəskin dözülməz ağrılardan şikayət edib, bu, keçirdiyi aclıq aksiyasının nəticəsi olub. Bu barədə Turan-a onun bacısı Əminə Hacıyeva bildirib.
Keçmiş bankir həmçinin bildirib ki, "təcili yardım" və ya başqa həkimlər çağırmaq xahişlərinə baxmayaraq, onun müraciətlərinə məhəl qoyulmur.
Ə.Hacıyevanın sözlərinə görə, qardaşına hətta ağrıkəsici dərman da vermirlər.
Prokurorluq hətta ona bacısı və digər doğmaları ilə görüşməyi də qadağan edib, bunu "istintaqın məxfiliyinin təmin edilməsi" zərurəti ilə əsaslandırıb.
"Mən iki ildir istintaq təcridxanasında və cəzaçəkmə müəssisəsində qardaşımla görüşlərə gedirdim, istintaq yekunlaşıb və o, mühakimə edilib, cəzaçəkmə müəssisəsində saxlanılır, indi görüşləri qadağan edirlər", deyən Hacıyeva qardaşının səhhətinə görə ciddi narahatlığı olduğunu bildirib.
"Cahangirin vəziyyəti bizdə ciddi narahatlıq doğurur. O, çətinliklə telefona gəlib, indi isə görüşləri də qadağan edirlər", deyə o əlavə edib.
Vəkil Fəxrəddin Mehdiyev bu gün Hacıyevlə görüşə bilməyib. Müdafiəçiyə yenə vəkil otağının məşğul olduğunu bildiriblər.
Hacıyev karserə salındıqdan sonrakı bir həftə ərzində müdafiəçiləri onunla bir dəfə belə görüşə bilməyiblər. Vəkillər bunu "müdafiə hüququnun kobud şəkildə pozulması" kimi qiymətləndiriblər.
O, Hacıyevin doğmaları ilə görüşlərinin qadağan edilməsini qanunsuz adlandırıb. Mehdiyev izah edib ki, Hacıyev həbs edilib, istintaq isə başqa epizodlar üzrə davam edir və doğmalarla görüş hüququnun məhdudlaşdırılması qanunsuzdur.
Vəkil bir müddət əvvəl müdafiəçilərin Hacıyevin yanına buraxılmaması ilə bağlı Penitensiar Xidmətə şikayət edib. Ona cümə axşamı açıqlama verməyi vəd ediblər.
Penitensiar Xidmətin nümayəndələri şərh verməyiblər.
2015-ci ildə ABB-də böyük maliyyə pozuntuları və xaricə kapital axını aşkarlanıb. ABB-nin keçmiş sədri Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib, amma özünü təqsirli bilməyib və bütün böyük kreditlərin Müşahidə Şurasının razılığı ilə verildiyini bildirib. Onunla birlikdə ABB-nin bir sıra filiallarının keçmiş rəhbərləri azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.