BU İL KİMLƏR MİLYARDLARINI QORUYA BİLDİ... - "Forbes" siyahını açıqladı

Baxış sayı:
10273

Ümumilikdə 2018-ci ildə milyarderlərin sərvətlərində azalma müşahidə olunsa da, çərşənbə axşamı 33-cü illik Dünya Milyarderlər Siyahısını dərc edən "Forbes" jurnalına əsasən, Cef Bezos və Bil Geyts kimi şəxslər hələ də siyahının başındadır.

2019-cu il siyahısında 2153 milyarder var. 2018-ci ildə bu rəqəm 2208 idi. Bu ilki milyarderlərin ümumi sərvətləri 8.7 trilyon dollardır ki, bu da 2018-ci ilin 9.1 trilyon dollar göstəricisindən daha azdır.

Cef Bezos

Cef Bezos

Cef Bezos 131 milyard dollarlıq sərvətlə artıq ikinci ildir siyahıda birinci yerdədir. Lakin o, son zamanlar National Enquirer jurnalı ilə olan mübahisəsi, boşanma skandalı, Amazonun Nyu Yorkda ikinci qərargah açmaq qərarının ləğv olunması, eləcə də sərvətinə görə çox müzakirə olunur.

Bezos şirkəti qurmağa qərar verəndə, həyat yoldaşı Makkenzi onunla birlikdə ölkənin bir ucundan digər ucuna maşınla səyahət edib. O, Amazonda mühasib işləyib və Vaşinqton ştatının qanunlarına əsasən, Cef Bezosun Amazondakı səhmlərinin yarısı Makkenzinin payına düşə bilər.

Siyahıdakı növbəti iki yerdə Bil Geyts və Uorren Baffet gəlir. Geytsin xalis aktivlərinin dəyəri Microsoft səhmlərinin hesabına 6.5 milyard dollar artaraq 96.5 miyarda çatıb. Uorren Baffetin xalis aktivlərinin dəyəri isə ötən illə müqayisədə 1.5 milyard dollar azalaraq 82.5 milyard dollar təşkil edib.

Lakin karyeralarının bu nöqtəsində onların heç biri artıq təkcə biznesdəki uğurlarına görə tanınmır.

“Onlar pullarını potensial kommersiya bizneslərinə qoyur, amma bu bizneslər dünya üçün müsbət şeylər edir. Bu comərd addımdır və açığını desəm milyard və ya milyon dollar qazandıqları onları maraqlandırmır”, Forbes jurnalının şef redaktorunun yardımçısı Luiza Krol deyib.

Forbes jurnalına əsasən, realiti TV ulduzu və makiyaj maqnatı Kayli Cenner isə artıq Birləşmiş Ştatlarda öz gücünə milyarder olan ən gənc insandır.

21 yaşlı Cenner Kylie Cosmetics şirkətini 2016-cı ildə təsis edib. Jurnal Cennerin təkbaşına sahib olduğu şirkətin dəyərinin hazırda 900 milyon dollar olduğunu bildirir. Kayli Cennerin xalis aktivlərinin ümumi dəyəri isə 1 milyard dollardır.

Kayli Cenner

Kayli Cenner

Kroll deyir ki, onun siyahıya daxil olması bir çox müzakirələrə səbəb olacaq.

“Onun sərvətini öz hesabına əldə edib-etmədiyinə dair çoxlu söz-söhbət olacaq. Şübhəsiz ki, o, ailəsinin və özünün şöhrətindən istifadə edə bilib. O, kosmetik məhsullar hazırlamağa və onları Instagram hesabı vasitəsilə və onlayn satmağa başladı. Satışlar isə kəskin artmağa başladı”, Krol deyir.

Bundan əlavə siyahıda nəzərə çarpan məqamlardan biri də 44 çinli milyarderin olmasıdır, bu isə digər ölkələrlə müqayisədə ən yüksək göstəricidir.

Donald Tramp da dünya milyarderlər klubunda öz yerini qoruyub saxlaya bilib. Onun xalis aktivlərinin dəyəri ötən ilki kimi 3.1 milyard dollar təşkil edib.