Bakıda məişət tullantıları niyə vaxtında daşınmır? – SAKİNLƏR ELDAR ƏZİZOVUN PROBLEMƏ MÜDAXİLƏSİNİ GÖZLƏYİR

Baxış sayı:
4903

Son vaxtlar Bakıda məişət tullantılarının vaxtında daşınmaması ilə bağlı redaksiyamıza çoxsaylı şikayətlər daxil olmaqdadır. Ən qəribəsi isə odur ki, sakinlər bu problemin Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılandan sonra daha da artdığını deyirlər. Xatırladaq ki, sentyabrın 9-da Muxalifet.az saytında işıq üzü görən “Bakıda zibil yeşikləri niyə öz yerinə qoyulmur?” sərlövhəli yazıda da məişət tullantılarının daşınması sahəsində yaranmış problemə diqqəti yönəltmişdik. Həmin məqalədə qeyd etmişdik ki, paytaxtda zibildaşıyan maşında çalışan işçilər qutuları boşaltdıqdan sonra, onları öz yerinə qoymaq əvəzinə, kənara atır. Bu isə, təbii olaraq ətrafda üfunət iyinin yayılmasına səbəb olur. Güman edirdik ki, həmin yazıdan sonra BŞİH rəhbərliyi bu sahə üzrə səlahiyyətli şəxslərə daha diqqətli olmağı tapşıracaq, böyük zəhmət və vəsait hesabına başa gələn zibildaşıma işlərinin hansısa işçinin məsuliyyətsizliyi ucbatından yarıtmaz vəziyyətə salınmasının qarşısını alacaqdır. Çünki, bu, paytaxtın təmizliyi ilə yanaşı, hər bir sakinin sağlamlığı üçün də vacib şərtdir. Lakin bu sahədə şikayətlərin daha da artmasını, xüsusən də məişət tullantılarının vaxtında daşınmadığı səbəbindən paytaxt küçələrini üfunət qoxusunun bürüdüyünü nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, yaranmış problem BŞİH-in yeni rəhbərliyini çox da narahat etmir. Doğrudur, hazırda BŞİH rəhbəri vəzifəsini icra edən Eldar Əzizovun bu posta təyin olunması elə də uzun zaman deyil. Amma, inanmaq istərdik ki, cənab Əzizov əhalini narazı salan bu kimi xoşagəlməz halların qarşısını tezliklə alacaq. Çünki, BŞİH-in bu problemi həll etmək üçün istər maliyyə, istər də texniki cəhətdən kifayət qədər imkanları olduğu şübhəsizdir. Və bu məsələnin həlli üçün heç də həftələr və aylarla gözləməyə ehtiyac yoxdur. Yəqin ki, Eldar Əzizovun bircə göstərişi ilə problemi qısa müddətdə həll etmək mümkündür. Hansı ki, Hacıbala Abutalıbovun BŞİH-ə rəyhbərliyi dönəmində əhalinin böyük əksəriyyəti zibilin necə daşındığından xəbərsiz olurdu. Çünki məişət tullantıları əksər hallarda gecələr daşınırdı. Son vaxtlar isə, belə bir fakta demək olar ki, rast gəlinmir. Muxalifet.az Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.