BEYNƏLXALQ BANKIN YASAMAL FİLİALI VƏ 3 SAYLI ASAN XİDMƏTİN ADI KEÇƏN DƏLƏDUZLUQ OLAYI… - Bakı sakininin mənzili özünün xəbəri olmadan girov qoyulub…

Baxış sayı:
1956

Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, ev 18, mən 35-də yaşayan Rzayeva Fəridə Meyli qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Doğma qardaşı Ələmov Rahim Meyli oğlu tərəfindən dələduzluğa məruz qaldığını iddia edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Həyat yoldaşım Rzayev İltifat Qüdrət oğlu 2012-ci ildə vəfat etmişdir. 2013-ci ildə qardaşım yoldaşımdan qalan mənzilin mənim adıma özəlləşdirməsinə köməklik göstərəcəyini bildirmiş, öz dəsti-xətti ilə yazdığı kirayə müqaviləsi ərizəsinə məni aldadaraq, savadsızlığımdan, yaşlılığımdan sui-istifadə edərək əsl imzamı atdırmışdır. Övladlarımın adından öz dəsti-xətti ilə yazdığı icarə müqaviləsi ərizələrinə saxta imzalar göstərməklə, 45 saylı notariat kontorunun rəisi Şükürov Tofiq Gülabbas oğlu ilə əlbir olub, təsdiqlətdirmişdir.
Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Departamenti ilə işbirliyi quraraq, məndən xəbərsiz, adıma gizli yolla, saxtakarlıqla bağladığı müqaviləni özündə saxlayıb, məndən gizlədir. Özəlləşmə ərizələrini bir kənara qoyaraq, çirkin niyyətinə nail olmuşdur. Adıma aldığı sərəncamda mənim adıma yeni şəxsi maliyyə hesabı açdırmışdır. Mənzilimi dövlətə satıb və yaxud girov qoyub. Müqavilə məndə olmadığından tam məlumatım yoxdur. Maliyyəni Beynəlxalq Bankın Yasamal filalından götürərək, mənim xəbərim olmadan mənimsəmişdir. Bank mənzilə baxmadan, bizə məlumat vermədən mənim adıma maliyyə vermişdir. Mənə məlum olmayan məbləği gizli yolla qardaşım Ələmov Rahim Meyli oğlu almışdır.
Xahiş edirəm, bu məsələ ciddi araşdırılsın, sədr Abbas İbrahimovun diqqətinə çatdırılsın. Bu məsələdə qardaşım Ələmov Rahim Meyli oğluna doğma qardaşlarım Ələmov Yusif Meyli oğlu, Ələmov Akif Meyli oğlu, Ələmov Röşən Meyli oğlu və doğma bacım İbadova Kamilə Meyli qızı yaxından köməklik göstərmişlər. 119 saylı “JEK”-in keçmiş müdiri, hal-hazırda müdir müavini Vidadi Əliyev köməklik etmişdir.

Sahil qəsəbəsinin icra nümayəndəsi və bələdiyyə nümayəndəsi mənim razılığım olmadan, məndən xəbərsiz, gizli yolla AKT vermişdir. 1083 saylı poçtun rəhbəri Sevil xanım da yaxından köməklik etmişdir. Hələ də bu günə qədər qardaşım Rahimlə əlbirdir. 3 nömrəli Asan Xidmətin Reyestr Şöbəsində çalışan gənc qız qardaşım Ələmov Rahim Meyli oğlu ilə əlbir olaraq, Dövlət Mülkiyyətli çıxarışı mənə Xüsüsi Mülkiyyət çıxarışı kimi təqdim etmişdir. Mənim savadsızlığımdan sui-istifadə etmişlər.
Dövlət müəssisəsi olduğundan və doğma qardaşım olduğundan məni aldatmalarını başa düşməmişəm. 1 saylı Bakı şəhər Ərazi Reyestr xidməti idarəsi adıma məndən xəbərsiz hesab köçürmüşdür. Mənzilimə baxış keçirilməmiş, mənə heç bir məlumat verilməmişdir. Xahiş edirəm, bu məsələ ciddi araşdırılsın, rəis Nigar Alimovanın diqqətinə çatdırılsın.
13.01.2018-ci ildə mənzilimi satarkən, bu məsələnin üstü açılmışdır. Aidiyyəti üzrə bütün qurumlara müraciət etmişəm, saxta icarə müqaviləsi ərizələri təqdim etmişəm, hələ də bu günə qədər saxta ərizələri ekspertizaya göndərməyiblər, cinayəti ört-basdır edirlər.
Qaradağ Rayon Məhkəməsində övladlarım saxta ərizələrin ekspertizasını tələb etdi. Hakim Gülnar Əhmədova vəkilimiz Qulamov Ceyhun Oktay oğlu ilə əlbir olaraq iddianı dəyişdilər, saxta ərizələrin yerinə ekspertizaya notariatın qeydiyyat kitabını göndərdilər. Biz bu ədalətsizliyi görüb məhkəməni dayandırdıq.
3 məhkəmə keçmişəm, ədalətsizlik olub, saxta ərizələr ekspertiza olunmayıb, ədalətsiz qərardadlar verilib. Ali Məhkəmənin qərarından narazı qalıb 19.01.2019-cu ildə vəkilim tərəfindən poçt vasitəsi ilə Plenium Məhkəməsinə əlavə kassasiya şikayəti göndərilib. 22.01.2019-cu ildə icraata daxil olmuşdur, hələ də bu günə qədər iddiam sədr Ramiz Rzayevdən gizlədilir, mülkü işimə baxılmır. Dəfələrlə Məhkəmə Hüquq Şurasına şikayət etmişəm, heç bir köməklik yoxdur.
Sizdən artıq dərəcədə xahiş edirəm, müqavilə aşkara çıxarılsın, bu məsələ ciddi araşdırılsın, saxta yollarla mənim adımdan dövlətdən mənimsənilən maliyyə dövlətə qaytarılsın. Və mənim mülküm qanuni şəkildə özümə qaytarılsın.

Mənə məlum oldu ki, qardaşlarım Rahim, Akif, Yusif, Röşən və bacım Kamilə mənim mənzilimin üzərində saxtakarlıqla, dələduzluqla, mənim və övladlarımın razılığı olmadan dövlətdən saxta yollarla mənim adımdan maliyyə mənimsəyiblər, sahibkarlıqla məşğuldurlar, market işlədirlər, əlbirdir və şərikdirlər. Qardaşlarım və bacım aldatma yolu ilə pay alıb, adlarını zərfə qoydurublar, sahibkarlıq üzərində qeyri-qanuni idarəçilik edirlər. Nə notariat kontoru, nə məhkəmə, nə də aidiyyəti qurumlar aldatma yollu ilə alınan payı aşkara çıxartmırlar, məndən gizlədilir, cinayət ört basdır olunur. Mən narazıçılıq bildirirəm, saxta yolla qurulan sahibkarlıq, aldatma yolu ilə alınan pay qanunsuz, etibarsız sayılsın. Bu insanlar cinayətlərini ört-bastır etməkdən ötrü övladlarımı və məni şərləməklə hədələyirlər. Dövlətimizə güvənirik, müdafiəmizə qalxmasını istəyirik.
Xahiş edirik ki, bu şikayətimiz Daxili İşlər naziri cənab Vilayət Eyvazova, Ədliyə naziri cənab Fikrət Məmmədova, Baş Notoriat kontorunun rəisi cənab İlqar Məmmədova, Baş prokuror cənab Kamran Əliyevə, Ali Məhkəmənin sədri cənab Ramiz Rzayevin diqqətlərinə çatdırılsın. Xahiş edirik ki, bu dələduzlar ciddi cəzalandırılsınlar, qanun qarşısında cavab versinlər”.
Muxalifet.az
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.