Bakıda Putinə sui-qəsdin qarşısını alan FTX polkovniki… – MƏHKƏMƏ ONU AZADLIĞA BURAXMADI

Baxış sayı:
628

Moskvanın Lefortovo rayon məhkəməsi Rusiya prezidenti administrasiyasının vətəndaşların konstitusion hüquqlarının təminatı idarəsinin  nəzarət-təftiş departamentinin keçmiş rəhbəri Mixail Qorbatovun vaxtından əvvəl azadlığa buraxılması barədə vəsadəti təmin etməyib. Keçmiş FTX polkovniki Mixail Qorbatov dələduzluğa görə məhkum olunub, bundan əvvəl isə Moskvada “Nord-Ost” müzikli zamanı çeçen yaraqlılarının girov götürdüyü şəxslərin azad edilməsi əməliyyatında iştirak edib, habelə 2000-ci illərin əvvəllərində prezident Vladimir Putinin Bakıya səfəri zamanı ona qarşı planlaşdırılan sui-qəsdin qarşısını alıb.

“Kommersant” qəzeti yazır ki, məhkəmə və dövlət ittihamçıları bu məqamların daha əvvəl Qorbatova qarşı çıxarılmış hökmdə yüngülləşdirici məqamlar kimi nəzərə alındığını bildiriblər. “Lefortovo” təcridxanasının administrasiyası isə məhkəmədə Qorbatovun tərəfində durub, onun barəsində müsbət xarakteristika verib.

Polkovnik Qorbatov 2018-ci ildə həbs olunub. O, xüsusilə iri məbləğdə dələduzluq işi üzrə tutulub. Zərərçəkənlərdən biri “Transportnıy” bankının sahibi Aleksandr Mazanovdur. Mazanov çekistə 450 min dollar verərək barəsindəki cinayət təqibindən qurtarmağa çalışıb. Əslində isə Mazanovun barəsində FTX heç bir cinayət işi qaldırmamışdı və polkovnik Qorbatov bankiri bu adla qorxudaraq onun pulunu ələ keçirmişdi.

2019-cu ilin iyulunda Moskva hərbi məhkəməsi Qorbatovu 4 il yarım həbsə məhkum edib. O, həbsxanaya göndərilməli olsa da “Lefortovo” təcridxanasında saxlanılıb. Bu, Qorbatovun adının FTX-nin milyarder-polkovniki, hazırda həbsdə olan Kirill Çekalinin işi üzrə əsas şahidlərdən biri keçməsi ilə bağlıdır.

Vəkili məhkəmədə Mixail Qorbatovun keçmişdəki xidmətlərini nəzərə almağı xahiş edib. Bildirib ki, o Şimali Qafqazda döyüş əməliyyatlarında iştirak edib, həmkarları ilə birlikdə 2002-ci ildə “Nord-Ost” müzikli zamanı girov götürülənlərin azad edilməsi planını hazırlayıb. 2001-ci ildə isə prezident Vladimir Putinin Azərbaycana səfəri zamanı ona qarşı planlaşdırılan sui-qəsdin qarşısını alıb. Amma məhkəmə bu məqamları nəzərə almayıb.

Həmin sui-qəsd cəhdi barədə əvvəllər dəfələrlə yazılıb. Xatırladaq ki, terrorçular Putinə Bakıda Şəhidlər Xiyabanını ziyarət zamanı hücum etməyi, xüsusi üsulla hazırlanmış bombanı partlatmağı planlaşdırmışdılar.  Hücumun təşkilatçısı Əbdürəhrəman Buhari kimi tanınan İraq vətəndaşı ,  milliyətcə kürd olan Kənan Əhməd Rostam idi.

Plana əsasən SİM kartlarla birləşdirilmiş bir neçə bomba partlamalı idi, lakin Azərbaycan və Rusiya xüsusi xidmət orqanlarının səyi nəticəsində bunun qarşısı alınıb. Terrorçunun yaxalanması Çeçenistanda yaraqlıların qruplaşmasına başçılıq edən terrorçu Xəttabın telefon danışıqlarının izlənilməsi sayəsində mümkün olmuşdu./virtualaz.org