“Bizdən istədikləri rüşvəti kreditlə ödəməyə hazırıq” - 7 aydır evinə qaz sayğacı qoydura bilməyən Şəki sakini PREZİDENTƏ MÜRACİƏT ETDİ

Baxış sayı:
6667

Şəki rayon Baş Göynük kənd sakini Məmmədov Ülkər İsmayıl oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına növbəti şikayıt məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə müraciət edən şikayətçi evinə qaz sayğacı qoyulmamasına etiraz edir: “Şəxsi evimizə hər təsərrüfata və ailəyə görə qaz sayğacının qoyulması ilə bağlı 7 fevral tarixli müraciətimdən dərhal sonra məni Şəki Qaz İdarəsinin müdiri öz kabinetinə dəvət etdi. Bildirdi ki, gərək şikayət etməzdən əvvəl bizə məlumat verəydin. Dedim ki, axı sizin işçilərinizlə dəflərlə bu barədə söhbət etmiş, kənd icra nümayəndəliyindən alıb, arayış da vermişdim. Kəndə qayıtdıqdan sonra - sabahı gün yenə qaz idarəsinin texniki işçiləri evimizə gəlib bildirdilər ki, bu çox çətin işdir, hara müraciət etsəniz də, qaz sayğacı qoya bilmərik. Cənab Prezident! Mən Şəki Qaz İdarəsi işçilərinin hansı əsasla mənə belə cavab verməsinin səbəbini bilməsəm də, onu dəqiq bilirəm ki, mən sadə kənd adamıyam. Qazancım da gündəlik çörəyə güclə yetir. Energetika naziri, cənab Rövnəq Abdullayev və Əkbər müəllim sayğac məsləsinə köməklik etmələri barədə birinci ərizəmə məsuliyyətsiz yanaşmalarına görə, bu dəfə Sizə müraciət etmək zorunda qaldım. Güman edirəm ki, energetika nazirinin, SOCAR prezidentinin və “Azəriqaz” şefinin gücü çatmayan işə Sizin köməkliyiniz dəyə bilər. Xahişimiz budur ki, qoca anamla birlikdə ayrıca yaşayan qardaşım Mehrəli Məmmədova bir qaz sayğacı, mənim də ayrı yaşayan ailəmə ayrıca qaz sayğacının quraşdırılmasına köməklik göstərəsiniz. Cənab Prezident! Sizə tam məsuliyyətimlə bildirmək istəyirəm ki, bizim yaşadığımız Baş Göynük kəndində bir çox evlərdə birlikdə yaşayan qardaşların hər birinə Şəki Qaz İstismar İdarəsi ayrı-ayrılıqda qaz sayğacı quraşdırıb. Və təbii ki, pulunu da alıb, mənimsəyiblər. Belələri 40-45 evdir. Amma mən də eyni qayda ilə müraciət edəndə əvvəlcə soruşurlar ki, nə işlə məşğulsan. Biləndə ki, hansısa fermerin mal-qarasına çobanlıq edib birtəhər çörək qazanıram, o zaman "Qaz qanunları" dərhal mənə və qardaşıma tətbiq olunur. Heç narahat olmasınlar, biz onların istədiyi rüşvəti kreditlə ödəməyə hazırıq, təki bizim işimiz düzəlsin, bizi bezdirməsinlər. Qeyd: Artıq 7 aydır ki, sayğacla bağlı yuxarı orqanlara müraciətlər etsəm də Şəki Qaz İstismar İdarəsi “Dədədmi də öldürsən, qaz sayğacı quraşdıran deyiləm”, - deyib, durur. Heç kimi də vecinə almır. Belə vicdansız yanaşmadan heç xoşum gəlmir. Bizim tərəfdə ata-babalarımız həmişə deyərdi ki, pulu kişi kimi qazanarlar. Amma görünür, qaz məmurları pullarını almayınca bizə qaz sayğacı qoyan deyillər. Çox təəssüf edirəm...”. Muxalifet.az Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.