​Bakıda əyləncə mərkəzində narkotik satışı - DTX-dan əməliyyat, MƏHKƏMƏDƏN CƏZA

Baxış sayı:
6136

Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda psixotrop maddə gətirməkdə ittiham olunan Ələkbər Məmmədov, Şəmistan Mustafayev və Cəlal Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. B gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. Ələkbər Məmmədov 7 il 6 ay, Şəmistan Mustafayev 5 il 6 ay, Cəlal Qasımov isə 3 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə gətirilmiş külli miqdarda psixotrop maddə olan MDMA həblərinin (ekstazi) qanunsuz yayılmasının qarşısı alınıb. Belə psixotrop maddələri qaçaq yolla ölkəyə gətirib qanunsuz olaraq gənclərin toplaşdıqları müxtəlif məkanlarda müntəzəm yayılmasını təşkil etməkdə şübhəli bilinən Ələkbər Məmmədov və Şəmistan Mustafayev 2017-ci il martın 15-də saxlanılıblar. Araşdırma zamanı külli miqdarda psixotrop maddə olan MDMA həbləri, habelə külli miqdarda güclü təsiredici “Preqabalin” maddələri aşkar edilərək götürülüb. Daha sonra Cəlal Qasımov da saxlanılıb. Ələkbər Məmmədov Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri saxlama, satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), Şəmistan Mustafayev 29, 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri saxlamaya və satmaya cəhd, külli miqdarda törədildikdə) və Cəlal Qasımov 29, 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlamaya və satmaya cəhd) maddələri ilə ittiham olunub.